20:54
623
“Azərbaycan İkinci Qarabağ müharibəsini qələbə ilə başa vurub və bu gün artıq regionda yeni reallıqlar formalaşıb. Lakin əsas məsələlərdən biri hələ də kompensasiya məsələsidir. Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarına vurduğu maddi ziyan az deyil və ilkin hesablamalara görə bu rəqəm 50 milyard dollar civarında qiymətləndirilir. Bu, həm dağıdılmış şəhərlər, həm talan edilmiş təbii sərvətlər, həm də bərpa üçün tələb olunan infrastruktur xərcləri fonunda ciddi rəqəmdir.”
Bunu politoloq Cavanşir Abbaslı Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan bu məsələnin beynəlxalq hüquqi müstəviyə çıxarılmasını istisna etmir və lazımi mexanizmlərin işə salına biləcəyini bəyan edib:
“Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət hüququ var və bunu edəcək də. Lakin reallıq ondan ibarətdir ki, beynəlxalq qurumların uzun illərdir Bakıya münasibətdə ikili standartlar sərgilədiyi hər kəsə məlumdur. Elə buna görə də Ermənistan tərəfindən vurulan ziyanın tam şəkildə ödənilməsi ilə bağlı qərarların qəbul olunacağına dair böyük gözlənti formalaşdırmaq çətindir.Azərbaycan heç kimdən asılı deyil və bunu həm siyasi, həm də iqtisadi sahədə sübut edib.Azərbaycanın heç kimə ehtiyacı yoxdur. Ölkə Qarabağı öz daxili resursları hesabına bərpa edir, yenidən qurur və mərhələli şəkildə məcburi köçkünlərin qayıdışı təmin olunur. Bütün dünya bu prosesin şahididir. Təəssüf ki, Ukrayna məsələsində beynəlxalq təşkilatların təcili yardımı və humanitar təşəbbüsləri gördüyümüz halda, Azərbaycana münasibətdə bu yanaşma müşahidə olunmadı. Bu da ikili standartların daha bir təsdiqidir.Azərbaycan yoluna özü davam edir və heç bir təzyiq bu prosesi dayandıra bilməz.Azərbaycan yalnız bir şeyi istəyir – maneə yaradılmasın. Bu xalq öz torpaqlarına qayıdır, Qarabağ yenidən dirçəlir və biz tam əminliklə deyə bilərik ki, Qarabağ əvvəlki kimi yox, daha güclü, müasir və yaşanılan məkana çevriləcək. Dünya isə bu prosesin canlı şahididir”.
Günel Elxan
21:04
511
20:59
532
20:57
539