“Tramp mənfi ictimai rəydən müvəqqəti olaraq yayınmağa çalışır” Siyasət

“Tramp mənfi ictimai rəydən müvəqqəti olaraq yayınmağa çalışır”

"Donald Tramp ABŞ-ın Asiya və Sakit Oken Ticarət və İnvestisiya anlaşmasından çıxacağını bəyan edib. O, ilk dəfə bu haqda seçki kampaniyası dövründə danışıb. Hətta ABŞ-ın Asiya Sakit Okean Ticarət və İnvestisiya anlaşmasına daxil olmayacağını bəyan edirdi. Əvəzində isə çalışırdı ki, Asiya ölkələri ilə ikitərəfli ticarət sazişləri imzalasın. Bu yanaşma ABŞ-ın Asiya-Sakit Okean regionunda mövqeyinə mənfi təsir göstərib". Bunu ABŞ Prezidenti Donald Trampın Asiya turunun nəticələrini şərh edən siyasi analitik Sülhəddin Əkbər deyib. Sülhəddin Əkbərin qənaətincə, Tramp Asiya səfəri ilə bir tərəfdən çalışır ki, ABŞ-da onun əleyhinə işləyən mənfi ictimai rəydən müvəqqəti olaraq yayınsın, digər tərəfdən isə Asiya ölkələri ilə əlverişli ikitərəfli ticarət sazişləri imzalamaqla öz siyasətinin doğru olduğunu göstərməyə çalışsın: "Mənim şəxsi fikrimcə, Tramp buna nail olmadı. ABŞ-ın dünyanın ən böyük iqtisadi güc olduğunu nəzərə alsaq, Vaşinqton Asiya-Saki Okean müqaviləsində qalmaqla daha böyük iqtisadi güc əldə edə, maraqlarını daha yaxşı təmin edə bilər və regionda özünün geopolitik maraqlarını daha effektiv qoruya bilərdi. İndiki halda qeyd edilən birlikdən kənarda qalmaqla, yalnız ikitərəfli əlaqələr qurmaqla Trampın uğur qazanacağına inanmıram.
Əksinə, bu durumdan Çin faydalanmağa çalışacaq. Artıq Çin 2030-cu ildə qlobal liderlik hədəfini məyyən edib. Çində Kommunist Partiyasının son qurultayında baş katib elan etdi ki, 2030-cu ildə Çin qlobal liderliyi ələ almasa da, qlobal liderə alternativ güc mərkəzi olmağı hədəfləyib. Yəqin ki, Ağ Evdə bunu nəzərə almaq məcburiyyətində qalacaqlar".
Sülhəddin Əkbər əlavə edib ki, Asiya turu çərçivəsində Prezident Tramp həm də Şimali Koreya probleminin diplomatik-siyasi vasitələrlə həllinə nail olmağa çalışıb: "Açığı, ABŞ-ın bu məsələdə Çinə bağladığı ümidlər puça çıxdı. İndi Tramp çalışır ki, Rusiyadan dəstək alsın. Ancaq Tramp-Putin görüşü baş tutmadı. Yalnız dəhliz söhbətləri baş verdi və bu söhbətlər zamanı da əvvəlcədən razılaşdırılan Suriya bəyanatı verilməsi razılaşdırıldı. Rusiyanın Amerika ilə münasibətlərinin soyuq olduğu indiki mərhələdə Moskvanın Şimali Koreya məsələsində Trampa dəstək verəcəyini düşünmürəm. Əksinə, böyük ehtimalla Rusiya Çinlə birlikdə Şimali Koreya böhranının getdikcə dərinləşməsini arzu edəcək. Yəni bu məsələdə Kremlin Tramp hökumətinə diplomatik və siyasi dəstək verəcəyi inandırıcı deyil. Əgər bu dəstək olacaqsa, formal olacaq və problemin həllinə kömək etmək məqsədi güdməyəcək. Nəzərə almaq lazımdır ki, Moskva və Pekin açıq şəkildə Pxenyanın nüvə silahına malik olmasında maraqlı olduğunu göstərmək istəmir. Çünki hər iki ölkə nüvə silahının yayılmamasına dair beynəlxalq müqavilənin iştirakçısıdır. Bu ölkələr açıq formada Pxenyanın nüvə silahına malik olmasına tərəfdar çıxmasalar da, əl altından Şimali Koreya probleminin şişməsini və bunun ABŞ-ın başını qatmasını istəyəcəklər".