Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçirilib Siyasət

Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçirilib

BBC-nin bu toplantını canlı yayımlaması nəyə xidmət edir?

Cavid

Dünən ABŞ Helsinki Komissiyası Azərbaycanla bağlı xüsusi dinləmə keçirib. ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadi və insan haqları tərəflərinin müzakirə olunacağı tədbir haqda Helsinki Komissiyasının yaydığı məlumatda deyilir ki, Azərbaycan ABŞ-ın tərəfdaşıdır, Avropanın enerji təchizatçısıdır, Əfqanıstanda beynəlxalq qüvvələrə yardım edir.
Bunlarla yanaşı, Azərbaycan Avropanın iki aparıcı insan haqları qurumlarının üzvü olmasına baxmayaraq mütəmadi olaraq "qeyri-demokratik seçkiyə", "siyasi rəqibləri ədliyyə sisteminin köməyi ilə cəzalandırmağa" görə tənqid olunur. Dinləmələrdə Azərbaycandakı durum, ikitərəfli münasibətlər, demokratiya və insan hüquqları sahəsində vəziyyət barədə bir sıra məruzəçilər çıxış ediblər. Bunların sırasında ABŞ dövlət katibinin müavinin iki köməkçisi də var - Tomas Melia (demokratiya və insan hüquqları) və Erik Rubin (Avropa işləri üzrə). Dinləmələrdə həmçinin NED təşkilatının Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetindən Brenda Şafer çıxış ediblər.
Azərbaycanı dinləmələrdə ABŞ-dakı səfir Elin Süleymanov təmsil edib.
Ötən ildən fərqli olaraq Azərbaycandan müxalifət nümayəndələrindən heç kim görüşə dəvət olunmayıb.
Qeyd edək ki, 2013-cü ilin 17 iyulunda da ABŞ Helsinki Komissiyası Azərbaycanla bağlı dinləmə keçirib. Ötənilki dinləmədə Azərbaycanın səfiri Elin Süleymanovla yanaşı, deputat Səməd Seyidov, EL Hərəkatının sədri Eldar Namazov, REAL Hərəkatının rəhbərlərindən Erkin Qədirli və digər şəxslər iştirak etmişdilər.
Maraqlı məqamlardan biri də odur ki, BBS bu dinləmələri canlı yayımlayıb. Sual olunur: bu dinləmələri canlı yayımlamaqda maraq nədir?
Onu da qeyd edək ki, bu ərəfədə "Freedom House" təşkilatı yeni hesabat açıqlayıb. Hesabatda postsovet məkanı ölkələri arasında demokratiyanın səviyyəsinin pisləşməsində Rusiyanın əsas rolu qeyd edilir. 2014-cü ildə keçid dövründə ölkələrə dair hesabatda "Freedom House" Rusiyanı azad institutlardan uzaqlaşmanı və regiona yeni həyəcanlı repressiyalar gətirilməsini təmin edən siyasi model kimi göstərir.
Hesabatın tam mətni hələ açıqlanmayıb, amma hesabatın ilkin olaraq yarımçıq yayılan versiyasında Azərbaycan yenə də qərəzli tənqidə məruz qalıb. Belə ki, postsovet ölkələri içərisində vətəndaş cəmiyyəti üçün ən pis mühit Rusiya, Azərbaycan və Qazaxıstan göstərilir.
Hesabatda Gürcüstan, Kosova və Albaniyadakı seçkilər məqsədli şəkildə müsbət qiymətləndirilir. "Fredoom House" təşkilatının bundan öncəki hesabatı da eyni məzmunludur. Məsələn, Gürcüstanda seçkilər keçirilməmişdən öncə, bu təşkilat yazırdı ki, "Gürcüstandakı seçkilər müsbət olacaq". Seçkilərdən sonra isə, Gürcüstanda bağlı mətndə yalnız "olacaq" sözü "oldu" ilə əvəz edildi. Eləcə də Kosova və Albaniya ilə bağlı gələcəyi əvvəldən müəyyənləşən hesabatlar yayılmışdı.
Politoloq Kamil Seyidovun fikrincə, bu dinləmələrin keçirilməsində məqsəd yenidən rəsmi Bakını qərəzli şəkildə ittiham etməkdir: "Qərbin əksər təşkilatlarının məqsədi Azərbaycanı öz hesbatlarında aşağılamaqdır."Amnesty İnternational", "Human Rights Watch", "Freedom House", "Sərhədsiz Reportyorlar" təşkilatlarının ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmağa çalışması, əslində Dağlıq Qarabağı Azərbaycandan qoparmaq prosesinə yardım etmək vəzifəsini yerinə yetirir. Ermənistan kimi bir ölkəni Azərbaycana nümunə kimi təqdim etmək yalnız sifarişin, islamofobiyanın, ermənipərəstliyin təzahürü ola bilər. Heç kim deyə bilməz ki, Azərbaycanda vəziyyət tam müsbətdir. Amma o da faktdır ki, istənilən sahədə Ermənistanı Azərbaycana bərabər tutmaq, hələ bir üstünlüyünü də iddia etmək ciddi qəbul olunmur və oluna da bilməz.
Dinləmələr məhz bu kimi təşkilatların hesabatları əsasnıda aparılır. Bu təşkilatların ermənipərəst mövqeyi və antiazərbaycançı dairələrin sifarişini yerinə yetirdiyi hər kəsə məlumdur. Artıq belə bir qəti rəy formalaşıbdır ki, bu təşkillat islamofobiya xəstəliyinə yoluxmuş və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirməklə məşğuldur. Ən dəhşətlisi isə odur ki, qurumun ermənipərəst dairələrin sifarişi ilə Azərbaycana qarşı hücumlarının dağıdıcı müxalifət və onun nəzarətində olan mətbuat orqanları tərəfindən dəstəklənməsi, onların antimilli mahiyyətindən xəbər verir. Xüsusən, ötən il "Freedom House" təşkilatının Dağlıq Qarabağı Azərbaycandan ayıraraq "qismən azad ərazi" kimi qələmə verməsi və seçimini guya həmin ərazidə "demokratik prezident seçkiləri"nin keçirilməsi" ilə əlaqələndirməsi bu təşkilatın ölkəmizə qarşı düşmənçilik münasibətinin və ermənipərəst mövqeyinin bariz nümunəsidir".
Bəs bu ermənipərəst təşkilatları, eləcə də ABŞ Helsinki Komissiyasını qıcıqlandıran nədir? Qeyd edək ki, Azərbaycan qısa müddətdə nail olduğu inkişafın bütün parametrləri üzrə min illik dövlətçilik ənənələri olan ölkələrlə bir sıradadır. Azərbaycan nüfuzlu beynəlxalq qurumlarda təmsil olunur. Dünyanın maraq göstərdiyi iri miqyaslı ictimai, siyasi, mədəni tədbirlərə ev sahibliyi etməkdədir. Eyni zamanda, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və möhkəmləndirilməsi üçün ən qabaqcıl təcrübələr tətbiq edilir.
Ölkəmizdə demokratikləşmə, insan hüquq və azadlıqlarının təsbit edilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm tərkib hissələrindən biri azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə olan bütün maneələrin tamamilə aradan qaldırılmasıdır. Ölkə rəhbərliyi milli mətbuatın mütərəqqi və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. İnternet tam azaddır, jurnalistlər sərbəst şəkildə məlumat əldə etmək və yaymaq imkanına malikdirlər. Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə yanaşı, siyasi partiyaların da fəaliyyəti üçün hərtərəfli imkanlar yaradılıb. Cəmiyyətin hər bir üzvünün hansısa birlik, ittifaq, dərnək yaratmaq, ictimai həyatda fəal iştirak etmək hüququ ölkə Konstitusiyası və qanunları ilə təsbit olunub. Azərbaycanda vətəndaşların sosial və iqtisadi hüquqları müasir dövrün prinsiplərinə uyğun təmin olunur. Eyni zamanda bütün bu sahələrin müvafiq mexanizmləri də dinamik bir formada təkmilləşir və inkişaf edir.
Lakin bir məsələni də qeyd etməliyik ki, biz ölkəmizin yüksəlişindən, xalqımızın rifahının yüksəlməsindən nə qədər qürur duysaq da, müstəqilliyimizi gözü götürməyən, dövlətçiliyimizi istəməyən bəzi dairələr bu inkişafa qısqanclıqla yanaşır, Azərbaycana qarşı çirkin kampaniyalar aparırlar. Ancaq bu bir acı həqiqətdir ki, onlar qarşılarına başqa məqsəd qoyublar və obyektiv gerçəkliyi əks etdirmək əvəzinə, qərəzli və yalan məlumatlar əsasında hər zaman Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd göstərirlər. Azərbaycanın adının demokratik işartıların belə görünmədiyi ölkələrlə bir sırada çəkilməsi, "azad olmayan" ölkə kimi göstərilməsi deyilənləri əyani şəkildə təsdiq edir.
Hər şeyi qara göstərmək, narazılıq predmetinə çevirmək, Azərbaycanda demokratiyanın olmadığını uydurmaq başdan-ayağa qərəzli mövqenin olmasını sübut edir və dünya ictimaiyyətini çaşdırmaq niyyəti güdür. Lakin bu cür yalanlarla, iftiralarla Azərbaycana təsir etmək, təzyiq göstərmək və öz yolundan döndərmək mümkün deyil.
Millət vəkili Zahid Oruc bildirib ki, ümumiyyətlə, Helsinki Komissiyası Azərbaycanla bağlı xüsusi dinləmələri hər il keçirilir. Bu görüşün əsas məqsədlərindən biri ABŞ Konqresinin Azərbaycana dair mövqeyini formalaşdırmaqdır: "Biz hər zaman bu kimi diskussiyalara normal yanaşmışıq. Lakin bu görüşlərin bitərəfli qaydada aparılmasının tərəfində olmamışıq. Bu dəfə format fərqli seçilib. Yəni müxalifət nümayəndələri görüşə dəvət edilməyib. Ötən il müzakirələrin əsasında seçki məsələləri dayanmışdı. O zaman da balans gözlənilməmişdi. Biz həmin vaxt Azərbaycana qarşı seçkilərlə bağlı edilən diqtələrin şahidi olmuşduq. Hər bir halda arzu edirəm ki, Azərbaycan-Amerika münasibətlərinin hazırkı konteksti daha geniş dəyərləndirilsin. Həqiqətən də region uğrunda açıq savaş qətiləşməkdədir. Demək olar ki, son zamanlar hər gün ölkəmizə yüksək rütbəli qonaqlar gəlir. Regionda həm Rusiya, həm də İran kifayət qədər aktivləşib. Belə olan halda Azərbaycan-ABŞ arasında adi məsələlər müzakirə edilməməlidir. İndi ən önəmli problem regionun siyasi arxitekturası, təhlükəsizliyidir. Burada fərdi insan haqları probleminin qabardılması birinci dərəcəli məsələ deyil. Arzu edirəm ki, bu müzakirədə bölgədəki son vəziyyət ön plana çıxarılsın. Qarabağ məsələsinin həllinə ABŞ-ın necə təsir edə biləcəyi faktlarla danışılsın".
Millət vəkili bildirib ki, toplantıda səfir Morninqstarın ölkəmizdəki fəaliyyətinin müzakirəyə çıxarılması vacib məsələlərdəndir: "Bir zamanlar ölkədə "səfir sindiromu" yaranmışdı. Bu "sindrom" uzun müddət davam etdi. Bu gün Azərbaycan-ABŞ əlaqələrini korlamaq istəyən qüvvələr var. Onlar Morninqstarın məlum müsahibəsindən kifayət qədər uğurla istifadə etməyi bacardılar. İki ölkə arasında münasibət bir səfirə qurban verilə bilməz. Belə məsələləri müzakirəyə çıxarıb, obyektiv qərar qəbul edəcəklərsə, biz buna şad olarıq. Əgər səfir məsələsindən Azərbaycana qarşı istifadə edəcəklərsə, bu təbii ki, üzücü haldır".