Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanıb Siyasət

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanıb

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 24-də Özbəkistana rəsmi səfərə gedib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Əvvəlcə Özbəkistan Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Görüşdə Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev dövlətlər arasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıq münasibətlərindən, o cümlədən prokurorluq orqanları arasında olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib. O, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini qeyd edərək, iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Özbəkistan - Azərbaycan münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də inkişaf etdirildiyini, hər iki dövlət başçısının siyasi iradələrinin təzahüri kimi 23 avqust 2024-cü il tarixdə Daşkənd şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"dən sonra reallaşan strateji layihələrin ölkələri daha da yaxınlaşdıracağını, xalqların rifahına xidmət göstərəcəyini qeyd edib.

Baş prokuror, həmçinin, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfərdən sonra, Özbəkistan dövləti tərəfindən Qarabağda aparılan geniş quruculuq bərpa işlərinə göstərilmiş dəstəyi xüsusi vurğulayaraq, 23 avqust 2023-cü il tarixdə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışını, hər iki dövlət başçısının iştirakları ilə cari ilin 2 iyul tarixində Bakı şəhərində Özbəkistan səfirliyinin yeni binasının açılışını və həmin tarixdə dövlət başçıları tərəfindən "Özbəkistan" parkının təməlinin qoyulmasını qeyd edib.

Görüş çərçivəsində Baş prokurorlar tərəfindən mövcud sahəvi əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında 2026-2027-ci illər üçün nəzərdə tutulmuş Əməkdaşlıq Proqramı" imzalanıb.

Proqramda tərəflərin "Cinayət yolu əldə edilmiş aktivlərinin xaricdən qaytarılması mexanizmləri" mövzusunda seminarda, prokurorluq orqanlarının kadr hazırlığı və ixtisasartırılması üzrə Özbəkistan Respublikasının Hüquq-mühafizə Akademiyasının illik konfransında iştirakları, həmçinin "Prokurorun işlərə məhkəmələrdə baxılmasında iştirakı" mövzusunda seminarın və "Prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması" mövzusunda "dəyirmi masanın" təşkili nəzərdə tutulub.

Bundan başqa, Baş prokuror Kamran Əliyev sentyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının 4-cü iclasında iştirak edib.