"Orta Şərqin elə bil taleyinə münaqişələr, müharibələr, təhdidlər yazılıb" Dünya

"Orta Şərqin elə bil taleyinə münaqişələr, müharibələr, təhdidlər yazılıb"

Hər bir müstəqil ölkənin öz strateji maraqları naminə koalisiyalara qoşulmaq, müxtəlif ittifaqlarda təmsil olunmaq hüququ var. Bu baxımdan İsrail, Kipr və Yunanıstan rəhbərlərinin dekabrın 23-də Qüdsdə görüşü normal qarşılanmalı idi. Amma, lakin vəziyyət göründüyü kimi deyil.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Əkrəm Bəydəmirli deyib.

"İsrailın baş naziri Benyamin Netanyahu, Kiprin prezidenti Nikos Xristodulidis və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis birgə mətbuat konfransında Orta Şərqdə gərginliyi daha da artıracaq səsləndirdikləri bəyanatlar diqqətdən kənarda qalmır. Həmin ölkə liderlərinin bəyanatlarında “Aralıq dənizində təhlükəsizliyin gücləndirilməsi” fikri səsləndirildi. Hətta imperiyaları bərpa etmək istəyən qüvvələrə mesajlar göndərməyi unutmadılar. Əslində bu üçlər ittifaqının dərdi Türkiyədir" - politoloq deyib.

Onun fikrincə, heç şübhəsiz ki, qardaş Türkiyənin son dövrlər artan nüfuzu, qlobal güc mərkəzinə çevrilmək imkanlarının genişlənməsi, həmçinin TDT-nin (Türk Dövlətləri Təşkilatı) əhatə dairəsinin möhkəmlənməsi dünyada bir çox qüvvələri narahat edir. Anti-Türkiyə koalisiyasının yaradılmasının səbəblərindən biri də budur. Belə niyyətlə yaradılan ittifaqlar regionda sabitliyə xidmət etmir:

"Orta Şərqin elə bil taleyinə münaqişələr, müharibələr, təhdidlər yazılıb. Bəşər Əsəd rejimindən qurtulan Suriyanı təhdid altında saxlamaq, Qəzzanı yer üzündən silərək təxmin 80 minə ( ola bilər rəqəmdə yalnışlıq olsun) yaxın fələstinlini qətlə yetirmək İsrailin indiki hakimiyyətinin siyasətinin nəticəsidir.Tarixin acı təcrübələri bir daha göstərir ki, bölgəyə məkrli planlarla, vurub dağıtmaqla deyil, ədalətli yanaşma, beynəlxalq hüquqa hörmətlə sabitlik əldə etmək mümkündür.

Dünyanın nizam-intizamını qoruyacaq beynəlxalq təşkilatlar, xüsusilə, Birləşmiş Millətlər Təşkilatı (BMT) dişsiz, bivec quruma çevrilib. Deməli, hazırkı dövrdə xarici təcavüzlə üzləşməmək, ayaqüstə qalmaq üçün dünyanın ən güclüləri sırasında olmalısan. Əks təqdirdə təhlükə istənilən vaxt qapını döyə bilər".

Cavid