“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusu qələbəyə arxayın olub yerində saymadı və heç bir halda “baş fırlanması” mərhələsinə keçmədi. Əksinə, müharibə bitən kimi ordu daxilində dərin təhlillər aparılmağa başlandı”.
Hərbi ekspert Səxavət Məmmədov Xalqcebhesi.az-a açıqlaması zamanı deyib
Ekspertin sözlərinə görə, bu təhlillər nəticəsində Azərbaycan Ordusunun həm güclü, həm də zəif tərəfləri aydın şəkildə üzə çıxdı: “Azərbaycan Ordusu öz güclü tərəflərini daha da inkişaf etdirdi, zəif tərəflərini isə vaxtında aşkar edərək struktur dəyişikliklərinə başladı. Bu, peşəkar ordulara xas yanaşmadır.Xüsusi təyinatlı qüvvələrin inkişafı bu islahatların əsas istiqamətlərindən biri oldu. Burada söhbət təkcə Müdafiə Nazirliyinin xüsusi təyinatlılarından getmir. Sərhəd qoşunları, Hərbi Dəniz Qüvvələri, Dövlət Təhlükəsizlik Xidməti, xarici kəşfiyyat və daxili qoşunlar daxil olmaqla, demək olar ki, bütün strukturlarda xüsusi təyinatlıların sayı iki dəfə artırıldı.Müharibədən əvvəl ordunun tərkibində say baxımından daha çox motoatıcı briqadalar mövcud idi.Bu struktur tamamilə dəyişdirildi. Demək olar ki, hər korpusun tərkibində komando briqadaları yaradıldı. Bu, Azərbaycan Ordusunda yeni mərhələnin başlanğıcı idi və islahatların birinci mərhələsi kimi qiymətləndirilə bilər”.
Hərbi ekspertin fikrincə, silahlanma sahəsində də müharibənin nəticələrinə və regional təhlükələrə uyğun addımlar atıldı:
“Ermənistanın aldığı silahlara adekvat olaraq Azərbaycan Ordusu yeni hava hücumundan müdafiə sistemləri əldə etdi. Çindən HQ-9B zenit-raket kompleksləri, DANA özüyeriyən artilleriya qurğuları, müxtəlif haubitsalar, reaktiv yaylım atəş sistemləri alındı. Dənizdən gələ biləcək təhlükələrə qarşı isə liman və gəmilərin mühafizəsi üçün xüsusi raket sistemləri əldə olundu”.
Səxavət Məmmədov dron sənayesinin inkişafını da xüsusi vurğulayıb:
“Dron sahəsinin inkişafı təsadüfi deyil. Azərbaycan Ordusunun tərkibində yeni qoşun növü – insansız sistem qoşunları yaradıldı. Bu, müasir müharibələrin tələblərindən irəli gəlir.Bəzi dairələr müharibədən sonra dayanmağın mümkün olduğunu düşünsələr də, beynəlxalq proseslər bunun əksini diktə edirdi.Azərbaycan çox mürəkkəb geosiyasi məkanda yerləşir. Cənubda İran, şimalda Rusiya var. Eyni zamanda bu regionda ABŞ, Avropa İttifaqı, Çin və yeni oyunçu kimi Hindistanın ciddi maraqları mövcuddur. Belə bir şəraitdə bir dəqiqə belə dayanmaq olmaz.
Azərbaycan dövləti təhlükəsizliyini qorumaq üçün hərbi gücünü artırmaqda davam etməlidir.Bu gün artıq ‘baby dronlar’, yəni kiçik ölçülü və kütləvi istifadə edilən dronlar xüsusi əhəmiyyət daşıyır. Onların sayının artırılması vacibdir. Bundan əlavə, süni intellekt sahəsinə ciddi diqqət yetirilməlidir. Çin və Hindistan kimi ölkələr artıq bu texnologiyalardan fəal istifadə edirlər.
Bu sahədə kadr potensialının gücləndirilməsi həlledici faktordur.Azərbaycan gələcəkdə yarana biləcək bütün təhlükələrə hazır olmaq üçün həm texnologiyaya, həm də insan kapitalına ciddi yatırımlar etməlidir. Görülən işlər çoxdur, amma görüləsi işlər hələ də az deyil”.
Günel Elxan