Ombudsman Qərbi azərbaycanlılarla bağlı BMT-nin Ali Komissarına məktub ünvanlayıb Siyasət

Ombudsman Qərbi azərbaycanlılarla bağlı BMT-nin Ali Komissarına məktub ünvanlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandiyə vaxtilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdış hüququ ilə bağlı məktub ünvanlayıb.

Bu barədə Ombudsmanın mətbuat xidmətindən məlumat verilib

Ombudsman məktubda beynəlxalq hüquqa zidd olaraq, soydaşlarımızın indiki Ermənistan ərazisindən etnik təmizləmə siyasəti nəticəsində müxtəlif dövrlərdə sistemli şəkildə deportasiya olunduqları barədə məlumat verib.

Məktubda qeyd olunub ki, bir sıra beynəlxalq hüquqi sənədlərdə, o cümlədən BMT Baş Assambleyasının 194 saylı qətnaməsində insanların qayıdış hüququ fundamental insan hüququ kimi tanınır və hər bir fərdin öz vətəninə geri dönmək hüququ vardır. Eyni zamanda, beynəlxalq hüququn ümumi prinsiplərinə əsasən qayıdış hüququnun yalnız öz torpaqlarından zorla qovulmuş şəxslərə aid edilmədiyi, eləcə də onların ailə üzvləri və gələcək nəsillərinin də bu hüquqdan istifadə etməsinin, dəymiş maddi və mənəvi zərərə görə kompensasiya tələb etmə hüququnun tanındığı qeyd olunub.

Müvəkkil Filippo Qrandiyə ünvanladığı məktubda onun mandatı çərçivəsində tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması və bu məsələnin qlobal insan hüquqları gündəminə çıxarılması üçün fəal təşəbbüslərlə çıxış etməsinin vacibliyini vurğulayıb. Həmçinin bu həssas məsələnin BMT-nin aidiyyəti hesabatlarında və tövsiyələrində əks olunmasına dəstək göstərməyə çağırıb, bu kimi fəaliyyətin bölgədə uzunmüddətli sülhə və ədalətin bərqərar olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.