Türkiyədən Ermənistana və Qarabağa yüzlərlə PKK-çı keçib Siyasət

Türkiyədən Ermənistana və Qarabağa yüzlərlə PKK-çı keçib

Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin başqanı Göksül Gülbey Ermənistanın PKK/PEJAK terror təşkilatı ilə işbirliyinə dair yeni sensasion iddia irəli sürüb. Türkiyədə nəşr olunan "Vətən" qəzetinin verdiyi məlumata görə, Göksel Gülbey Ermənistanın Sevan gölü yaxınlığındakı Vardenis bölgəsində və işğal altındakı Qarabağ torpaqlarında PKK-çılar üçün 12 təlim-yerləşmə düşərgəsi qurduğunu deyib.
ASİMDER rəhbərinin sözlərinə görə, ötən ilin aprel döyüşlərindən sonra kürd terror qruplaşmalarına mənsub olan 400-dən çox yaraqlı Türkiyənin Ağrı bölgəsinin Tendürek kəndi istiqamətindən Ermənistana keçib. Onlardan 150-si Suriya erməniləri, qalanları Suriya, Türkiyə, İran və İraq kürdlərindən təşkil olunub. Həmin qrup Vardenisdəki düşərgədə əvvəldən yerləşən 80 PKK-çı ilə birləşib.
Yaraqlıların Türkiyədən Ermənistana keçidinə terror təşkilatının "Ağrı qartalları" adlı birliyinin Livan Qaradağ, Hemaran Kervaçiyan və Servet Bagopşin adlı rəhbərləri başçılıq ediblər. Həmin terrorçular daha sonra Ermənistandan Qarabağa keçiblər. Göksel Gülbey iddia edir ki, qrupun Qarabağa keçməsini əks etdirən videogörüntülərə malikdir və onları tezliklə yayacaqlar.
Qeyd edək ki, Göksül Gülbey bundan əvvəl də PKK-çıların Ermənistan tərəfindən Qarabağa yerləşdirildiyinə dair iddialar irəli sürüb. Onun bildirdiyinə görə, Qarabağda cəmi 12 PKK düşərgəsi və həmin düşərgələrdə 1750 PKK-çı var. Bu günlərdə isə sosial şəbəkələrdə PKK-çıların Ermənistandan Qarabağa keçməsini əks etdirdiyi iddia olunan videogörüntülər yayılmışdı. Həmin görüntülərə əsasən nizami ordu hissələrinə mənsub olmadığı görünən silahlı qrup çox güman ki, Laçın istiqamətindən piyada irəliləyir. Görüntülərin nə zaman çəkildiyi haqda məlumat yoxdur.