Azərbaycan - Ukrayna münasibətlərində gözləntilər Siyasət

Azərbaycan - Ukrayna münasibətlərində gözləntilər

Arzu Nağıyev: "Ölkəmiz Ukraynanın yeni rəhbərliyi ilə bütün sahələrdə strateji tərəfdaşlığı davam etdirəcək"
Ərəstun Baxşəliyev: "Bir dövlətin ərazi bütövlüyünə təhdid varsa, Azərbaycanın bu ədalətsizliyə göz yumması qeyri-mümkündür"
Ramiz Alıyev: "Rəsmi Bakı yenə də GUAM çərçivəsində əməkdaşlığı davam etdirəcək"

Ukraynada prezident seçkilərindən sonra Ukrayna Azərbaycan münasibətlərinin hansı məcrada inkişaf edəcəyi, eləcə də GUAM çərçivəisndə əməkdaşlığın taleyi maraq doğurur. Bir sıra ekspertlər iki ölkə arasındakı münasibətlərin bundan sonra da müsbət istiqamətdə inkişaf edəcəyi qənaətindədirlər.
Politoloq Arzu Nağıyev bildirdi ki, keçirilən prezident seçkilərindən sonra da Azərbaycan Ukrayna ilə qarşılıqlı strateji tərəfdaş olaraq qalacaq: "Buna sübut kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin cənab Pyotr Poroşenkoya təbrik məktubu göndərməsini və həmin məktubda, Azərbaycan ilə Ukrayna arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin hər iki xalqın və ölkənin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcəyini və genişlənəcəyini bəyan etməsini göstərmək olar.
Məlumdur ki, ABŞ və Avropa Birliyi ölkələri, Türkiyə, hətta Belorus da Poroşenkonu təbrik edərək onu Ukrayna prezidenti kimi qəbul etdilər. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin ona təbrik məktubu ünvanlamayıb və andiçməyə dəvətli deyil, bununla belə Bütün Rusiya və Moskva patriarxı Kirill də öz təbrikini göndərib. Düşünürəm ki, Ukrayna Azərbaycan münasibətləri bundan sonra da Krım hadisələri və şərq regionlarında baş verən məlum hadisələrə görə müəyyən korrektələrə məruz qalsa da, istər strateji istiqamətlərdə, istər iqtisadi, hərbi və digər sahələrdə dinamik şəkildə müsbətə doğru davam etdiriləcək".
Politoloq Ərəstun Baxşqəliyev diqqətə çatdırdı ki, Azərbaycan bütün dövlətlərlə eyni müstəvidə münasibət qurur: "Kimin kimlə münasibəti pis və ya yaxşıdırsa, bunun Azərbaycana heç bir dəxli yoxdur. Hər bir dövlətin öz maraqları var və o dövlətlər də məhz bu prizmadan yola çıxır. Rəsmi Bakının da öz maraqları və bu maraqlardan qaynaqlanan xarici siyasət kursu var. Bu kurs dünyada və regionda baş verən proseslərdən asılı olaraq bu və ya digər dərəcədə dəyişə də bilər. Əsas amil isə yenə də məhz Bakının yürütmüş olduğu siyasətdə milli maraqların və təhlükəsizlik amilinin nəzərə alınmasıdır. Əlbəttə ki, rəsmi Bakı hər zaman regionda və dünyada sülhün bərqərar olması, dövlətlərarası münasibətlərin normal məcrada yürüməsini istəyir. Ancaq bu olmazsa, buna cavabdehliyi də rəsmi Bakı daşımır və o stabil bir şəkildə öz yoluna davam edər. Biz İsrail dövləti ilə münasibətlər qurub onun inkişaf etdirilməsində maraqlıyıq. İran isə Ermənistanla öz münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. O cümlədən bizim Ukrayna ilə də münasibətlərimiz əvvəl necə idisə, indi də o cür davam edəcək. Bizim rəsmi Kiyevlə münasibətlərimiz çox normaldır və bu münasibətlər strateji tərəfdaşlığa dayanır. Ölkələrarası münasibətlər bütün sahələrdə uğurla inkişaf etdirilir və gələcəkdə də bu istiqamətdə mühüm addımların atılacağına inanıram. Ukrayna Rusiya münasibətlərinin gərgin situasiyada olması kontekstində Bakının mövcud problemə baxış bucağına gəlincə isə, Azərbaycan məsələlərə beynəlxalq hüquq normaları və ədalətlilik prizmasından baxır və bunu rəhbər tutaraq hərəkət edir. Əlbəttə, əgər bir dövlətin ərazi bütövlüyünə təhdid varsa, Azərbaycanın bu ədalətsizliyə göz yumması qeyri-mümkündür. Digər tərəfdən əgər hər hansı bir dövlətə qarşı hansısa bir blok və ya ittifaq meydan oxuyursa və bu gücün qarşılığında dolayısıyla milli maraqlarımıza zərbə dəyirsə, o zaman təbii ki, buna qarşı da Bakının atmış olduğu addımlar tarazlayıcı və ölçülmüş addımlar olur. Bizim üçün reallıqda bir düşmən var. O da Ermənistandır. Biz rəsmi Kiyevin ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşırıq. Tərəflərarası münasibətlərimizi isə həm ikitərəfli, həm də çoxtərəfli formatda, eyni zamanda milli maraqlar kontekstində inkişaf etdirməkdə təbii ki maraqlıyıq".
Politoloq Ramiz Alıyev dedi ki, Azərbaycan hər bir dövlət və beynləxalq təşkilatla öz milli maraqlarına uyğun şəkildə münasibət qurur: "Azərbaycan hər bir ölkənin ərazi bütövlünü tanıyır və hörmətlə yanaşır. Eyni qayda ilə də ölkəmizə və ərazi bütövlüyümüzə hörmətlə yanaşmanı tələb edir. Azərbaycanın xarici siyasət kursunda hansısa bir ölkənin daxili işinə qarışmaq kimi fəaliyyət və niyyət yoxdur. Bütün beynəlxalq təşkilatlarla da ölkəmizin normal münasibəti var və bu münasibətlər də yüksək səviyyədə davam etməkdədir. Hesab edirəm ki, rəsmi Bakı GUAM çərçivəsində əməkdaşlığı da əvvəlki kimi yenə də davam etdirəcək. Azərbaycan müstəqil, milli maraqlarına zidd olmayan, milli təhlükəsizliyinə xərər gətirməyən xarici siyasət yürüdür".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır, yeni hakimiyyət də Azərbaycanla strateji əməkdaşlığı qurmaq məcburiyyətindədir: "Bu ərəfədə Ukraynanın yeni prezidentinin Azərbaycana, Azərbaycan prezidentinin də Ukraynaya dəvət olunması aktuallaşa bilər. Ukrayna və Azərbaycan GUAM təşkilatının üzvüdür. Ukrayna xalqı özünə yeni prezident seçib və Azərbaycan xalqı bu ölkənin yeni rəhbərliyilə əlaqələr qurmalıdır. Gürcüstandakı məxməri inqilabdan sonra Mixail Saakaşviliyə münasibəti xatırlatmaq yerinə düşər. Hə baş verdi? Gürcüstan Azərbaycanın strateji tərəfdaşı oldu, məhz həmin Saakaşvili ilə sıx əlaqələr quruldu. Saakaşvili ilə münasibətlər zəminində Gürcüstana böyük investisiyalar yatırıldı, birgə layihələr, boru xətləri, Bakı-Tiflis-Qars dəmiryolu xətti ortaya çıxdı. Gürcüstanın yanımızda olması bizim milli maraqlarımıza və təhlükəsiliyimizə cavab verir deyə, belə addımlar atıldı. Deyək ki, yerləşdiyi coğrafi mövqeyinə görə Ukrayana Gürcüstan qədər bizə yaxın olmasa da, bu ölkə bizə strateji müttəfiqdir. Əminəm ki, hakimiyyət Poroşenko ilə də isti münasibətlər quracaq və Ukraynanın yeni hakimiyyəti Azərbaycan üçün bu ölkəyə daha böyük investisyalar yatırmaq imkanları yaradacaq".

Əli