Sarkisyan İrana nəyə gedir? Siyasət

Sarkisyan İrana nəyə gedir?

Sədrəddin Soltan: "Ermənilər İranı alternativ havadar kimi istifadə edə bilər"

"Bildiyiniz kimi Sarkisyan indi məzuniyyətdədir və o, sırf Ruhaninin andiçmə mərasimi üçün məzuniyyətini yarımçıq kəsərək İrana gedəcək. Bu da onu göstərir ki, İranla Ermənistan arasında münasibətlər çox isti və dərindir. Digər tərəfdən də Ermənistan prezidenti bununla bir jest edir. Bəlkə də Rusiyaya bir alternativ kimi İranı göstərir. Çünki ermənilərin İrandan asılı olduğu çox məqam var", - bu sözləri "Orta Doğu" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Sədrəddin Soltan Ser Sarkisyanın avqustun əvvəlində İrana gözlənilən səfərini şərh edərkən deyib.
O, İranın Ermənistana hərtərəfli yardım edə biləcək ölkə olduğunu qeyd edib:
"Baxın, Rusiya Ermənistana üçüncü bir ölkə vasitəsi ilə yardım edirsə, Ermənistanla İran arasında quru sərhəd mövcuddur. Yəni İran Ermənistana hərtərəfli yardım edə bilər. Əgər perspektivdə Rusiya Ermənistana ciddi təzyiq göstərərsə, ermənilər İranı alternativ havadar kimi istifadə edə bilər. Təbii ki, bu bir ehtimaldır. Çünki ermənilərin o gücü yoxdur ki, Rusiyanın qarşısında at oynatsın. Ermənistan Rusiyanın bir əyalətidir, sadəcə adına dövlət deyirlər".
S.Soltan "Ermənistan və İran arasındakı yaxınlaşma Dağlıq Qarabağ məsələsinin perspektivi üçün nə vəd edir" sualını belə cavablandırıb: "İyulun 4-də Alxanlıda Zəhra balamız şəhid oldu. Hər zaman özünü məzlumların pənahı adlandıran İran İslam Respublikasının məsələyə münasibəti olmadı. Hadisədən bir həftə sonra İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti gözdən pərdə asmaq üçün açıqlama verdi ki, gərginliyin yaranmasında maraqlı deyillər. Yəni hadisəyə ciddi yanaşmadılar. Halbuki Avropa mediası hadisəyə görə Ermənistanı qəti şəkildə tənqid etdi. İran özünü dünyanın aparıcı dövlətlərindən biri kimi göstərməyə çalışır. İndiyədək İran Ermənistana heç vaxt aşkar şəkildə "təcavüzkar" deməyib. Azərbaycanın ədalətli mövqeyini heç vaxt açıq şəkildə müdafiə etməyib. Ümumiyyətlə, İran Dağlıq Qarabağ məsələsində nə vaxt vasitəsçi kimi iştirak etmək istəyibsə, həmişə Azərbaycana ziyan dəyib. Əksinə, ermənilərin xeyrinə işləyiblər. Ermənistan özü də etiraf edir ki, 1992-ci ildən bu günə qədər Ermənistanın bölgədə dövlət kimi var olmasında əsas səbəb İrandır. Yoxsa, bilirik ki, ermənilər vətənini dabanında daşıyan etnik qrupdur. Onlar üçün vətən anlayışı, torpaq anlayışı ciddi deyil. Onlar Argentinada da dövlət qura bilər, lap Rusiyanın Krasnodar əyalətində də. Onlar üçün vətən anlayışı bu cürdür".
Siyasi ekspert İranın Ermənistanı müdafiə etməsinin isə tamamilə məqsədli şəkildə olduğunu bildirib:
"Bu illərdir davam edən bir prosesdir. İranı Rza şahın dövründən bu günə qədər idarə edən sistem fars düşüncəli sistemdir. Hansı ki, bu sistem İran ərazisində türklərin milli varlıq kimi yaşamasını danır. Ermənistanın açıq-aşkar işğalçı adlanmaması təsadüfi deyil. Bu sistemdə hesab edilir ki, türklərə kim düşməndirsə, onlarla dostdurlar. Sadəcə olaraq, İrandakı türklərin çoxluğu İranı Azərbaycanla nisbətən mülayim davranmağa vadar edir. İran istəmir ki, qonşuluğunda böyük bir demokratik respublika olsun. Çünki bu respublikanın mövcudluğu İrandakı mərkəzdənqaçma milli hərəkatlarına implusdur. Çünki İranda təkcə Azərbaycan türklərinin yox, həm də ərəblərin, türkmənlərin milli hərəkatları var. Ona görə İran davamlı surətdə Azərbaycanın zəif düşməsini istəyir və Ermənistandan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir".