“Neft ixracı sülh yolunu açır” Gündəm

“Neft ixracı sülh yolunu açır”

“Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş mühüm addımdır”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev “Xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.

Politoloqun sözlərinə görə, bu proses etimad mühitinin yaradılması və sülh müqaviləsinin imzalanması üçün zəruri addımdır:
“Vaşinqtonda artıq sülh müqaviləsi paraflanıb və növbəti mərhələ onun rəsmi imzalanmasıdır. Lakin bu mərhələyə keçməzdən əvvəl siyasi və iqtisadi əlaqələrin normallaşması, etimadın formalaşması vacibdir.Ekonomik addımlar siyasi etimadın güclənməsinə xidmət edir.Ermənistan artıq Azərbaycan neftinin ixracına başlayıb, paralel olaraq Azərbaycandan da Ermənistana məhsulların göndərilməsi mümkündür. Beləliklə, qarşılıqlı ticarət dövriyyəsi formalaşır və iqtisadi əlaqələr inkişaf edir. Bu addım həm hökumətlər, həm də xalqlar arasında münasibətlərin yaxınlaşmasına kömək edəcək.Bu proses kommersiya xarakterli olsa da, sülhün əldə olunması prosesinə də töhfə verir.Etimad mühiti formalaşarsa, iki ölkə arasında daha geniş ticarət əlaqələri qurula, fərqli sahələrdə əməkdaşlıq imkanları inkişaf edə bilər. Hazırda Azərbaycan neftini göndərir və yaxın gələcəkdə Ermənistandan Azərbaycana məhsul ixracının da şahidi olacağıq. Ermənistan mediasında bununla bağlı məlumatlar artıq paylaşılır”.

Z. Əmrəliyev sonda qeyd edib ki, bu addımlar həm etimad mühitinin yaradılmasına, həm də iki ölkə arasında münasibətlərin normallaşmasına real dəstək verir.

Günel Elxan