“BMT qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır“ Siyasət

“BMT qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır“

"Azərbaycan hökuməti adından Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini təqdim etmək mənim üçün böyük şərəfdir".
Bunu noyabrın Parisdə Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbulda çıxışında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.
Mehriban Əliyeva bildirib ki, Azərbaycan 2000-ci ildən "Expo" hərəkatının fəal üzvüdür: "Bizim pavilyonlarımız son üç sərgidə - 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb. Beynəlxalq Sərgilər Bürosunun işinə sadə töhfəmizin bu cür qiymətləndirilməsindən qürur duyuruq".
Mehriban Əliyeva 2018-ci ildə ölkəmizdə müsəlman dünyasında ilk parlamentar və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd ediləcəyini bildirib. Birinci vitse-prezident deyib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu respublika irqindən, etnik mənsubiyyətindən, dinindən, cinsindən və sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarının hüquqlarının bərabərliyinə hörmət prinsipinə əsaslanan müasir Azərbaycan dövlətçiliyinin demokratik ənənəsinin təməlini qoyub: "Hələ 1918-ci ildə Azərbaycan dünyada kişilərlə bərabər qadınlara siyasi hüquqlar verən, o cümlədən səsvermə hüququ verən ilk ölkələrdən biri olub.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra biz dərhal müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdik. Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunmuşdur və işğal hələ də davam edir. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".
Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan öz nadir geostrateji mövqeyindən faydalanaraq Avropa ilə Asiya arasında qarşılıqlı əlaqəni yaradan əsas tərəfə çevrilib və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biri olub: "Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, 2017-ci il oktyabrın 30-da açılışı qeyd edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi bir sıra nəhəng beynəlxalq infrastruktur layihələrinin təşəbbüskarı olub və onları həyata keçirib. Uzunluğu 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən ən qısa yoldur.
Bu gün biz həmçinin beynəlxalq bazarlar üçün yeni təbii qaz mənbəyi olan və Avropanın enerji təhlükəsizliyini gücləndirən, dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin reallaşmasında aparıcı rol oynayırıq. Bu nümunələrin hər zaman ən böyük dəyəri - müxtəlif qitələr, ölkələr, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu, bacarıq və biliklərin mübadiləsini təşviq edən qədim İpək Yolunun bərpasına Azərbaycanın verdiyi əməli töhfəni sübuta yetirir".
Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır: "Təklifimiz uğurlu olarsa, Bakı bütün Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq.
Biz sərgi məkanının yaradılmasına və istismarına bütün lazımi vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazırıq.
Sonda Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün bizim təklifimizi dəstəkləmək məqsədilə əsas məqamları bir daha diqqətinizə çatdırmaq istəyirəm:
1. Bizim müxtəlif dinlərə və etnik mənşəyə mənsub olan insanlar arasında multikulturalizm və qarşılıqlı hörmət ənənələri ilə zəngin olan qədim tariximiz var.
2. Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyimiz Ümumdünya Sərgisinin keçirilməsi üçün yeni bir məkandır.
3. Biz siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik gənc müstəqil ölkəyik.
4. Sürətlə inkişaf edən infrastruktura malik Bakı şəhəri özündə tarixin və müasirliyin nadir qarışığını təcəssüm etdirir.
5. Azərbaycan turist axınının sürətlə artdığı və 90-dan artıq ölkənin vətəndaşlarına asan girişi və onlara elektron vizaların verilməsini təmin edən ölkədir.
6. Zəngin mətbəximiz, xoş iqlimimiz və ənənəvi qonaqpərvərliyimiz əlbəttə ki, bizim üstünlüyümüzdür.
Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaq.
Bu, həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaq.
2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq".