
“II Azərbaycan–Özbəkistan Gənclər Forumunun Azərbaycanın Zəfər bayramı ərəfəsində keçirilməsi dərin rəmzi məna daşımaqdadır. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə, ortaq köklərimizə, qardaşlıq və birlik ruhumuza yeni güc, yeni nəfəs verib. Buna görə də 8 noyabr - Zəfər Günü Azərbaycan ilə yanaşı, bütün Türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunub”.
Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva II Azərbaycan–Özbəkistan Gənclər Forumunun açılışındakı çıxışı zamanı deyib.
Millət vəkili Azərbaycan və özbək xalqlarının tarixi bağlarından söz açıb: “Düşünürəm ki, bu gün burada iştirak edən özbək gənclər özlərini doğma Vətəndəki kimi hiss edirlər. Çünki bizim soy-kökümüz, dinimiz birdir. Bizim mədəniyyətimiz, adət-ənənələrimiz ümumi dəyərlərə əsaslanır.
Qədim zamanlarda Böyük İpək Yolu marşrutu xalqlarımızı həyatın bir çox sahələrində birləşdirirdi. Orta əsr dahi şair və mütəfəkkirlərimizin yaradıcılıq irsindəki dərin ədəbi və fəlsəfi paralellər də bu əlaqələrin davamı idi”.
Deputat müxtəlif dövrlərdə Azərbaycan və Özbəkistanın mədəniyyətin bir çox istiqamətləri üzrə, o cümlədən ədəbiyyat, incəsənət, musiqi, teatr, ekran işində yaxınlığını əks etdirən real tarixi nümunələri bölüşüb.
Günay Əfəndiyeva Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunmasından bəhs edərək, bildirib:
“Baxın, üç onillik ərzində bizim münasibətlərimiz hansı səviyyəyə yüksəlib. Bu gün Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab ŞavkatMirziyoyev qardaşlıq prinsiplərinə sədaqətgöstərir, ölkələrimiz qlobal arenada bir-birini dəstəkləyir”.
Millət vəkili Özbəkistanın Qarabağda aparılan yenidənqurma işlərinə töhfəsini vurğulayıb. O, bu ilin iyul ayında iki ölkənin dövlət başçılarının iştirakı ilə Bakıda Özbəkistan Səfirliyinin yeni binasının açılması, “Özbəkistan” parkının təməlinin qoyulmasından bəhs edib.
Günay Əfəndiyeva son illərdə Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan birgə addımlara diqqət çəkərək, bildirib: “Bütün bunlar xalqlarımız və dövlətlərimizin qardaşlıq münasibətlərini əks etdirməklə yanaşı, eyni zamanda bir-birinə verdiyi qiymətin göstəricidir”.
Deputat Azərbaycan ilə Özbəkistanın diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirləri bölüşüb.
Millət vəkili çıxışının sonunda Forumda iştirak edən gənclərə müraciət edərək bildirib: “Bizim ümumi mirasımız, qarşılıqlı hörmətimiz gələcəyimiz üçün möhkəm təməl yaradır. Hər biriniz öz sferanızda bu dəyərləri qoruyun, paylaşın və bir-birinizdən ilham alın!”
“Unutmayın ki, biz müştərək tarixə, mədəniyyətə və vizyona sahibik. Xalqlarımıza həmrəyliyi, inteqrasiyanı, tərəfdaşlığı daha da gücləndirərək hər zaman irəli addımlamağı arzulayıram!” - deyə, Günay Əfəndiyeva vurğulayıb.