“Süni intellekt təhsildə kadr hazırlığı tələb edir” Gündəm

“Süni intellekt təhsildə kadr hazırlığı tələb edir”

“Süni intellekt və rəqəmsal texnologiyaların təhsil sistemində tətbiqi ilə yanaşı, bu sahədə kadr hazırlığı məsələsi də xüsusi diqqət tələb edir”.

Bunu təhsil eksperti Elmin Nuri “Xalqcebhesi.az”-a açıqlamasında deyib.

O bildirib ki, süni intellekt yeni və sürətlə inkişaf edən istiqamət olsa da, onun təhsil sistemində effektiv tətbiqi üçün ilk növbədə peşəkar kadr potensialı formalaşdırılmalıdır:“Bu gün süni intellekt və rəqəmsal texnologiyaların məktəblərdə və ümumilikdə təhsil sistemində tətbiqi vacibdir. Amma bu prosesin uğurlu olması üçün ilk növbədə kadr hazırlığına diqqət yetirilməlidir. Təhsil elə bir sahədir ki, dövrün tələblərinə ən tez uyğunlaşmağı bacarır. Əks halda elm, təhsil, sənaye və innovasiya arasında əlaqə zəifləyər və inkişaf ləngiyər”.

Ekspert qeyd edib ki, bu istiqamətdə ilk addım ali təhsil müəssisələrində, daha sonra isə peşə və orta ixtisas təhsili səviyyəsində süni intellekt üzrə kadr hazırlığının gücləndirilməsi olmalıdır: “Bu sahədə həm kəmiyyət, həm də keyfiyyət artımına ehtiyac var. Hazırda bir sıra universitetlərdə süni intellektlə bağlı dərslər və proqramlar mövcuddur. Lakin bu istiqamətin bakalavr səviyyəsində ayrıca ixtisas kimi daha geniş şəkildə tətbiqi məqsədəuyğun olardı. Orta məktəblərdə süni intellekt fənninin tədrisi ilə bağlı müzakirələr aparılır. Lakin bunun üçün əvvəlcə uyğun müəllim hazırlığı təmin edilməlidir.Bəzən səsləndirilir ki, süni intellekt məktəblərdə ayrıca fənn kimi tədris olunmalıdır. Amma bunun üçün kadr potensialı formalaşdırılmalıdır. Əgər bu fənni informatika müəllimləri tədris edəcəksə, bu yanaşma tam doğru sayılmaz. Necə ki, vaxtilə informatika fənninin başqa ixtisas müəllimləri tərəfindən tədris olunması problemlər yaradırdı”.

Ekspert hesab edir ki, gələcəkdə süni intellekt üzrə ayrıca ixtisasların yaradılması və bu istiqamətdə müəllim hazırlığının gücləndirilməsi təhsil sisteminin inkişafına ciddi töhfə verə bilər: Süni intellekt artıq dövrün tələbinə çevrilib və bu sahədə addımların məhz kadr hazırlığından başlanması vacibdir”.

Günel Elxan