“Ermənistan iqtisadi vəziyyətini daha da çətinləşdirdi” Siyasət

“Ermənistan iqtisadi vəziyyətini daha da çətinləşdirdi”

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Azərbaycanın iqtisadi-siyasi həyatında tarixi bir hadisədir. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olan bu layihə digər layihələr kimi ölkənin beynəlxalq nüfuzunu yüksəltməklə iqtisadiyyatımızın inkişafına mühüm töhfə verəcək". Bunu deputat Tahir Rzayev deyib.
Deputatın sözlərinə görə, bu dəmir yol xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi bütün dünyaya Azərbaycanın müstəqil iqtisadi siyasət yeritdiyini və ən mühüm layihələr həyata keçirmək iqtiradında olduğunu bir daha sübut etdi: "Avropanı Asiya ilə əlaqələndirən bu dəmir yolu xətti Azərbaycanı qitələrin tranzit mərkəzinə çevirməklə bərabər, Çin-Avropa məsafələrini qısaldacaq, yük və sərnişin daşımalarının miqdarını xeyli artıracaq, vaxtı və xərcləri azaltmaqla ölkələrə külli miqdarda mənfəət gətirəcək. BTQ-nin çəkilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın birliyinə, iqtisadi vəziyyətlərinin yaxşılaşmasına, xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə mühüm töhfə verəcək. Sözsüz ki, Azərbaycan bu layihədən daha çox bəhrələnəcək, çünki ölkəmiz bu xəttin çəkilməsinin təşəbbüskarı olmaqla, həm də layihənin maliyyələşdirilməsinin, işlərin vaxtında və keyfiyyətlə aparılmasının əsas təşkilatçısı olub". T.Kərimli qeyd edib ki, BTQ dəmiryolu layihəsinin uğurla həyata keçirilməsi həm düşmənlərimizə, həm də bu layihənin reallaşdırılmasına mane olanlara sarsıdıcı zərbə oldu: "Ermənistan çox mühüm bir layihədən kənarda qalmaqla iqtisadi vəziyyətini daha da çətinləşdirdi".
Politoloq Elxan Şahinoğlu isə deyir ki, Bakı-Tbilisi-Qars dəmiryolunun iqtisadi əhəmiyyəti böyükdür. Onun sözlərinə görə, Türkiyənin Bosfor boğazının dibi ilə dəmiryolu tikitisini başa çatdırması Pekinlə Londonu Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirəcək: "Hələlik ilkin illərdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə 1 milyon sərnişin və təxminən 3.5 milyon tonn yük daşınacaq. Sonrakı illərdə bu rəqəm artacaq. Bakı-Tbilisi-Qars dəmiryolunun işlək olması üçün Çinin öz mallarının bir hissəsinin bu yolla Avropaya daşıması lazımdır". Elxan Şahinoğlu bildirib ki, Çin Avropaya ildə təxminən 500 milyon tonn yük daşıyır: "Bunlar iki yolla Avropaya çatdırır. Birinci dəniz və okean yollarıdır. İkinci Rusiya ərazisindən keçən dəmiryoludur. Çinin Avropaya daşıdığı yükün cəmi 10 faizini Bakı-Tbilisi-Qars dəmiryoluna istiqamətləndirməsi kifayətdir ki, bu xətt tam gücüylə işləsin. Bakı-Tbilisi-Qars dəniz yollarından qısadır. Digər tərəfdən Rusiya xəttində ləngimələr var. Bundan başqa Rusiya ilə Avropa dövlətləri arasındakı soyuq münasibətlər də Çin mallarının məhz Rusiya üzərindən Avropaya çatdırılmasında mənfi rol oynayır. Bu mənada Bakı-Tbilisi-Qars yolu Çin üçün münasibdir. Buna baxmayaraq, Çin rəsmiləri hələlik Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı açıqlama vermirlər. Pekin ehtiyatlı mövqe tutub. Bakı-Tbilisi-Qars dəmiryolunun cəlbedici olması üçün iki şərtin yerinə yetirilməsi vacibdir: Birinci şərt. Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə yolu boyu vahid tariflər tətbiq etməli və qiymətləri ucuz olmalıdır ki, bu Çin şirkətlərini Bakı-Tbilisi-Qars dəmiryoluna marağını artırsın. İkinci şərt. Qazaxıstanla Azərbaycan arasında Xəzər üzərindən yük daşımasında gecikmələrə yol verilməməli, yüklər dərhal dəmiryoluna çatdırılmalıdır".