Firəngiz Mütəllimova: Teatr təkcə sənət deyil - mənəvi dəyər daşıyan məbəddir Mədəniyyət

Firəngiz Mütəllimova: Teatr təkcə sənət deyil - mənəvi dəyər daşıyan məbəddir

Qərbi Azərbaycan mövzusunun mədəni platformalarda təqdimatında teatrın rolu çox böyükdür. Teatr həyatın güzgüsü olmaqla yanaşı, cəmiyyət üçün həm də aparıcı bir qüvvədir.

Bu sözləri AZƏRTAC-a İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışına həsr olunmuş tədbirində iştirak edən Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Firəngiz Mütəllimova deyib.

Onun sözlərinə görə, teatr sadəcə səhnə sənəti deyil, mənəvi dəyər daşıyan bir məbəddir: “İnsan bəzən risk edib öz fikrini açıq şəkildə deyə bilmir. Amma obrazın adı ilə, obrazın sözü ilə hər şeyi demək, hətta tamaşaçıya bunu daxildən hiss etdirmək mümkündür. Teatrın gücü də elə bundadır”.

Xalq artisti vurğulayıb ki, Qərbi Azərbaycan mövzusu teatr dili ilə təqdim olunanda yalnız informasiya kimi deyil, emosional yaddaş və mənəvi yaşantı kimi qəbul edilir: “Teatr tamaşaçıya faktı yox, hissi çatdırır. Bu mövzunu da məhz insan taleləri, yaddaş, kök, yurd həsrəti, mədəni irs kimi dəyərlər üzərindən daha təsirli şəkildə təqdim etmək olar”.

Firəngiz Mütəllimova teatrın “elit sənət” kimi dəyərləndirilməsinin səbəbini də izah edib. Bildirib ki, teatr kollektiv zəhmət tələb edən bir məkandır və burada yaradıcı heyət, texniki işçilər və tamaşaçı bir ideya ətrafında birləşir.

Onun fikrincə, Qərbi Azərbaycan mövzusunun mədəni platformalarda daha geniş və doğru təqdimatı üçün əsas şərt peşəkar səhnə həlli və düşünülmüş yanaşmadır: “Gözəl tamaşalarla, ağıllı və məsuliyyətli yanaşma ilə bu mövzunu cəmiyyətə həm sanballı, həm də təsirli formada çatdırmaq mümkündür. Məhz ona görə də İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi olduqca mühüm bir hadisədir”.