Azərbaycanla AŞPA arasında viza qalmaqalı Siyasət

Azərbaycanla AŞPA arasında viza qalmaqalı

Qurumun vitse-prezidentinə viza verməməsinin səbəbi bəlli olub
İşğal altındakı Dağlıq Qarabağa qanunsuz səfər ediyi üçün Rene Rukenun adı XİN-in "qara siyahı"sına salınıb

"Azərbaycan tərəfi Assambleyanın vitse-prezidenti, Fransanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rene Ruke ölkəyə daxil olmaq üçün viza verməkdən imtina edib".
Bunu APA-nın Avropa bürosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anna Brassör deyib.
O bildirib ki, AŞPA-nın mayın 22-23-də Bakıda keçiriləcək Bürosu və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün Azərbaycana səfər etməli olan Rene Rukeyə ölkəmizin Parisdəki səfirliyi tərəfindən viza verilməsi üçün Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyi ilə müzakirə aparıb: "Çox təəssüf ki, cavab mənfi oldu".
Assambleya sədri bununla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla da müzakirə apardığını, amma müsbət cavab ala bilmədiyini deyib.
O qeyd edib ki, bundan sonra Rene Ruke özü səfərdən imtina edib.
AŞPA sədri R. Rukeyə viza verilməməsinin səbəbini bilmədiyini də qeyd edib.
APA-nın apardığı araşdırma nəticəsində isə bəlli olub ki, R. Ruke bir neçə fransalı həmkarı ilə bir müddət əvvəl Azərbaycanın icazəsi olmadan Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər edib. Onlar separatçı rejimin təmsilçiləri ilə görüşlər də keçiriblər. Bundan sonra Azərbaycan tərəfi onları "persona non-qrata" elan edərək, ölkəyə girişlərini qadağan edib.
Qeyd edək ki, həmin şəxslərin adı Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı"sına da daxil edilib və saytında yerləşdirilib.