“Azərbaycan azərbaycanlıların dövlətidir” Siyasət

“Azərbaycan azərbaycanlıların dövlətidir”

Elçin Mirzəbəyli: "Azərbaycan dilinin və mədəniyyətinin daşıyıcısı olmayan, istiqlal məfkurəmizə, milli hədəflərimizə sədaqəti şübhə doğuran şəxslər heç bir halda yüksək dövlət postlarında təmsil oluna bilməzlər"

"Dil və mədəniyyət milli kimliyi ifadə edən ən mühüm atributlardan biri və bəlkə də birincisidir. Bu baxımdan, özünü rus mədəniyyətinə aid edən və rus dilini özünün əsas düşüncə və ünsiyyət dili sayan istənilən şəxs rus milli kimliyinin daşıyıcısı sayılmalıdır. Rusdilli ifadəsini qəbul etmirəm və bunun Rusiya tərəfindən uzun illərdir ki, həyata keçirilən yumşaq assimilyasiya siyasətinin tərkib hissəsi olduğunu düşünürəm".
Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Bakıda yaşayan rus icması ilə görüşdə səsləndirdiyi fikirlərinə münasibətini açıqlayan BAXCP sədrinin müavini Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəyli BayMedia-ya açıqlamasında milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının bərabər konstitusion hüquqlara malik olduğunu bildirib və eyni zamanda qeyd edib ki, Azərbaycan ilk növbədə azərbaycanlıların dövlətidir: "Yüksək dövlət postlarına təyinatlar ayrı-ayrı ölkələrin diplomatlarının arzu və istəkləri ilə aparılmır və aparılmamalıdır da. Azərbaycan dilinin və mədəniyyətinin daşıyıcısı olmayan, istiqlal məfkurəmizə, milli hədəflərimizə sədaqəti şübhə doğuran şəxslər heç bir halda yüksək dövlət postlarında təmsil oluna bilməzlər. Və bu baxımdan, Rusiya səfirinin "Azərbaycan dilini və tarixini bilmək və Azərbaycan cəmiyyətinə tam interqrasiya olunmaq" barədə fikirlərinə müsbət yanaşıram. Ümid edirəm ki, Vladimir Doroxinin məqsədi Azərbaycan vətəndaşı olan azsaylı rusların cəmiyyətimizə tam inteqrasiyasına yardım etməkdir. Amma hesab edirəm ki, bu prosesi Rusiya səfiri deyil, Azərbaycanın müvafiq dövlət qurumları həyata keçirməlidir".

XC