“Fermerin işi istehsaldır, satış yox” Gündəm

“Fermerin işi istehsaldır, satış yox”

“Məsələ ondan ibarətdir ki, istər 8-ci kilometr bazarı olsun, istərsə də digər kolxoz bazarları – bazarlarda ticarət yerləri təsadüfi şəkildə dəyişmir. Alverçi gəlib öz yerini tutur və satdığı məhsul bitəndə həmin yeri başqa birinə verməyə məcbur deyil. Fermer gəlib “yerindən çıx, mən satım” deyə bilməz. Bu reallığı nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi fermerlər üçün ayrıca yarmarkalar təşkil edib”.

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli “Xalqcəbhəsi.az”-a açıqlamasında söyləyib.

O qeyd edib ki, fermer üçün ildə cəmi bir həftəlik bazar yeri götürmək səmərəli deyil:
“Fermer ya il boyu bazarda yer tutmalıdır – bu isə onun üçün sərfəli deyil – ya da öz əsas işi olan əkin-biçinə fokuslanmalıdır. Heç kim fermeri sıxışdırmır, sadəcə fermer təsərrüfatını düzgün planlaşdırmalıdır.
Əmək bölgüsü prosesi tarixən formalaşıb və kənd təsərrüfatında bu dəyişməz prinsipdir.
Əkən ayrıdır, biçən ayrıdır, satan ayrıdır, daşıyan ayrıdır. Bu model bütün dünyada mövcuddur. Kənd təsərrüfatında da eyni mexanizm işləyir”.

Xalid Kərimli vurğulayıb ki, nazirliyin təşkil etdiyi yarmarkalar bu problemi qismən həll etməyə çalışsa da, bu format hər zaman fermer üçün yüksək səmərə vermir:
“Yarmarkalarda tacirin iştirakı prosesi daha çevik və effektiv edir. Ona görə də ‘bizi bazara buraxmırlar’ kimi fikirlər daha çox populist yanaşmadır və reallığı tam əks etdirmir”.

Günel Elxan