“Qubadakı toplu məzarlıq ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi göstərir” Siyasət

“Qubadakı toplu məzarlıq ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi göstərir”

Isa Həbibbəyli: "Bu vəhşiliyi göstərmək üçün qətlə yetirilmiş bəzi insanların sümükləri qorunub saxlanılıb"

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi göstərən Qubadakı kütləvi məzarlığında aparılan yenidənqurma işləri və sümüklərin basdırılması Azərbaycan cəmiyyətinin şəhid olmuş insanlara öz hörmət və ehtiramını ifadə etmək üçün həyata keçirilir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəylinin sözlərinə görə, Quba məzarlığında mövcud vəziyyətin araşdırılması və təkliflərin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə yaradılan komissiya 1 il əvvəl yerində məsələlərə baxıb və orada yerli icra orqanlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirib, mövcud vəziyyəti dəyərləndirib. Komissiya təkliflər hazırlayaraq Prezident Administrasiyasına təqdim edib.
İ.Həbibbəyli bildirib ki, komissiyanın verdiyi təkliflərdən biri də toplu məzarlarda olan meyitlərin milli və dini dəfn qaydalarına uyğun olaraq, yenidən torpağa tapşırılması olub:
"Ermənilər onları vəhşicəsinə qətlə yetirərək quyulara doldurublar. Onlar milli və dini adətlərə uyğun dəfn edilməyiblər. Ona görə də komissiyanın verdiyi təkliflərdən biri bu idi ki, həmin toplu məzarlarda olan cəsədlər müəyyən olunsun, onların sümükləri milli və dini dəfn qaydalarına uyğun olaraq, yenidən torpağa tapşırılsın. Onlar da bir insan kimi də məzara dəfn edilməlidir və bu, normal bir haldır. Məncə, burada həm dini qayda-qanunlara, həm də elmi prinsiplərə əməl edilib".
Məzarlıqda dəfn olunan insanlar arasında müxtəlif millətlərin nümayəndələrinin olduğunu deyən İ.Həbibbəyli qeyd edib ki, ermənilər tərəfindən qətlə yetirilənlər arasında azərbaycanlılar çoxluq təşkil etsə də, yəhudilər, ləzgilər və digər millətlər də var.
İ.Həbibbəyli qeyd edib ki, artıq insan sümükləri milli və dini qaydalara uyğun olaraq, ayrı-ayrı məzarlarda dəfn edilib:
"Bu proses həm şəriət, həm elmi qanunauyğunluqlara uyğun şəkildə icra edilib. Məzarlıqlar dağılmasın deyə onların üstü örtülüb. Orada hazırda yenidənqurma işləri davam etdirilir. Qubadakı toplu məzarlıq ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi göstərir. Bu vəhşiliyi göstərmək üçün qətlə yetirilmiş bəzi insanların sümükləri qorunub saxlanılıb. Bütün hallarda Azərbaycan cəmiyyəti şəhid olmuş insanlara öz hörmət və ehtiramını ifadə etmək üçün bu yenidənqurma işlərini aparır".
Xatırladaq ki, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığı 2007-ci il aprelin 1-də aşkarlanıb. 514 kvadratmetr sahəsi olan məzarlığın 494 kvadratmetr ərazisində tədqiqatlar aparılıb. Həmin ərazidə içi insan sümükləri ilə dolu olan 2 quyu və 2 arx aşkarlanmışdı. Həmin quyulardan biri baxımsızlıq üzündən 2007-2008-ci ildə dağılıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin dekabrında Quba şəhərində Soyqırım Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.