

“Azərbaycanın əldə etdiyi təcrübəni öyrənmək olduqca vacibdir. Praktiki baxımdan sizin əldə etdiyiniz vərdişləri öyrənmək istərdik”.
APA xəbər verir ki, bunu Özbəkistan Prezident Administrasiyasının rabitə şöbəsinin sektor müdiri Dilşod Səidcanov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda deyib.
O bildirib ki, Media Forum Platforması bu sahənin alimlərinin və aparıcı simalarının bir araya gəldiyi olduqca vacib bir tədbirdir: “Ölkələr arasında belə tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Özbəkistanda Azərbaycana, Azərbaycanda isə Özbəkistana dair biliklərin artırılması istiqamətində işlər aparılmalıdır. İki ölkə arasında blogerlər və digər media sahələrində əməkdaşlıq imkanları genişləndirilməlidir.
İnformasiya dövrünü süni intellektsiz təsəvvür etmək mümkün deyil. Aydındır ki, ölkələr bu sahəni prioritet istiqamət kimi ön plana çəkirlər. Əlbəttə, biz blogerlərin də bu prosesdən kənarda qalması mümkün deyil. Bu bizim üçün son dərəcə vacib məsələdir.
Özbəkistanda son vaxtlar media sahəsində ciddi dəyişikliklər baş verib. Kütləvi informasiya vasitələri (KİV) üzərində nəzarət ləğv olunub. Qanunvericilik sahəsində vacib məsələlərlə tanış olmuşuq. Əsas məsələ ondan ibarətdir ki, KİV-lərin sayının artması müsbət haldır, lakin bu artım məzmun keyfiyyəti ilə də müşayiət olunmalıdır”.