
Məhəmməd Əsədullazadə: "Bundan Azərbaycana qarşı provakasiyalarda istifadə edilə bilər"
"Rusiya-Ermənistan "birgə qoşun" yaradılması barədə 30.11.2016-ci il memarandumunu Rusiya prezidenti Vladimir Putin təsdiq etdikdən sonra Ermənistanın siyasi-hərbi rəhbərliyinin Qarabağ danışıqlarında daha da aqressiyanı artıracağı gözlənilir". Bunu Cənubi Qafqazda Sülf və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib: "Qeyd edək ki, rəsmi Kreml tərəfindən idarə olunacaq "birgə qoşunun" yeganə hədəfi Azərbaycana qarşı çəkindirici faktor yaratmaqdır. Bundan sonra, erməni rəhbərliyi işğal olunmuş ərazilər istiqamətində deyil, daha da Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz və Qazax istiqamətində hərbi təxribatları artıracaq. Məqsəd, Qarabağ danışıqlardan yayınmaq və Rusiya-Azərbaycanı qarşı-qarşıya qoymaqdır".
Politoloq bildirib ki,Ermənistan silahlı qüvvələri artıq dövlət sərhədində atəşkəsi pozur və yaşayış məntəqələrini hədəfə alır: "Göründüyü kimi, Rusiya tərəfindən "birgə qoşun" planı təsdiq ediləndən sonra ermənilər işğal olunmuş ərazilərdən kənarda fəallaşıblar. Qeyd edim ki, birgə qoşun deyəndə bu, sırf Rusiya hərbçilərindən ibarət olacaq. Burada əsasən "xüsusi təyinatlı dəstələrdən" ibarət olmaqla sərhəddə Azərbaycana qarşı provakasiyalardan da istifadə edilə bilər". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanın öz hərbi arsenalını gücləndirməsi, müasir silahlar alması, Ermənistan üzərində qələbəni şərtləndirir: "Bu da Moskvanı ciddi şəkildə narahat edir. Rəsmi Kremlin bu addımı Qarabağ münaqişəsini çıxılmaz vəziyyətə salmaqdı. Rusiyanın münaqişənin həlli ilə bağlı bundan sonrakı "diplomatik" gedişləri Ermənistanı qorumaq olacaq".
Müstəqil ekspert Rövşən Məmmədli isə bildirib ki, Azərbaycan dövləti Ermənistana öz işğalçı qoşunlarını heç bir qeyd şərt qoymadan, dərhal işğal olunmuş 20 faiz ərazilərimizdən çıxarılması üçün konkret vaxt qoymalıdır: "Bu baş verməzsə, torpaqlarımızı müharibə yolu ilə azad ediləcəyini heç nədən çəkinmədən ortaya qoymalı və gerçək müharibəyə də hazırlaşmalıdır. Həmçinin bu haqda bütün maraqlı dövlətləri, onların parlamentlərini, hökumətlərini məlumatlandırımalıdır. ATƏT-in Minsk qrupu dövlətlərinə, xüsusilə həmsədr dövlətlərə hərtərəfli məlumat verməli və onların da məsuliyyətini göstərməlidir. Bu müddətdə diplomatik faəaliyyətimiz yüz dəfələrlə artırılmalıdır. Bu müddətdə hayların işğal etdikləri ərazilərimizi necə xaraba qoyduqları, əsir insanlara hansı yol verilməz cinayətləri işlətdikləri, günaşırı törətdikləri hərbi cinayətləri dünyaya yayılmalı. hay vandalların işğal etdikləri ərazilərimizdə min illər boyu yaradılmış mədəniyyətimizi necə barbarlıqla məhv etdikləri, ekoloji təhlükələr yaratdıqları, böyük bir ərazini dünyanın cəhənnəminə çevirdikləri faktlarla sivil dünyaya çatdırılmalıdır". Rövşən Məmmədli qeyd edib ki, ordumuzun hərbi təlimləri gücləndirilməli, ordududakı neqativ hallara son qoyulmalı, öz işinin öhdəsindən gələ bilməyən zabitləri işindən kənarlaşdırmalı, öz xalqının marağına yox özgələrin marağına xidmət edənlərə lazımi dərs verilməli, ən əsası isə xalqı bütün ruhu ilə vətən azadlığı müharibəsinə hazırlamaq lazımdır: "Bir sözlə bütün dünya, xüsusilə maraqlı ölkələr, yaxın qonşu dövlətlər bizim gerçək müharibəyə hazırlaşdığımızı təxmin yox, gerçəkdən qəti şəkildə anlamalıdırlar. Verilən müddətdə hay diğalari torpaqlarımızı azad etməyəcəyi təqdirdə, müharibəyə başlamaq lazımdır".