“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15

2025-ci il Azərbaycanın xarici siyasət tarixində məzmun və miqyas baxımından dönüş nöqtəsi kimi xarakterizə olunur. Bu il ərzində rəsmi Bakı regional prioritetlərlə qlobal gündəliyi uzlaşdıran, təşəbbüskar və çoxşaxəli diplomatik xəttini ardıcıl şəkildə reallaşdıraraq beynəlxalq sistemdə mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Xarici siyasətin əsas nəticəsi Azərbaycanın artıq təkcə regional aktor deyil, “orta güc” statusu ilə qəbul edilən etibarlı tərəfdaş və siyasi platforma kimi çıxış etməsidir.
İl ərzində aparılan fəal diplomatik fəaliyyət enerji təhlükəsizliyi, nəqliyyat-logistika və regional sabitlik istiqamətlərində konkret nəticələr verib. Azərbaycan Avrasiya məkanında strateji nəqliyyat qovşağı rolunu gücləndirib, Orta Dəhliz üzrə əməkdaşlığın institusional əsaslarını möhkəmləndirib və enerji sahəsində etibarlı təchizatçı imicini daha da dərinləşdirib. Paralel olaraq çoxtərəfli formatlarda fəallıq artıb, yeni siyasi dialoq platformaları genişlənib.
2025-ci ildə balanslı xarici siyasət kursu Azərbaycanın suveren maraqlarının qorunmasını təmin etməklə yanaşı, beynəlxalq tərəfdaşlar üçün proqnozlaşdırıla bilən və etibarlı əməkdaşlıq modeli təqdim edib. Nəticə etibarilə, Azərbaycan regional təşəbbüsləri qlobal gündəliklə uzlaşdıran, diplomatik çəkisi artan və strateji qərarların formalaşmasına təsir göstərən aktor kimi mövqeyini möhkəmləndirib.
Çinlə strateji tərəfdaşlıq və çoxtərəfli platformalarda irəliləyiş
2025-ci ilin əsas siyasi nailiyyətlərindən biri Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın rəsmiləşdirilməsi oldu. Bu addım Bakı–Pekin münasibətlərini klassik iqtisadi əməkdaşlıq çərçivəsindən çıxararaq siyasi dialoq, təhlükəsizlik, nəqliyyat-logistika və texnoloji əməkdaşlıq müstəvisinə yüksəltdi. Çinlə münasibətlərin institusional səviyyədə möhkəmlənməsi Azərbaycanın Orta Dəhliz strategiyasını daha da gücləndirərək ölkəni Avrasiya miqyasında əsas tranzit qovşaqlarından birinə çevirdi.
Dövlət İdarəçilik Akademiyasının Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Məmmədov APA-ya açıqlamasında deyib ki, Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Onun sözlərinə görə, 2024-cü ildə strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin, 2025-ci ildə isə Prezident İlham Əliyevin Pekinə rəsmi səfəri çərçivəsində “Hərtərəfli Strateji Tərəfdaşlıq” haqqında Birgə Bəyanatın imzalanması Azərbaycan–Çin münasibətlərini qarşılıqlı etimad, genişlənən iqtisadi-ticarət əməkdaşlığı və Azərbaycanın tranzit potensialına əsaslanan yeni, institusional və praktik mərhələyə yüksəldib:
“Prezident İlham Əliyevin 2025-ci ildə Çinə rəsmi səfəri zamanı ona göstərilən xüsusi diqqət və yüksək səviyyəli qarşılanma Çin diplomatik praktikasında nadir hallarda rast gəlinən addımlardandır və ölkəmizə verilən yüksək siyasi qiymətin göstəricisidir. Hər iki dövlət qarşılıqlı etimada, suverenlik və ərazi bütövlüyünün qorunmasına dəstək prinsiplərinə əsaslanaraq siyasi əlaqələri daha da möhkəmləndirir. Bununla paralel olaraq iqtisadi əməkdaşlıq da genişlənir. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi təxminən 5 milyard dollar səviyyəsinə çatıb. Eyni zamanda, Azərbaycanın tranzit potensialından fəal şəkildə istifadə olunur. Faktiki olaraq Pekin – Mərkəzi Asiya – Xəzər – Bakı – Avropa xətti artıq formalaşıb və funksional nəqliyyat-tranzit marşrutu kimi fəaliyyət göstərir”.
Azərbaycanın D-8 təşkilatına yeganə yeni üzv kimi qəbul olunması rəsmi Bakının İslam dünyası və inkişaf etməkdə olan böyük iqtisadiyyatlar arasında artan nüfuzunun göstəricisi oldu. Bu üzvlük Azərbaycanın Qlobal Cənubla əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, ölkənin çoxtərəfli diplomatiyada etibarlı aktor kimi qəbul edildiyini təsdiqlədi. Bununla paralel olaraq, Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasında tamhüquqlu üzv statusu əldə etməsi Xəzər hövzəsi və Mərkəzi Asiya ilə əlaqələrin yeni mərhələyə keçdiyini göstərdi. Bu platforma çərçivəsində enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional koordinasiya məsələlərində Azərbaycanın rolu daha da institusional xarakter aldı.
Politoloq Zaur Məmmədovun sözlərinə görə, Azərbaycanın D-8-ə üzv qəbul edilməsi ölkənin iqtisadi, logistika və enerji potensialına əsaslanan beynəlxalq mövqeyini gücləndirməklə yanaşı, onu İslam dünyasında mühüm siyasi-iqtisadi mərkəzlərdən birinə çevirir.
O qeyd edib ki, D-8 tarixində genişlənmə ilk dəfə məhz Azərbaycanın üzv qəbul edilməsi ilə baş verdi: “D-8 çərçivəsində üzv ölkələrlə ticarət əlaqələrinin genişlənməsi, sərmayə qoyuluşunun artması və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar formalaşır ki, bu da Azərbaycan üçün bazarların şaxələndirilməsi anlamına gəlir. Eyni zamanda, logistika, nəqliyyat və neft–qaz sahələrində əməkdaşlıq perspektivləri əhəmiyyətli dərəcədə genişlənir. Bütün bu proseslər Azərbaycanın İslam dünyasında təkcə mədəni-dini deyil, həm də siyasi və iqtisadi mərkəzlərdən biri kimi mövqeyinin möhkəmlənməsinə töhfə verir.”
Azərbaycanın “canlı körpü” funksiyasının güclənməsi
2025-ci ildə Azərbaycanın xarici siyasətində ön plana çıxan əsas xətt ölkənin regionlararası “canlı körpü və etibarlı tərəfdaş” rolunun praktik nəticələrlə möhkəmləndirilməsi oldu. Avropa ilə Asiyanı, Şimal ilə Cənubu birləşdirən nəqliyyat və logistika layihələri tranzit həcmlərinin artmasına səbəb olmaqla yanaşı, Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəltdi.
Enerji sahəsində ənənəvi neft və qaz ixracı yeni reallıqlara uyğun şəkildə yaşıl enerji və rəqəmsal infrastrukturlarla tamamlandı. Xəzər dənizi üzərindən bərpa olunan enerji ötürülməsi, regional enerji bazarlarının inteqrasiyası və rəqəmsal logistika həlləri Azərbaycanın enerji təhlükəsizliyi konsepsiyasını daha geniş məna ilə doldurdu. Bu yanaşma Azərbaycanı təkcə enerji təchizatçısı deyil, həm də enerji və texnologiya qovşağına çevirdi.
Zaur Məmmədov vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü rolunu möhkəmləndirməklə enerji, nəqliyyat və diplomatik imkanları əsasında Böyük Avrasiya məkanında təsirli geosiyasi aktora çevrilib.
“Mərkəzi Asiya bu gün beynəlxalq münasibətlər sistemində yeni geosiyasi məkan kimi formalaşır və bu prosesdə Azərbaycanın rolu xüsusi önəm kəsb edir. Uzun tarixi fasilədən sonra Türküstanın beynəlxalq siyasətə qayıdışı təkcə regionun enerji resursları və təbii sərvətləri ilə deyil, həm də qlobal ticarət və logistika marşrutlarının yenidən qurulması ilə bağlıdır. Məhz bu kontekstdə Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü rolunu oynayaraq Böyük Avrasiya məkanında əsas geosiyasi aktorlardan birinə çevrilir”, - politoloq əlavə edib.
Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan əməkdaşlığın vahid siyasi və iqtisadi platformanın yaranmasına gətirib çıxartdığını qeyd edən Zaur Məmmədov diqqətə çatdırıb ki, enerji, nəqliyyat və logistika sahələrində həyata keçirilən layihələr bu platformanın praktik mahiyyətini nümayiş etdirir: “Prezident İlham Əliyevin Mərkəzi Asiya liderlərinin toplantılarına mütəmadi dəvət olunması və Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi ölkənin regionda artan siyasi çəkisinin göstəricisidir. Azərbaycan bu prosesdə siyasi və iqtisadi lokomotiv funksiyasını yerinə yetirir. Mərkəzi Asiya dövlətləri Bakının beynəlxalq statusundan, tranzit imkanlarından və diplomatik təcrübəsindən faydalanaraq öz manevr imkanlarını genişləndirirlər. Nəticə etibarilə, Azərbaycan təkcə regional deyil, daha geniş Avrasiya miqyasında sabitlik, əməkdaşlıq və inteqrasiyanın əsas dayaqlarından biri kimi çıxış edir”.
Beynəlxalq zirvələr və siyasi nüfuzun nümayişi
2025-ci il ərzində Xankəndi, Şuşa və Qəbələdə keçirilən beynəlxalq zirvələr və forumlar Azərbaycanın artan siyasi nüfuzunun simvolik və praktiki ifadəsinə çevrildi. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə keçirilən tədbirlər Azərbaycanın suverenliyinin tam bərqərar olduğunu və bu məkanların artıq regional diplomatiyanın yeni mərkəzlərinə çevrildiyini nümayiş etdirdi. Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü Azərbaycanın postmünaqişə mərhələsində regional əməkdaşlığa verdiyi töhfənin beynəlxalq miqyasda qəbul edildiyini göstərdi. Şuşa və Qəbələdə təşkil olunan forumlar isə ölkənin dialoq, vasitəçilik və əməkdaşlıq platforması kimi rolunu gücləndirdi.
Mərkəzi Asiya və türk dövlətləri üzrə siyasi şərhçi Nicat Hacıyev APA-ya açıqlamasında bildirib ki, Qəbələ Bəyannaməsi Türk Dövlətləri Təşkilatını təhlükəsizlik və koordinasiya əsaslı yeni strateji mərhələyə çıxararaq onu perspektivdə alternativ geosiyasi mərkəzə çevirən əsas sənəd kimi qiymətləndirilə bilər.

Şərhçinin sözlərinə görə, 2025-ci ilin yayında imzalanan Qəbələ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub: “Artıq təşkilatın tarixini şərti olaraq iki dövrə ayırmaq mümkündür: Qəbələyə qədər və Qəbələdən sonrakı mərhələ. Məhz bu sənəd TDT-nin gələcək inkişaf xəttini müəyyənləşdirərək ona aydın strateji istiqamət verib”.
Nicat Hacıyev vurğulayıb ki, Bəyannamədə xüsusilə təhlükəsizlik sahəsində qəbul edilən prinsipial qərarlar diqqət çəkir.
“Sammitdən sonra Rəcəb Tayyib Ərdoğanın TDT-ni, o cümlədən hərbi-siyasi təşkilat kimi dəyərləndirməsi qəbul edilən sənədin mahiyyətini açan mühüm siyasi mesajdır. Burada söhbət yalnız birgə hərbi təlimlərdən getmir, təlimlər bu prosesin görünən tərəfidir və əsas məzmun üzv dövlətlər arasında təhlükəsizlik sahəsində daha dərin və uzunmüddətli inteqrasiyanın təmin olunması, fəaliyyətlərin koordinasiyası və regional təhdidlərə qarşı ortaq yanaşmaların formalaşdırılmasıdır”, o əlavə edib.
Nicat Hacıyevin sözlərinə görə, bu transformasiya qlobal beynəlxalq sistemin yenidən formalaşdığı bir dövrdə baş verir: “Ənənəvi hərbi-siyasi bloklar və iqtisadi birliklər ciddi sınaqlarla üzləşir, mövcud təhlükəsizlik arxitekturası isə əvvəlki dayanıqlığını itirir. Bu şəraitdə TDT tədricən alternativ geosiyasi mərkəz kimi nəzərdən keçirilməyə başlayır. Hələlik TDT-nin Aİ və ya NATO miqyaslı struktur kimi formalaşmasından danışmaq tez olsa da, məhz Qəbələ Bəyannaməsi bu istiqamətdə strateji düşüncənin əsasını qoyub”.
Onun fikrincə, TDT-yə üzv ölkələrin hər birinin öz imkanları və çağırışları mövcuddur, lakin koordinasiyalı fəaliyyət onların beynəlxalq subyektivliyini əhəmiyyətli dərəcədə artırır: “Üzv dövlətlərin ümumi əhalisinin 200 milyona yaxınlaşması, Orta Dəhliz, enerji, nəqliyyat və müdafiə əməkdaşlığı kimi sahələrdə mövcud potensial təşkilatı strateji baxımdan dayanıqlı edir”.
Nicat Hacıyev xüsusi olaraq Azərbaycanın roluna diqqət çəkərək qeyd edib ki, bu prosesdə Bakının mövqeyi həlledicidir: “Azərbaycan TDT-nin institutlarının möhkəmləndirilməsi, təşkilata real siyasi çəki və funksionallıq qazandırılması istiqamətində fəal rol oynayır və bu amil Türk Dövlətləri Təşkilatının yeni geosiyasi güc mərkəzi kimi formalaşmasında əsas faktorlar sırasında yer alır”.