Türkdilli ölkələrin türk dilində zirvəsi Siyasət

Türkdilli ölkələrin türk dilində zirvəsi

Elman Cəfərli: "Ümid edək ki, gələcəkdə Türk Zirvəsi iştirakaçıları ortaq türkcədə danışacaqlar"

İyunun 4-5-də Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində dövlət başçılarının növbəti sammiti baş tutub. Məlum olduğu kimi, bu sammitin təşkili artıq ənənə halını alıb və 2009-cu ildən bəri hər il keçirilir. Sammitdə türkdilli dövlətlər arasında münasibətlər ali səviyyədə müzakirə edilir və qərarlar qəbul olunur.
Bodrumda keçirilən türk Zirvəsində qəbul olunan qərarlara və səslənən təkliflər nə vəd edir?
Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov toplantının nəticələri ilə bağlı deyib ki, Bodrumda keçirilən IV Zirvə toplantısında türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələri əhatə edən əlaqələrin qurulması üçün imkanların araşdırılmasına dair qərarlar qəbul edilib: "Prezident İlham Əliyevin Bodrumdakı çıxışı Azərbaycanın geniş imkanlarını bir daha ortaya qoyub. Tərəflər Azərbaycanın sədrliyi ilə təşkilatın ötən dövrdəki fəaliyyətini yüksək dəyərləndiriblər".
O, qeyd edib ki, Zirvə toplantısında qəbul olunmuş Bəyannamədə Dağlıq Qarabağ barədə maddənin salınması Azərbaycan üçün əhəmiyyətli bir məsələdir: "Digər tərəfdən, qəbul olunmuş qərara əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi vəzifəsini Azərbaycan tərəfi - Ramil Həsənov tutub. Təşkilata sədrlik Türkiyə tərəfinə keçib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Zirvə toplantısının Qazaxıstanda keçirilməsi barədə razılıq əldə olunub".
Siyasi şərhçi Elman Cəfərli diqqətə çatdırdı ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı bölgədə baş verən mühüm geoplitik hadisələrlə eyni vaxtda reallaşdığından böyük əhəmiyyət kəsb edirdi. Onun sözlərinə görə, Rusiyanın "Yeni SSRİ" layihəsinə-Avrasiya İqtisadi Birlyinə alternativ olaraq Türk Birliyinin gücləndirilməsi ciddi mesajdır: "Qazaxıstanın hər iki birlikdə olması Avrasiya məkanında böyük bir tarixi rəqabəti getdiyini göstərir. Bu ərazidə ya rus nüfuzu güclü olmalıdır, ya da türklərin siyasi iradəsi hakim olmalıdır. Ukraynda hadisələri panslavyanizmin məhv olduğunu ortaya çıxardı. Ukraynasız Rusiya qanadı qırılmış canlıya bənzəyir. Bu baxımdan tarixi şəraiti düzgün dəyərləndirmək və Türk Birliyinə önəm vermək lazmdır. Növbəti toplantılarda Özbəkistanın da Türk Zirvəsinə qatılması lazımdır. Daşkənd yönətimi 90-cı illərdə yaşanmış xoşagəlməz olaylar üzündən Türkiyə Cümhuriyyəti ilə yaranmış narazılığa son qoymalıdır. Xırda umu-küsülərə görə böyük perspektivi olan birlikdən Özbəkistanı kənarda qoymaq tarixi yanlışlıq olardı. Yəqin ki, böyük bir bölgədə-Avrasiyada rus nüfuzunun get-gedə zəiflədiyini, türk təsirinin get-gedə artdığını anlayan Daşkənd doğru qərarlar qəbul edəcək. Yeri gəlmişkən, son zirvə toplantısı son 20 ildə müstəqil türk dövlətlərinin milli soy-kökə qayıdışı, mənəvi yaxınlaşması istiqamətində xeyli məsafə qət etdiyini göstərdi. Zirvədə çıxış edən dövlət başçıları ingilis, rus dillərində deyil, öz dillərində-türk dilində danışdılar. Ümid edək ki, gələcəkdə Türk Zirvəsi iştirkaçıları tərcüməçisiz- ortaq türkcədə danışacaqlar".
Siyasi ekspert Əli Orucov dedi ki, türk dünyasının inteqrasiyası və möhkəm birliyinin yaranması, qlobal proseslərin gedişinə müsbət təsir göstərə bilər. Onun fikrincə, xüsusən də Avrasiyada türkdilli dövlətlərin iştiraki olmadan hər hansı problemlərin çözülməsi qeyri-mümkündür: "Bu baxımdan da Bodrumda keçirilən növbəti görüş birlik yolunda atılan addımların daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Doğrudur, bəyan olunduğu kimi əsas müzakirə məslələri mədəniyyət, turizm sahələrini ehtiva etsə də, gələcəkdə buraya digər məaqmların da əlavəsi şübhəsizdir. Bodrumda keçirilən toplantıda diqqət çəkən məqamlardan biri də, bəlkə də ən əsası da liderlərin və iştirakçıların əvvəlki kimi rus dilindən deyil türk dilindən istifadə etmələridir. Türkdilli dövlətlərlə sıx münasibətlərin qurulması Azərbaycanın haqq səsinin daha ucadan eşidilməsi və maraqlarının müdafiəsi baxımından vacibdir. Avrasiya Gömrük İttifaqının yaradılması ilə bağlı Qazaxısatnın Ermənistana sərgilədiyi mövqeyi türkdilli dövlətlərin birlik və əməkdaşlığının bəhrələrindən biri kimi qiymətləndirmək olar".
Politoloq Qabil Hüseynli isə hesab edir ki, əvvəllər Türkdilli Dövlətlərin dövlət başçılarının zirvə toplantısı mütəmadi şəkildə keçirilirdi: "Lakin xarici dövlətlərin müdaxiləsindən sonra bu sammitlər öz fəaliyyətini dayandırdı. Yenidən bu sammitlərin fəaliyyətinin bərpa edilməsi müsbət hadisədir. Bundan əvvəl Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılmışdı. Qərargahı Bakıda yerləşən assambleyanın artıq 3-cü görüşü keçirilib. Keçən il ölkəmizdə Türkdilli Dövlətlərin dövlət başçılarının zirvə toplantısı baş tutdu. İlk vaxtlar sammitdə 4 dövlətin - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları iştirak edirdi. Bodrumda keçirilən sammitə Türkmənistan da qatılmışdı. Bu da onun göstərir ki, türkdilli dövlətlərin əməkdaşlıq sferası xeyli genişlənib və bura yeni fəal oyunçular daxil olmaqdadır. Hazırda Özbəkistandan səs yoxdur. Halbuki əvvəlki illərdə sammitlərdə fəal iştirak edirdi. İnanıram ki, yaxın gələcəkdə Özbəkistanı da bu sıralarda görə biləcəyik. Bununla da müstəqilliyi olan türk dövlətlərinin 6-sının iştirakı ilə böyük sammitin keçirilməsi baş tutacaq. Dünyada türk toplumlarının kifayət qədər çox olmasına baxmayaraq, onlar muxtar vilayət səlahiyyətlərindədirlər. Bu səbəbdən də onların belə geniş siyasi inteqrasiyaya getmək imkanları yoxdur. Çünki tərkibində olduqları dövlətlər buna imkan vermirlər.
Ümumilikdə bu toplantının keçirilməsini siyasi hadisə hesab edirəm. Bundan əvvəl Tbilisidə Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə geniş bir forum təşkil edilmişdi. Burdan da belə bir nəticəyə gəlmək olar ki, bu kimi tədbirlərin gələcəyi olduqca perspektivlidir. Çünki burada əsas aparıcı qüvvələr Türkiyə və Azərbaycandır. Təbii ki, Gürcüstanın da belə ciddi birliyə ehtiyacı var. Cənubi Qafqaz və Orta Asiya daxil olmaqla bu məkanda ciddi siyasi inteqrasiya prosesləri gedir. Nəticə etibarı ilə bu dövlətlər həm özünü müdafiə məqsədi, həm də dünya siyasətinə fəal təsir etmək imkanlarına malik olmaq qüdrətinə sahib olmaq üçün birliklər yaradırlar. Odur ki, bu tədbirə böyük əhəmiyyət verirəm. Çünki türk dövlətlərinin birliyi post- sovet məkanında yeni qüvvələr nisbətinin formalaşmasına ciddi təsir göstərə bilər. Eyni zamanda bu dövlətlərin birgə razılaşdırılmış siyasət yürütmələri dünyadakı geosiyasi proseslərə təsir etmək imkanı qazana bilər. Görüş və onun iştirakçılarının sayının artması müsbət haldır. Əminəm ki, görüşün nəticəsində yaranacaq yeni əməkdaşlıq qurumu hələlik iqtisadi sahələri əhatə edəcək. Görüş həm də Azərbaycanın özünün də strateji mövqelərinin möhkəmləndirməsinə ciddi təsir edəcək".

Əli