Yaxın Şərq Sülh Sammiti: Azərbaycanın qlobal nüfuzu artır Siyasət

Yaxın Şərq Sülh Sammiti: Azərbaycanın qlobal nüfuzu artır

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə olub.

Azərbaycan Prezidenti sözügedən sammit çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif, İordaniya Kralı II Abdullah, Fələstin Prezident Mahmud Abbas, Macarıstanın Baş naziri Viktor Orban, Niderland Krallığının Baş naziri Dik Sxof, Fransa Prezidenti Emmanuel Makron və digərləri ilə görüşlər keçirib.

Ekspertlər hesab edirlər ki, dövlət başçısının sammitdə iştirakı, bir sıra ölkələrin liderləri ilə görüşü, aparılan müzakirələr Azərbaycan Prezidentinin beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Həmçinin Azərbaycanın hamının etibar etdiyi tərəfdaşa çevrildiyini göstərir.

Yaxın Şərq Sülh Sammiti və sammit çərçivəsində Prezident İlham Əliyevin müxtəlif ölkələrin liderləri ilə keçirdiyi görüşlər haqqında millət vəkilləri, politoloqlar “Xalq Cəbhəsi”nə danışıblar.

“İlham Əliyev milli maraqlardan geri çəkilməyən liderdir”

Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib ki, Donald Trampın Prezident İlham Əliyevi “güclü lider” kimi dəyərləndirməsi Azərbaycanın son illərdə yürütdüyü müstəqil və qətiyyətli siyasətin nəticəsi sayılır: “İlham Əliyev qlobal təzyiqlər və ziddiyyətli proseslər fonunda milli maraqlardan geri çəkilməyən liderdir. Azərbaycan bu gün regionda sabitlik və inkişaf xəttini müəyyən edən əsas gücə çevrilib. Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyünün bərpası və Cənubi Qafqazda yeni reallıqların yaranması məhz Bakının siyasi iradəsi ilə mümkün olub. Enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirib. Xüsusilə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr ölkəni strateji tərəfdaş kimi ön plana çıxarıb. Balanslı xarici siyasət, regional sabitliyə yönələn addımlar və dövlət maraqlarına əsaslanan qərarlar İlham Əliyevin liderlik üslubunu fərqləndirir. Bu siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş, sabitlik və inkişafın ünvanı kimi tanınır, İlham Əliyev isə beynəlxalq miqyasda nüfuzlu liderlər sırasında möhkəm yer tutur”.

“Xarici siyasətimizin uğurları qlobal aləmdə boy göstərir”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Azərbaycanın xarici siyasət uğurlarının miqyasını dərk etmək üçün ötən dövrə qısa nəzər yetirmək kifayətdir: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında xarici siyasətimizin uğurları regionun hüdudlarını aşaraq qlobal aləmdə boy göstərir. Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən 7-ci Zirvə görüşündə iştirakımız qədər liderlərin dövlət başçımıza olan yüksək ehtiramı, Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının Düşənbədə keçirilən sammitində iştirakımız və eynilə həmin ehtiram, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammiti, nəhayət, 12 oktyabr tarixində Türkiyə, Misir, Qətərin dəstəyi ilə ABŞ Prezidenti Donald Tramp əsas olsa da bütün dünyanın diqqətinin yönəldiyi Şarm əl-Şeyx sülh sammitində iştirakımız göstərir ki, dövlət başçımız fərqli coğrafiyalarda, müxtəlif formatlı görüşlərdə iştirak etməklə kifayətlənmir, mahir diplomat, dərin siyasət bilicisi kimi tamamilə əks baxışlara malik aktorlar arasında balans yarada bilir, uzlaşmaya nail olur. Misirin Şarm əl-Şeyx şəhərində Qəzzaya sülh gətirilməsinə nail olmaq üçün toplaşılan sammit dövlət başçımızın dörd fərqli coğrafiyada iştirak etdiyi dördüncü sammitdir”.

“Azərbaycan Prezidenti müəyyənləşdirdiyi hədəflərə çatmaq istiqamətində koordinasiyalı iş ortaya qoyur”

Politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti müəyyənləşdirdiyi hədəflərə çatmaq istiqamətində ardıcıl, prinsipial, koordinasiyalı iş ortaya qoyur: “Yalnız etiraf etmək kifayət deyil, qürurla, dönə-dönə vurğulamalıyıq ki, dövlət başçımız bu məqsədlərə siyasi savadı qədər, şəxsi keyfiyyətləri sayəsində nail olur. Məhz bunun nəticəsidir ki, ABŞ Prezidenti Donald Tramp dövlət başçımızı “öz işini bilən güclü lider” kimi bir daha dünyaya təqdim etdi. Məhz bu xarakteristika Cənubi Qafqaz kimi mürəkkəb regionun aparıcı aktoru olmağın çətinliyini izah edir, daha dərin mətləblərdən xəbər verir. Vaxt var idi Azərbaycan öz həqiqətlərini dünyaya çatdırmaq, aparıcı aktorları inandırmaq üçün gərgin iş ortaya qoyurdu. Bu gün bu siyasət forma dəyişdirsə də, məzmun eynidir. Bu məzmun hüququn aliliyində gizli, bir o qədər də açıqdır. Belə ki, Azərbaycan öz reallıqlarını məhz özü yaratdığı üçün müstəqil siyasət yürüdür. Yürüdülən siyasətdə yanımızda yer alan aktorlarla eyni vizyonu bölüşürük. Bu vizyon etimada, qarşılıqlı inama əsaslanır”.

“Suriyaya qaz nəql etməyimiz yaraların sağalmasına verdiyimiz töhfədir”

O həmçinin deyib ki, Azərbaycanın daxili siyasəti də, xarici siyasəti də qurucu meyillər üzərində qurulub: “Qarabağı tamamilə yenidən yaradan Müzəffər Liderimiz, bu təcrübəni Yaxın Şərq kimi çətin bir regiona daşıyır. Suriyaya qaz nəql etməyimiz artıq yaraların sağalmasına verdiyimiz töhfədir. Məhz bu amil Yaxın Şərqin bərpa və quruculuq işində yaxından iştirak etməyimizə yol açır. Azərbaycan Yaxın Şərq, ABŞ, ərəb ölkələri, İsrail üçün etibar edilən tərəfdaşa çevrilib. Bütün beynəlxalq əhəmiyyətli platformalarda, ayaqüstü təmaslarda belə Azərbaycan Liderinə yüksək ehtiram var. Bu ehtiram xalqımıza olan ehtiramdır. Azərbaycan xalqını hörmətə, ehtirama layiq xalq kimi dünyaya tanıdan məhz Prezident İlham Əliyev cənablarıdır. İstər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, istər Fransa Prezidenti Emmanuel Makronla, istərsə də Avropa liderləri ilə keçirilən görüşlər Azərbaycan Prezidentinin xarici siyasətinin son dərəcə düşünülmüş siyasət olduğunu hər dəfə sübut edir”.

“Dünya bu reallığı qəbul etmədi”

Siyasi şərhçi Şəhla Cəlilzadə diqqətə çatdırıb ki, Yaxın Şərqin qəzalı coğrafi taleyi olan Qəzzada uzun onillərdir bitməyən, zaman-zaman təkrar alovlanan savaşı birdəfəlik sonlandırmaq üçün bütün dünya inisiativi bir araya qoyaraq müəyyən nəticəyə gəlməyə çalışır: “Bu, hələ 1947-ci ildən BMT qətnaməsi ilə bəyan olunan “iki dövlətli həll modeli”nin reallaşdırılması istiqamətində yeni qlobal çağırışdır. Bu çağırışı, yəni Fələstin torpaqlarının bölünməsini əvvəlcə ərəb-müsəlman dünyası qəbul etmirdi, lakin İsraillə savaşlarda məğlubiyyət Fələstin üçün ayrılan torpaqların hər dəfə biraz daha kiçilməsi ilə nəticələnirdi. 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın hücumu ilə başlanan son savaş nəticəsində İsrail Qəzzanın 80%-ni tutdu və qonşu dövlətlərə, o cümlədən Misirə, İordaniyaya çağırış etdi ki, fələstinliləri uzun müddətə qəbul etsinlər. Bu reallaşsaydı, Fələstin dövlətinin tamamilə məhv edilməsi, fələstinlilərin öz tarixi torpaqlarından birdəfəlik silinməsi demək olardı. Lakin dünya bu reallığı qəbul etmədi, çünki dünyəvi ədalətə sığmırdı”.

“Ölkə Liderinə dünyəvi rəğbət hər keçən gün daha da artır”

Ş.Cəlilzadənin söylədiyinə görə, onsuz da dünyanın bir çox dövlətləri Fələstini faktiki müstəqil olaraq tanıyırdı, lakin bu ilin sentyabrında dünyanın aparıcı (G20) dövlətləri, o cümlədən Britaniya, Fransa, Kanada, Avstraliya və s. başda olmaqla Fələstini tanıyan ölkələrin sayı 150-ni keçdi: “Həmçinin İsrailə çoxsaylı siyasi təzyiqlər edildi. İƏT-Ərəb Liqası fövqəladə sammiti, BMT sammiti və nəhayət 13 oktyabrda Misirin Şarm-əl-Şeyx şəhərində baş tutan tarixi sülh sammiti İsrailə həyata keçirdiyi soyqırım siyasətini sonlandırmaq üçün təzyiq xarakteri daşıyırdı. Bu qlobal təzyiqlər fonunda İsrail tutduğu torpaqlardan mərhələli şəkildə müəyyən strateji pozisiyayadək geri çəkilməyi qəbul etdi. Qlobal dəstəyin önəmli rolu danılmaz olsa da Qəzza üçün, yəni Fələstin üçün keçirilən Yaxın Şərq Sülh Sammitində cəmi 20 ölkə iştirak edirdi. Çünki məhz bu ölkələr qlobal və regional siyasətin yenidən dizaynında aparıcı rol oynayırlar və bu ölkələrdən biri Azərbaycandır. Bu, Azərbaycanın sadəcə Cənubi Qafqaz coğrafiyasının geosiyasi yenidən dizaynında deyil, o cümlədən digər regionların yenidən qurulması, yeni inkişaf strategiyasının hazırlanmasında, başqa sözlə qlobal diplomatiyada mərkəz ölkələrdən birinə çevrildiyini göstərir. Elə buna görə də, ölkə Liderinə dünyəvi rəğbət hər keçən gün daha da artır. Azərbaycan Liderinə qlobal miqyasda artan rəğbətin səbəbi onun beynəlxalq hüququ və ədaləti sadəcə özünün liderlik qabiliyyəti və öz ölkəsinin hərbi-siyasi gücünə reallaşdıran 21-ci əsrin yeganə lider olması, yeni dünya müharibəsi adlandıra biləcəyimiz qlobal çaxnaşmalarla dolu proseslərin içərisindən strateji tərəfdaşlıqlar quraraq etibarlı adla çıxması ilə bağlıdır. Azərbaycan müasir dünya tarixi üçün münaqişələrin həlli istiqamətində ən gözəl nümunəni yaradıb və örnək sayılır”.

“Dünya liderləri İlham Əliyevə böyük rəğbətini ifadə edir”

Siyasi şərhçi diqqətə çatdırıb ki, bütün platformalarda məhz bu amilləri göz önünə alan dünya liderləri İlham Əliyevə böyük rəğbətini ifadə edir: “Prezident İlham Əliyevin sammit çərçivəsində Fransa və Türkiyə Prezidentləri Makron və Ərdoğan, həmçinin Avropa İttifaqı liderləri ilə görüşü xüsusi diqqət çəkir. İşğal dövrü, Vətən müharibəsi və hətta ondan sonrakı dövrün hadisələrinə nəzər saldıqda ölkəmizə qarşı ən qərəzli münasibət sərgiləyən dövlət olaraq Fransanın Prezidentinin belə cənab Prezident İlham Əliyevlə isti görüşü, səmimi qucaqlaşması Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq qarşısında bütün revanşist mövqelərin sarsıdıldığını sübut edir və bundan sonrakı periodda Azərbaycanın Avropa ilə, xüsusilə Fransa ilə münasibətlərinin inkişaf istiqamətində irəliləyəcəyi gözlənilir”.

Röya İsrafilova