Qərb-Rusiya müharibəsi iddiaları əsassızdır Gündəm

Qərb-Rusiya müharibəsi iddiaları əsassızdır

“Qərbin yaxın zamanda Rusiya ilə birbaşa müharibəyə girəcəyi ilə bağlı səsləndirilən fikirlər reallığı əks etdirmir və daha çox cəmiyyətlərdə qorxu yaratmağa hesablanmış iddialardır”.

Bunu politoloq Əli Oruclu “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, bu tip yanaşmalar zaman-zaman Rusiyanın özündə də gündəmə gətirilib və ictimai rəyi müəyyən istiqamətə yönləndirmək məqsədi daşıyıb:
“Avropaya belə bir müharibə lazım deyil. Ancaq Rusiyanın yaratdığı təhlükələrdən qorunmaq Qərbin təbii hüququdur. Bu, təhlükəsizlik maraqlarından irəli gələn yanaşmadır. Donald Trumpın hakimiyyətə qayıdışından sonra ABŞ xarici siyasətində ciddi dəyişikliklər baş verib. Onun sözlərinə görə, Ağ Evin “Birinci Amerika” siyasəti ənənəvi müttəfiqlik münasibətlərinə yeni yanaşma formalaşdırıb.Vaşinqton birtərəfli şəkildə öz milli maraqlarını ön plana çıxarmağa başladı. Bu isə Qərb müttəfiqləri tərəfindən birmənalı qarşılanmadı. Ukrayna-Rusiya müharibəsinə münasibətdə də Ağ Ev daha çox öz maraqları prizmasından çıxış edir və Moskva ilə birbaşa anlaşmaları üstün tutur”.

Əli Oruclu bildirib ki, Qərbdə Rusiyaya qarşı sərt mövqe tərəfdarları Moskvanın Ukraynadan sonra dayanmayacağını düşünür:
“Onların fikrincə, Rusiyanın növbəti hədəfi Baltikyanı və Qaradəniz hövzəsi ölkələri ola bilər. Bu baxımdan bəzi Avropa liderləri Ukrayna məsələsində daha radikal addımlar atmağa çalışırlar. Amma bu, heç də Rusiya ilə birbaşa müharibə anlamına gəlmir.
Avropada Rusiyaya simpatiya bəsləyən siyasi qüvvələr də mövcuddur və Yaxın Şərqdəki böhran onların mövqeyinə təsir göstərir.
İran-ABŞ qarşıdurması və Körfəzdə yaranmış gərginlik fonunda neftin qiymətinin artması Qərb iqtisadiyyatına mənfi təsir edir. Bu isə Rusiya enerji resurslarına marağı artırır və münasibətlərin yumşaldılması ilə bağlı çağırışları gücləndirir”.

Politoloq hesab edir ki, ABŞ-ın Avropanın təhlükəsizlik sistemindəki rolunu azaltması Almaniyanı daha fəal mövqe tutmağa vadar edir:
“Almaniya təhlükəsizlik məsuliyyətini öz üzərinə götürmək istiqamətində ciddi addımlar atır. Fransa nüvə dövləti kimi bu prosesdə mühüm rol oynamağa çalışır. Böyük Britaniyada da Avropa İttifaqı ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi barədə müzakirələr gedir. Bütün bu proseslər Avropanın yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edir və bunu Rusiyaya qarşı müharibə hazırlığı kimi qiymətləndirmək düzgün deyil”.

Günel Elxan