

BMT-nin ABŞ-da davam edən 80-ci yubiley sessiyası fonunda dünyada gedən münaqişəli proseslər bu proseslərə təsir etmək üçün yaradılmış təşkilatın heç bir imkanının olmadığı reallığı fonunda varlığını sorğulayır hala gəlir.
Bunu "Xalq Cəbhəsi"nə ƏHD Partiyasının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımov deyib.
O, qeyd edib ki, BMT varlıq səbəbindən kənarlaşaraq dövlətlərin sadəcə öz fikirlərini bəyan etmək və dialoqu klubuna çevrilib:
"BMT-nin beş daimi üzvünün geosiyasi maraqları üzündən təşkilat artıq heç bir problemin həllinə töhfə verə bilmir. Son dəfə BMT-nin hansısa münaqişə ocağını söz birliyi ilə birgə fəaliyyətlə sonlandırdığı kimsənin ağlına gəlmir. BMT sadəcə qərar qəbul etmək və bəyanat vermək yerinə çevrilib. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə BMT 4 qətnamə çıxardı. Amma bunlardan heç biri yerinə yetirilmədi. Axırda Azərbaycan dövləti məcbur olub bu qətnamələri əldə rəhbər tutaraq öz gücü hesabına verilən qərarları həyata keçirdi, öz torpaqlarını azad etdi. BMT-nin fəaliyyət prinsipləri artıq müasir dünyada öz aktuallığını itirib. BMT prosesləri sadəcə izləməklə məşğuldur. Dövlətlər arasındakı qütbləşmə BMT-nin fəaliyyətini iflic edib. Hesab edirəm ki, BMT genişmiqyaslı dəyişikliklərə getməlidir. Dünya bir neçə dövlətin əlində oyuncağa çevrilməməlidir. BMT-nin ciddi reformlara ehtiyacı vardır. BMT mandatı daşıyan güclü hərbi struktur yaradılmalıdır ki, münaqişələrə operativ müdaxilə etsin. Müsəlman ölkələri də qərar qəbul edilməsi prosesində aktiv yer almalı, BMT-nin daimi üzvlərinin sayı artırılmalıdır".
Cavid