
Azərbaycan və Türkiyə arasında formalaşmış strateji tərəfdaşlıq son illərdə Cənubi Qafqazın təhlükəsizlik gündəliyinə təsir edən əsas amillərdən birinə çevrilib. Regionda baş verən siyasi və hərbi proseslər göstərir ki, iki ölkə arasındakı əlaqələr artıq ənənəvi siyasi əməkdaşlıq çərçivəsindən çıxaraq, regional güc balansını formalaşdıran mühüm mexanizmə çevrilib. Xüsusilə post-münaqişə dövründə yaranmış yeni geosiyasi şərait bu tərəfdaşlığın əhəmiyyətini daha da artırıb. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan – Türkiyə münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə yüksəldərək, əməkdaşlığın institusional əsaslarının güclənməsinə səbəb oldu. Sənəd hərbi, təhlükəsizlik, müdafiə sənayesi və geoiqtisadi sahələrdə birgə fəaliyyətin genişləndirilməsinə imkan yaratdı. Bununla da iki ölkə arasındakı strateji xətt yalnız siyasi dəstək ilə məhdudlaşmadı, həm də Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına təkan verdi. Məhz bu hüquqi və siyasi çərçivə hərbi sahədə əməkdaşlığın daha sistemli və geniş miqyasda inkişafı üçün möhkəm baza yaratdı. Hərbi əməkdaşlıq strateji tərəfdaşlığın ən dinamik istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə ordularının keçirdiyi birgə təlimlər, əməliyyat hazırlığının artırılması, texnologiya və təcrübə mübadiləsi ordular arasında yüksək səviyyəli uyğunluq yaradıb. Türkiyə istehsalı olan müasir döyüş texnologiyalarının Azərbaycanda tətbiqi, xüsusilə pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli zərbə sistemlərinin istifadəsi regionun hərbi-siyasi balansına ciddi təsir göstərib. 2020-ci il Vətən müharibəsi zamanı bu əməkdaşlığın praktiki nəticələri açıq şəkildə özünü göstərdi və iki ölkənin müdafiə sahəsində əldə etdiyi strateji üstünlük reallıqda təsdiq olundu.
Azərbaycan – Türkiyə tərəfdaşlığının mühüm istiqamətlərindən biri geoiqtisadi sahəni əhatə edir. Enerji və nəqliyyat layihələri – TANAP, TAP , Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Qars xətti – regionun enerji təhlükəsizliyi və ticarət marşrutlarının formalaşmasında əsas rol oynayır. Bu layihələr Avropanın enerji təminatında alternativ mənbələrin payını artırmaqla yanaşı, Cənubi Qafqazda iqtisadi inteqrasiyanı gücləndirir və regional əməkdaşlıq imkanlarını genişləndirir.
Post-münaqişə mərhələsində gündəmə gələn Zəngəzur dəhlizi ilə bağlı perspektivlər də Azərbaycan – Türkiyə strateji əməkdaşlığının geoiqtisadi çəkisini artıran mühüm elementlərdən biridir. Bu dəhlizin açılması Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa əlaqəni bərpa etməklə yanaşı, Türkiyənin Mərkəzi Asiyaya çıxış imkanlarını genişləndirəcək və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərini sürətləndirəcək. Regional təhlükəsizlik gündəliyində Azərbaycan və Türkiyənin mövqelərinin uzlaşması iki ölkənin siyasi strategiyalarının uyğunluğunu daha da artırır.
Sülh prosesinin irəliləməsi, kommunikasiyaların açılması və regional iqtisadi əlaqələrin genişləndirilməsi hər iki ölkənin prioritet istiqamətlərini təşkil edir. Bu strateji həmrəylik bölgədə risklərin azaldılmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq formatlarının yaranmasına şərait yaradır.
Bütün bu faktorlar göstərir ki, Azərbaycan – Türkiyə strateji tərəfdaşlığı regionun təhlükəsizlik arxitekturasında mühüm dayaqlardan birinə çevrilib. Hərbi əməkdaşlıqdan geoiqtisadi layihələrə qədər geniş spektrdə inkişaf edən əlaqələr Cənubi Qafqazda uzunmüddətli sabitliyə, təhlükəsizliyə və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir. Bu tərəfdaşlığın möhkəmlənməsi yaxın perspektivdə regiondakı geosiyasi proseslərin istiqamətinə birbaşa təsir edən əsas amillərdən biri olaraq qalacaq.
Əli Səlimov