“Türk dünyası heç vaxt bu qədər yaxın olmayıb” Gündəm

“Türk dünyası heç vaxt bu qədər yaxın olmayıb”

“Türk Dövlətləri Təşkilatı (TDT) artıq yalnız mədəni və tarixi yaxınlıq platforması deyil, real siyasi-iqtisadi güc mərkəzinə çevrilir. TDT regional ittifaqdan qlobal iqtisadi aktora çevrilmək potensialına və gələcəkdə vahid iqtisadi blok kimi çıxış etmək imkanına malikdir. Hazırda “orta güc” olan Türk dünyasının strateji çəkisi getdikcə artır. Türk dünyası heç vaxt bu qədər yaxın olmayıb, təşkilat daxilində siyasi yaxınlaşma sürətlənib, ortaq maraqlar daha aydın formalaşıb. Bu, xüsusilə, Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz regionu üçün yeni geosiyasi balans yaradır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

P.Vəliyeva qeyd edib ki, Bakıda keçirilən TDT hökumət başçılarının görüşünün yekun bəyanatında TDT-yə üzv dövlətlər əməkdaşlığın gücləndirilməsinə və təşkilat daxilində birliyin möhkəmləndirilməsinə sadiq olduqlarını vurğulayırlar: “Onlar keçirilən görüşlərin uğurunu yüksək qiymətləndirir, Azərbaycanın sədrliyinə dəstək ifadə edir və qəbul olunmuş qərarların icrasının vacibliyini qeyd edirlər. Sənəddə regional sülh və təhlükəsizlik, geosiyasi çağırışlara qarşı birgə mövqe, eləcə də iqtisadi, enerji, nəqliyyat və rəqəmsal sahələrdə əməkdaşlığın genişləndirilməsi əsas prioritet kimi göstərilir. Həmçinin ticarətin artırılması, yaşıl enerji, innovasiya və süni intellekt kimi sahələrdə birgə təşəbbüslərin önəmi vurğulanır. Ümumilikdə, məqsəd davamlı inkişaf, sabitlik və qarşılıqlı faydalı inteqrasiyanı gücləndirməkdir”.

Deputatın bildirdiyinə görə, bəyanatda əməkdaşlığın artırılması ilə sülh və sabitliyin qorunmasının vacibliyi vurğulanır: “Bu, xüsusilə dəyişən geosiyasi şəraitdə regionun təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır. Enerji mənbələrinin şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və infrastrukturun gücləndirilməsi regionun strateji əhəmiyyətini artırır və enerji təhlükəsizliyini təmin edir. Rəqəmsallaşma, süni intellekt və yaşıl enerji kimi sahələrə diqqət ayrılması ölkələrin gələcək inkişafına və qlobal rəqabət qabiliyyətinə töhfə verir”.

O eləcə də diqqətə çatdırıb ki, ticarətin genişləndirilməsi, investisiyaların artırılması və birgə layihələr ölkələr arasında iqtisadi əlaqələri gücləndirir: “Bu isə ümumi iqtisadi artıma və rifaha müsbət təsir edir. Nəticə etibarilə, qəbul edilmiş bu bəyanat TDT ölkələrinin yalnız siyasi deyil, həm də iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində daha sıx inteqrasiyaya getdiyini göstərir və regionun gələcək inkişafı üçün strateji yol xəritəsi rolunu oynayır”.

Röya İsrafilova