İqtisadi əməkdaşlıq, yaxud imperiya ambisiyası? Siyasət

İqtisadi əməkdaşlıq, yaxud imperiya ambisiyası?

Azər Rəşidoğlu: "Gömrük İttifaqı isə MDB kimi amorf bir ideyadır və onun ciddi olacağına inanmıram"
Vüqar Zifəroğlu: "Rusiya Qərbə təzyiqini gücləndirmək istəyir"
Zahid Oruc: "Avrasiya İqtisadi İttifaqını müstəqilliyimizi qəsb edən qurum kimi təsəvvür etmək səhv olardı"

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib ki, inteqrasiyanın bütün formaları müzakirə ediləndir və açıqdır: "Azərbaycanın istər Avrasiya İqtisadi Birliyi, istər Gömrük İttifaqı, istərsə də inteqrasiyanın başqa formalarına iştirakı konkret müzakirələrin predmetidir. Burada heç bir qadağa mövcud deyil. Hesab edirəm ki, Azərbaycanın bu razılaşmalarda iştirakı məntiqli olardı". Ulyukayev xatırladıb ki, Azərbaycan MDB-nin azad ticarət rejimindən faydalanır: "Amma daha irəli getmək lazımdır. Avrasiya İqtisadi Birliyi təkcə malların azad ticarət bazarı deyil, həm də burada xidmətlər, sərmayə, işçi qüvvəsi də nəzərə alınır. Bu biznesin qorunması deməkdir".
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev isə deyib ki, Azərbaycan heç bir ittifaqa, o cümlədən Avropa Birliyi və ya Avrasiya İqtisadi Birliyinə daxil olmağı nəzərdən keçirmir.
Şahin Mustafayev bildirib ki, Azərbaycanın Rusiya ilə ticarət rejimində heç bir problem yoxdur. Nazir əlavə edib ki, bu, Azərbaycan üçün rahat, normal rejimdir.
Ümumiyyətlə Avrasya İqtisadi Birliyi və Gömrük İttifaqının yaradılmasında əsas məqsəd nədir?
Millət vəkili Zahid Oruc bildirib ki, məsələ Azərbaycanın siyasi elitası tərəfindən müzakirə olunur. Millət vəkilinin sözlərinə görə, ölkəmizin maraqları kontekstində daha dərindən təhlil edilərək qərar veriləcək. O, hesab edir ki, Avrasiya İqtisadi İttifaqını hansısa şəkildə çox qorxulu, təhlükəli və milli müstəqilliyimizi qəsb edən qurum kimi təsəvvür etmək səhv olardı: "Etiraf etmək lazımdır ki, informasiya məkanımızda bunu təbliğ, kultivatsiya edən məlumatlar geniş yayılır və bu da müəyyən maraqlı dairələrin əlilə həyata keçirilir. Qazaxıstan, Belarus və ora qoşulacaq digər dövlətlərin də maraq və mənafelərilə necə hesablaşmalı olduğunu hamı bilir. Burada bir ölkənin dominantlıq təşkil etməsi və başqa dövlətləri diktə etməyi, bütün məsələlərdə onların iqtisadi-siyasi səlahiyyətlərini üzərinə götürməsi kimi bir məsələni də vurğulamaq yanlışdır. Çünki müasir dönəmdə bu o qədər də asan məsələ deyil. Hətta Rusiyanın özü Avropa İttifaqı ilə iqtisadi əlaqələr fonunda geniş münasibətlər qurub. O cümlədən NATO xəttilə normal ticarət dövriyyəsi mövcuddur. Belə olan halda hansı ölkəni xarici iqtisadi əlaqərindən qoparıb tamamilə Avrasiya İqtisadi İttifaqından asılı etmək mümkündür? İstəməzdim ki, 90-cı illərin bəlli saforitlərindən, məlum təhlükəsaçan düşüncələrindən çıxış edib qiymət verək. Bununla onu da söyləmək istəmirəm ki, günü sabah həmin quruma daxil olmalıyıq, qeyd-şərtsiz onların öhdəliklərinə qoşulmalıyıq. Xeyr! Şübhəsiz ki, məsələ geniş ictimai müzakirələrdən, dövlətin münasib qurumlarının mühüm məlumatları və birgə analitik mətndən keçməlidir. Azərbaycan istənilən beynəlxalq quruma daxil olarkən ərazi bütövlüyünə dəstək qazanmaq, iqtisadi-siyasi mənafeyini qorumağı əsas götürür. Buna qarşı hansısa zərbə olacaqsa, dövlət rəhbərliyi o addımı atmayacaq. Ona görə də Ulyukayevin dəvəti nə qədər bizim üçün normal mövqedirsə və başa düşüləndirsə, digər tərəfdən hər bir halda Azərbaycan bütün bu məsələləri milli mənafeləri kontekstində dəyərləndirərək son addımını atacaq. Hesab edirəm ki, Ermənistanın da yer ala biləcəyi qurumun mahiyyətcə Avropa İttifaqına alternativ kimi təsəvvür edilməsi, bunun bloklaşma siyasətini dərinləşdirəcəyi, geopolitik müharibəni intensivləşdirəcəyi haqqında nəzəriyyətlər də çox yalnışdır. Çünki Avropa İttifaqının öz fəaliyyət prinsipləri var. Ona qarşı alternativ olmaq üçün gərək trilyon dollarla ticarət dövriyyəsini meydana çıxara biləsən, ümümdemokratik gəlişməyə nail olasan və sair. Amma indi Avrasiya İttifaqının geniş ticarət dövriyyəsi, siyasi imkanlar qurmaq, hərbi birliklər yaratmaq potensialı yoxdur. Ona görə də məsələni daha soyuqqanlı və ağılla ölçmək, adekvat cavab vermək lazımdır"
Siyasi şərhçi Azər Rəşidoğlu bildirdi ki, Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı Putinin SSRİ-ni bərpası səyindən başqa nəsnə deyil: "Rusiya məğlub olduğunu anlayır və Rusiyanın içəridən qarşısını almağın yollarını arayır və odur ki, belə populist təkliflərlə çıxış edir. Gömrük İttifaqı isə MDB kimi amorf bir ideyadır və onun ciddi olacağına inanmıram".
Politoloq Vüqar Zifəroğlu bildirdi ki, çoxdandır ki, reallaşması gözlənilən Avrasiya İttifaqının yaradılması ilə bağlı sazış bir neçə gün öncə imzalandı: "Hələ ideya olaraq ətrafında geniş müzakirələrə və fərqli yanaşmalara səbəb olan ittifaqı hətta SSRİ-nin yeni formatda yaradılmasına cəhd kimi də qiymətləndirənlər tapıldı. Rusiyanın yeni geosiyasi və geoiqtisadi formatlar ortaya atmasında başlıca hədəflər nədir və bu formatların hər hansı bir təsir gücü olacaqmı? İndi bu suallara məhz Avropada Ukraynanın timsalında qanlı çarpışmaların getdiyi, Yaxın Şərqdə isə Suriyanın timsalında Əsəd rejiminin bir çox proqnozları alt-üst edərək İran və Rusiyanın dəstəyi ilə hələ də ayaq üstə qalmasının fonunda cavablar axtarılır...
Avrasiyaçılıq nəzəriyyəsi bir geosiyasi və ideoloji konsepsiya olaraq hələ 20-ci əsrin əvvələrində formalaşıb. Əsasən rus fikir adamlarının ortaya atdığı bu ideya Türk dünyası ilə slavyan xalqlarının vahid etno-mədəni orqanizm olaraq birləşməsini və Qərbə qarşı real güc olaraq ortaya çıxmasını özündə təcəssüm etdirməkdə idi.
Sovet dönəmində isə Avrasiyaçılıq - Rusiyanın ABŞ-a qarşı Avropa və Asiyada duruş gətirə bilmək ideologiyasına çevrildi. Əslində çox cazibəli görünən və hətta məsələn, Lev Qumilyov kimi məşhur tarixçi-türkoloqların da müdafiə etdiyi bu nəzəriyyənin kökündə, ilk növbədə Rusiyanın imperialist maraqları dururdu. Hər bir idealist-siyasi nəzəriyyə zamanın acımasız təsiri ilə daha real şəkil aldığı kimi, Avrasiya nəzəriyyəsi də getdikcə öz ilk "günahsız" simasını dəyişərək, bu gün açıq şəkildə Rusiyanın siyasi iddialarını Qərbə nümayiş etdirmək formasını aldı...".
Onun fikrincə, Rusiya yeni format və model axtarışına başlayır: "Rusiya Qərbə təzyiqini gücləndirmək və post-sovet bölgəsində hələ də söz güc və nüfuz sahibi olduğunu göstərmək istəyir. Avrasiya İttifaqı məhz bunu Qərbə nümayiş etdirməyin forması olaraq Kreml tərəfindən ortaya atılıb. Lakin model, belə görünür ki, Rusiyaya dividendlər qazandırmaq yerinə əlavə "baş ağrısı" gətirəcək. Niyə?
Avrasiya İttifaqı Gömrük Birliyindən fərqli olaraq siyasi ittifaq kimi nəzərdə tutulurdu. Lakin bu ittifaqı yaradan digər iki tərəf müqabili - Belorusiya və Qazaxıstan da-a çox iqtisadi işbirliyində maraqlı olduqlarını tam çılpaqlığı ilə ortaya qoymuş oldular. Hətta Qazaxıstanın İttifaqın fəaliyyət istiqamətləri və prinsipləri ilə bağlı ciddi iradları olduğu aydın oldu. Rəsmi Astana bir çox prinsipial olaraq "Avrasiya İttifaqını" iqtisadi model olaraq gördüyünü açıq şəkildə ifadə etdi. Nəticədə Rusiyanın Qərbə alternativ güc olaraq fomalaşdırmaq üçün neçə zamandır ki, səy göstərdiyi siyasi birlik modeli, iqtisadi alyansa çevrildi...".
Onun fikrincə, iqtisadi alyans məsələsi də, Moskva üçün müəyyən problemlərə yol aça bilər: "Belorusiyanın və Qazaxıstanın iqtisadi mənada Rusiyadan gözləntiləri var. Ukrayna ilə faktiki olaraq müharibə aparan Moskvanın Qərbin ciddi iqtisadi sanksiyalarla üzləşməsi fonunda, atıla biləcək addımlar fatal nəticələr verə bilər. Belorusiya qarşılıqlı ticarətdə bütün məhdudiyyətlərin götürülməsini tələb edir. Bunu Likoşenko belorus xalqına müraciətində də bəyan edib. Burada əsas məqam Rusiyanın Belorusiyaya satdığı neftdən gömrük rüsumlarının ləğv edilməsi məsələsidir. Belorusiya ilə ittifaqın il ərzində 7-12 milyard dollara başa gəlməsini nəzərə alarsaq, Moskvanın məhdudiyyətlər bağlı tələbi qəbul etməsinin nələrə gətirib çıxara biləcəyini anlamaq çətin deyil. Rusiyanın forpostu Ermənistanın isə düşdüyü durum göz qabağındadır. Azərbaycanın Nazarbayevin əli ilə endirdiyi sarsıdıcı diplomatıik zərbə, ardınca da Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı Rusiyadan aldığı "rədd" cavabı, rəsmi Yerevanı nəinki iqtisadi, hətta daxildə ciddi siyasi problemlərə üz-üzə qoyub. Gömrük Birliyinin perspektivinin qaranlıq olmasını Qərblə münasibətlərində Moskvaya görə körpüləri yandırmaq istəməyən Ermənistanın belə bura daxil olmağa tələsməməsi sübut edir. Sözügedən birlik modelinin özünü doğrultmadığı bir zamanda Moskvanın eyni üç ölkə ilə yeni bir iqtisadi ittifaq qurması, sadəcə olaraq çabalamaqda olan Moskvanın öz siyasi iddialarını gerçəkləşdirmək məqsədi ilə ortaya atdığı çoxsaylı layihələrdən biri kimi qiymətləndirilə bilər. Birmənalı şəkildə vurğulanmalıdır ki, Ukraynanı öz içinə almayan Avrasiya İqtisadi İttifaqı iqtisadi nöqteyi nəzərdən "ölü doğulmuş" layihədir. Lkin bu layihə, hələ gələcək perspektivi nə qədər qeyri-müəyyən olsa belə Qərb üçün təzyiq alətidir".
Politoloq Natiq Miri isə deyib ki, Avrasiya modeli əslində bir siyasi model kimi düşünülüb: "Bu modeli Rusiyanın beyin mərkəzi sayılan və prezident Putinə yaxınlığı ilə seçilən professor Duqin tərəfindən hazırlanıb. Bildiyiniz kimi, Duqin millətçi xətti ilə seçilir. Putin Ukrayna hadisələri və ondan sonra məhz Duqinin dili ilə danışır. Avrasiya modeli əslində Rusiya tərəfindən hazırlanıb və burada əsas məqsəd Amerikasız Avrasiya siyasətidir. Yəni Amerikanın Avrasiyadan çıxarılmasını hədəfləyən layihədir. Bunun adını siyasi və iqtisadi blok qoysanız da, əsl mahiyyətdə Vaşinqtonun Avrasiya regionundan çıxarılması durur. Bu layihənin içərisində Türkiyə və digər Asiya ölkələri də var. Ola bilsin ki, gələcəkdə Asiya ölkələri də Avrasiya İqtisadi Blokunda iştirak edəcək. Çünki bu, bir siyasi model olaraq həyata keçirilsə, onun heç bir perspektivi olmayacaq. Həm də dediyiniz kimi, məhz Nazarbayevin və Belarus prezidenti Lukaşenkonun ciddi cəhdləri nəticəsində blokun əsasnaməsində mövcud olan siyasi müddəalar ortadan qaldırılıb. Beləcə, Avrasiya İqtisadi Bloku iqtisadi baxımdan cəlbedici model olaraq ortaya çıxdı. Amma buna siyasi rəng verilsə, dərhal mərkəzdən qaçma meylləri start götürəcək".

Əli