Elçin Əmirbəyov Çexiyada görüşlər keçirib Siyasət

Elçin Əmirbəyov Çexiyada görüşlər keçirib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Çex Respublikasına baş tutmuş işgüzar səfəri çərçivəsində o, Çexiya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hynek Kmoníček, xarici işlər nazirinin birinci müavini Jiří Brodský, Prezident Administrasiyasının Xarici siyasət departamentinin direktoru vəzifəsini icra edən Lucie Nebesářová və Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədr müavini Jiří Skopeček ilə görüşlər keçirib.

Danışıqlar zamanı Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bu münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd olunub. Tərəflər 2026-cı ilin yanvar ayında Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrej Babiš arasında keçirilmiş görüşü məmnunluqla xatırlayaraq, ən yüksək səviyyədə təmasların yaxın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Çexiya tərəfi siyasi dialoqun intensivləşdirilməsi, eləcə də ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Xüsusilə enerji, nəqliyyat, sənaye, müdafiə və digər prioritet sahələrdə tərəfdaşlığın dərinləşdirilməsinə maraq ifadə olunub.

Keçirilmiş görüşlərdə Çexiya tərəfi Azərbaycan ilə müxtəlif sahələr üzrə formalaşmış səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Bu xüsusda, həmçinin iki ölkənin regionlararası əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub. Parlamentlərarası əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşlərdə həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərə toxunulub. Çexiya tərəfi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyətini vurğulayıb. Çexiya rəsmiləri Azərbaycanı Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağı kimi qiymətləndirərək, ölkəmizi Aİ üçün Mərkəzi Asiyaya etibarlı və strateji çıxış qapısı kimi xarakterizə ediblər. Aİ ilə Azərbaycan arasında münasibətlərdə xüsusilə son dövrlərdə müşahidə olunan müsbət dinamika Çexiya tərəfindən alqışlanıb.

Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib. O, cari il ərzində Ermənistanda keçiriləcək parlament seçkilərinin və bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün keçiriləcək referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından vacib rol oynayacağını diqqətə çatdırıb. Çexiya tərəfi Azərbaycanın sülh gündəliyini dəstəklədiklərini qeyd edərək, sülh sazişinin qısa müddətdə imzalanmasının vacibliyini vurğulayıb.

Elçin Əmirbəyov səfər çərçivəsində Çexiyanın nüfuzlu beyin mərkəzlərindən biri olan Siyasət və Cəmiyyət İnstitutunda təşkil olunmuş dəyirmi masada çıxış edib, “CNN Prima News” televiziya kanalına və “Europe” jurnalına müsahibələr verib.