“Ermənistan rəhbərliyi ağlını itirib” Siyasət

“Ermənistan rəhbərliyi ağlını itirib”

Novruz Məmmədov: "İşğalçı ölkə Avrasiya İttifaqına yalnız BMT-nin tanıdığı sərhədlər içərisində daxil ola bilər"

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib.
O, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması problemindən söz açıb, prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının 29 may iclasına xüsusi məktub göndərməsinə toxunub: "Ermənistan rəhbərliyi dalana dirənib, prosesi bundan sonra da uzatmaq üçün arqumentləri qalmayıb, amma hər vəchlə işğal siyasətini davam etdirməyə çalışırlar. Azərbaycan prezidenti də Ermənistan rəhbərliyinin məkrli siyasətini nəzərə alaraq ölkəmizlə tərəfdaşlıq edən dövlətlərə Azərbaycanın rəsmi mövqeyini bildirdi. Ali Avrasiya İqtisadi Şurasına göndərilən məktubun mahiyyəti ondan ibarətdir ki, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Ermənistan silahlı qüvvələri bu işğalı indiyədək davam etdirir. BMT ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına, BMT Təhlükəsizlik Şurasının və bütün nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələrinin olmasına, eləcə də, ATƏT-in Minsk qrupu həmsədrlərinin status-kvonun dəyişdirilməsinin zəruriliyi ilə bağlı fikirlərinə baxmayaraq Ermənistan rəhbərliyi beynəlxalq hüquqa məhəl qoymadığını nümayiş etdirir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistan Avrasiya İttifaqına BMT-nin tanıdığı sərhədlər içərisində daxil ola bilər. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin məktubla bağlı Ermənistan prezidentinə müraciəti də məktuba verilən müsbət reaksiya kimi dəyərləndirilir".
Novruz Məmmədov qeyd edib ki, Ermənistan rəhbərliyinin başqa çıxış yolu yoxdur: "20 ildən çoxdur onlar özlərini çətin vəziyyətə salıblar. Deyəsən, Ermənistan rəhbərliyi ağlını itirib, çünki əgər onlarda normal düşüncə olsa idi, SSRİ-nin dağılmasından sonra Azərbaycanla münasibətlərə zərər vurmadan regionda sülh içərisində yaşayardılar, Dağlıq Qarabağ əhalisi Azərbaycanın tərkibində hər zaman olduğu kimi firavan ömür sürərdi. Ermənistan yalnız Azərbaycanla əməkdaşlıq şəraitində normal inkişaf edə bilər. Onsuz da Ermənistan hər zaman təbii sərvətlərlə, kənd təsərrüfatı məhsulları ilə daha zəngin olan Azərbaycana möhtac olub. Ermənistanın bugünkü uğursuzluqlarının əsas səbəbi işğalçı ölkə rəhbərliyinin ölkənin, xalqın gələcəyini deyil, öz maraqlarını düşünmələridir. Erməni lobbisini də əslində Ermənistan əhalisinin vəziyyəti maraqlandırmır. Təsadüfi deyil ki, Ermənistanda sosial, iqtisadi, demoqrafik böhran getdikcə dərinləşir.
Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının digər bir səbəbi isə beynəlxalq münasibətlərdə ədalət prinsipinin pozulmasıdır. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar da çox zaman münaqişələrin həllində bu prinsipin tətbiqinə nail ola bilmirlər, yaxud bunu istəmirlər. Ədalət prinsipinin çatışmazlığı, beynəlxalq hüququn bir çox hallarda öz təsir gücünü itirməsi 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyətin yanaşmasında da özünü göstərir. Lakin heç bir şübhə yoxdur ki, siyasi, iqtisadi, hərbi cəhətdən güclənən Azərbaycan gec-tez öz ərazi bütövlüyünü, işğal altındakı torpaqlar üzərində suverenliyini bərpa edəcək".

TURQUT