“İran dərin siyasi transformasiya həddinə yaxınlaşır” Gündəm

“İran dərin siyasi transformasiya həddinə yaxınlaşır”

“İranda son həftələrdə baş verən hadisələr göstərir ki, ölkə artıq adi sosial narazılıq mərhələsini arxada qoyub və dərin siyasi transformasiya həddinə yaxınlaşır. Etirazların bütün ölkəyə yayılması fonunda Güney Azərbaycanın xüsusi fəallaşması prosesin mahiyyətini daha da dəyişdirib”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

O bildirib ki, Təbriz və digər güney şəhərlərində səslənən şüarlar artıq təkcə iqtisadi etiraz deyil, milli kimlik, siyasi azadlıq və özünütəyinetmə tələbidir: “Bu tonun güclənməsi rejim üçün ən həssas məqamlardan biridir, çünki İranın çoxmillətli strukturunda Azərbaycan nüfuzu, əhalisi və iqtisadi çəkisi ilə həlledici rola malikdir. Güneyin meydanlara çıxması Tehran üçün daxili xəritənin yenidən cızılması deməkdir və post-rejim dövrünün gerçəkliyə çevrilmə ehtimalını artırır”.

Z.Qarayeva deyib ki, bu proses fonunda İranın siyasi elitasında da qeyri-adi aktivlik müşahidə olunur. Xomeyninin nəvəsi Həsən Xomeyninin qəfil səhnəyə çıxması, SEPAH-dakı müəyyən qrupların ona isti münasibəti və eyni zamanda Xamenei sonrası varislik məsələsində yeni müzakirələrin açılması daxildə ciddi tərəddüdlərin yarandığını göstərir. Bu isə paralel şəkildə Güney Azərbaycanın rolunu daha da artırır, çünki İran daxilində hər hansı siyasi transformasiya ölkənin ərazi bütövlüyü, etnik balansı və mərkəz–periferiya münasibətləri üçün riskli mərhələ yaradır”.

Politoloqun sözlərinə görə, regionda baş verənlər artıq təkcə Tehran üçün deyil, bütün Cənubi Qafqaz üçün yeni siyasi düzənin əsasını qura biləcək proseslərə çevrilib və Azərbaycan bu proseslərin hər birini həm təhlükəsizlik, həm geosiyasi, həm də tarixi məsuliyyət baxımından diqqətlə izləmək məcburiyyətindədir.

Röya İsrafilova