“907” tarixin arxivinə atıldı Siyasət

“907” tarixin arxivinə atıldı

Avqust ayının 8-i Azərbaycanin diplomatiya tarixinə qızıl hərflərlə yazılan bir gün oldu. Həmin gün həm də müasir Azərbaycan tarixinin ən şanlı və şərəfli günü sayılmalıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ABŞ-ın paytaxtı Vaşinqtonda növbəti diplomatik qələbə qazanıldı. ABŞ-Azərbaycan ikitərəfli və ABŞ-Azərbaycan-Ermənistan üçtərəfli Vaşinqton zirvə görüşlərinin uğurla yekunlaşması bütün dünyanın diqqət mərkəzinə düşdü. Prezident İlham Əliyevin bu şanlı diplomatik zəfəri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.

ABŞ Prezidenti Donald Tramp deyib ki, biz Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq məhdudiyyətlərini aradan qaldırırıq. (“907-ci düzəliş”)

Azərbaycan Prezidenti İlham Əliyev də müsahibəsində bildirib ki,

907-ci düzəlişin ləğvi və strateji tərəfdaşlığa başlamağımız tarixi hadisədir.

“Bu ədalətsiz düzəlişin məhz mənim iştirakım ilə ləğv edilməsi çox simvolik xarakter daşıyır”, - İ.Əliyev qeyd edib.

Milli Məclisin deputatı Samir Vəliyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişin ləğvi haqqında qərar verməsi mühüm hadisədir. Bu, Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyması, eləcə də Azərbaycan diplomatiyasının uğurudur.

Deputat bildirib ki, 907-ci düzəliş ölkəmizə qarşı ədalətsiz qərar idi: “Bu sənədin tarixinə gəlincə, deyə bilərəm ki, 1992-ci ilin avqustunda ABŞ Konqresi tərəfindən qəbul olunan Azadlığa Dəstək Aktı SSRİ-in dağılmasından sonra Rusiya və yeni müstəqil digər dövlətlərdə demokratik idarəetmə və azad bazar iqtisadiyyatının formalaşdırılmasına yardım etməyi nəzərdə tutan sənəddir. Bura daha sonra humanitar, təhlükəsizlik və terrorizmlə mübarizə istiqamətləri də əlavə olunub. Həmin qanun müxtəlif istiqamətlərdə yol xəritəsi olmaqla geniş fəaliyyətlər paketidir. Lakin 1992-ci il oktyabrın 24-də Konqres bu qanuna 907-ci düzəliş edərək ABŞ hökumətinin hər hansı formada Azərbaycana birbaşa yardımını qadağan edib. Konqres bu düzəlişi Amerika Erməniləri Milli Komitəsinin lobbiçilik səyləri nəticəsində, Azərbaycanın guya Ermənistanı və keçmiş Dağlıq Qarabağ ermənilərini blokadada saxladığını “əsas gətirərək” qəbul etmişdi. Beləliklə, Azərbaycan 2001-ci ilə qədər Azadlığa Dəstək Aktından faydalanmayan yeganə postsovet ölkəsi olub”.

Millət vəkilinin sözlərinə görə, ABŞ-da 2001-ci il, 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədi ilə ABŞ Konqresi 2001-ci il oktyabr ayında prezidentə düzəlişin hüquqi qüvvəsini 1 illiyinə dayandırmaq səlahiyyəti verib, 2002-ci ilin yanvar ayında isə bu qərar o vaxtkı Prezident Corc Buş tərəfindən təsdiqlənib: “Konqres 907-ci düzəlişdən yan keçməklə Azərbaycana aşağıda göstərilən hallarda yardım edilməsinə imkan yaradılmasını icazə verib. Birincisi, beyəlxalq terrorizmə müqavimət göstərilməsi üçün ABŞ-ın səylərinə yardım etmə zərurəti olduqda; Beynəlxalq terrorçuluğa müqavimət göstərilməsi üçün ABŞ Silahlı Qüvvələrinə, yaxud koalisiya tərəfdaşlarına praktiki yardım edilməsinə hazır olmasına zərurət yarandıqda; Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacib olduqda və Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına və onun davamlılıq səylərinə mane olmadıqda və ya dəstəklədikdə, həmçinin Ermənistana qarşı hücum məqsədləri ilə istifadə edilmədikdə. Əslində, həmin sənədin qəbulu tam ədalətsiz və qərəzli idi. Çünki o zaman Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunmuşdu. Dövlətimiz BMT Nizamnaməsinə əsasən öz ərazi bütövlüyünü bərpa etmək hüququna uyğun olaraq hərbi əməliyyatlar aparırdı. Lakin Amerika konqresmenləri beynəlxalq hüququ görməzdən gələrək erməni diasporunun maliyyəsi sayəsində Ermənistana lobbiçilik edirdilər. Bunun da nəticəsi 907-ci düzəlişin qəbul edilməsi olmuşdu. Nəzərə almaq lazımdır ki, 1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Yəni, ölkəmiz humanitar fəlakət yaşayırdı və bizim o dövrdə humanitar yardımlara çox ehtiyacımız var idi. ABŞ isə o zaman 907-ci düzəlişi qəbul etməklə yardım göstərməkdən imtina etdi”.

Deputat bildirib ki, sonrakı mərhələdə Azərbaycanın ABŞ yardımlarına ehtiyacı yox idi. Çünki neft müqavilələrinin icrası nəticəsində iqtisadiyyatımız sürətlə inkişaf etdi, Azərbaycan yardım alan ölkədən, yardım edən ölkəyə çevrildi.

“Belə halda, 907-ci düzəlişin mövcudluğu mənəvi və siyasi cəhətdən arzuolunmaz idi. Çünki torpaqlarımızın 20 faizi hələ də, Ermənistanın işğalı altında qalırdı.

Bu gün isə artıq münaqişə mövcud deyil və Azərbaycanla Ermənistan Vaşinqtonda sülh yolunda tarixi addım atdılar. Belə bir şəraitdə Donald Tramp tərəfindən 907-ci düzəlişin ləğvi təbii qanunauyğunluqdur”.

Politoloq Çingiz Şahbazi deyib ki, ABŞ-ın 1992-ci ildə qəbul etdiyi 907-ci maddə və yaxud düzəliş, nəhayət Tramp hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan üzərindən qaldırıldı. Əlbəttə ki, başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla, bu hadisəni Azərbaycan hakimiyyətinin növbəti uğuru hesab etmək olar. Heç şübhəsiz ki, bu düzəliş ABŞ və Azərbaycan arasında yeni dövrün tələblərinə cavab vermirdi və düzəlişin qaldırılması deməyə əsas verir ki, sözün həqiqi mənasında ABŞ, Azərbaycana qarşı siyasətində dəyişiklik etməyə qərarlıdır və bu istiqamətdə yürütdüyü siyasətdə bütün keçmişlə bağlı maneələri aradan qaldirmaq qərarı alıb: “Cənab Prezident İlham Əliyevin əlbəttə ki, bu istiqamətdə yürütdüyü siyasəti qiymətləndirməmək xəsislik olardı və onun uzun zaman davam edən müdrik və uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün beynəlxalq aləmdə Azərbaycanın başı üzərindən yürüdülən çirkin siyasət tarixin zibilliyinə atılmaqdadır və ölkəmizin başı üzərindən qara qüvvələr uzaqlaşdırılmaqdadır. 907-ci maddə Azərbaycana yardımları məhdudlaşdırırdı və bu illər ərzində Ermənistandan fərqli olaraq ölkəmiz yalnız humanitar yardım ala bilmişdir. 2002-ci ildə, 907-ci maddəyə ABŞ Konqresində düzəliş olundu və bu düzəliş ABŞ prezidentinə aktı dayandırma imkanı verdi. ABŞ prezidenti Trampın Vaşinqtonda Azərbaycan Prezidenti ilə görüşü zamanı bu səlahiyyətindən istifadə edərək 907-ci düzəlişi durdurması ilə iki ölkə arasında yeni bir üfüqün açılmasına dair kardinatları vermiş oldu. 907-ci düzəliş ölkəmiz üçün bir tək maddi baxımdan əngəllər yaratmırdı, həmçinin bu aktın Azərbaycan üçün beynəlxalq aləmdə siyasi baxımdan da ziyanları olub. Xüsusilə də ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafında və əlaqələrin genişləndirilməsi istiqamətində gərginlik yaratmaq istəyən qüvvələrin əlində fürsət və bəhanə elementi kimi istifadə olunub. Artıq bütün bunlar arxada qaldı və nəhayət ədalət öz yerini tutmaqdadır. Sözsüz ki, ABŞ və Azərbaycan arasında əlaqələrin, istər siyasi, istərsə də iqtisadi baxımdan genişləndirilməsi bundan sonra daha da inkişaf edəcək və cənab Prezident İlham Əliyevin ABŞ-a səfəri və ABŞ prezidenti ilə səmimi görüşü ölkələrimiz arasında münasibətlərin yeni fazada qurulmasına imkan verəcəkdir”.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsrafil Kərimovun fikrincə, əvvəlki administrasiyanın hakimiyyətdə olduğu dörd il itirilmiş vaxt kimi qiymətləndirmək lazımdır. Çünki Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Hazirda isə ikitərəfli münasibətlərdəki vəziyyəy kğkündən dəyişib. Əlbəttə ki, Prezidentlərin şəxsi təmasları Azərbaycan-ABŞ münasibətlərində önəmli rol oynayacaq: “Bu gün 907-ci düzəlişin ləğv olunmasını tarixi hadisə hesab etmək olar. Bununla əlaqədar ölkə başçısının qeyd etdiyi kimi: ““Azadlığa dəstək aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi”.

“Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin artıq aradan qalxdığını göstərir. Beləliklə, bu, Prezidentin adından çox mühüm siyasi jest idi” – deyə cənab Prezident vurğulayıb.

İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra sülh müqaviləsi təşəbbüsünü məhz Azərbaycan irəli sürmüşdür. Savaş başa çatanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin başlanması zərurəti yaranmışdı. Həmin vaxt Azərbaycanın təşəbbüsü cavabsız qaldı. Daha sonra Azərbaycan tərəfi məlum əsas beş prinsipi ortaya qoydu və bunun üzərində sülh sazişinin mətnini də ölkəmiz hazırladı. Sonra Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüssel görüşləri keçirildi. bu zaman yenə də əsas fundamental məsələ tərəflərin bu məsələdə razılığa gəlməsinə imkan vermədi. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. Ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlandı.

Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi: “Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq”.

Cavid