“Rusiya bölgədə sülh istəmir” Siyasət

“Rusiya bölgədə sülh istəmir”

Qabil Hüseynli: "Moskva status-kvonu dəyişmək istəsəydi, Ermənistana kredit adı altında yeni silahlar göndərməzdi"

Azad İsazadə: "İsgəndər"ə qarşı da bizim öz raketlərdən müdafiə sistemiziz mövcuddur"

Erməni mediası Moskvanın Ermənistana üçüncü və faizsiz müdafiə krediti ayırmağa hazırlaşdığı barədə məlumat yayıb. Xəbərdə iddia olunur ki, Rusiya bu ölkəyə üçüncü güzəştli silah krediti ayırmağa hazırlaşır. Və bu kredit hesabına Ermənistana "İsgəndər" operativ-taktiki raketləri veriləcək.
Moskvanın Ermənistana üçüncü müdafiə krediti ayırması məsələsini şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu, açıq şəkildə göstərir ki, Minsk Qrupunun həmsədri olan Rusiya bölgədə sülh istəmir.
Politoloq bildirib ki, Moskva status-kvonu dəyişmək istəsəydi, Ermənistana kredit adı altında yeni silahlar göndərməzdi: "Ermənilər Azərbaycanın Ukrayna, Belarus və İsraildən silah almasını əsas gətirərək guya Bakının rus silahlarına etibar etmədiyini göstərməyə çalışır və həmin silahların etibarlılığını da Azərbaycan üzərində sınaqdan keçirəcəklərini bildirirlər. Bu, sözün əsl mənasında sinizm, həyasızlığın son həddidir. Ermənilər yaranmış vəziyyətdən həm də istehza vasitəsi kimi istifadə edirlər. Sözsüz ki, burada təəccüblü olan Rusiyanın mövqeyidir. Düzdür, Rusiya Azərbaycana da silah satır, ancaq pulsuz vermir. Artıq neçənci dəfədir ki, Rusiya Ermənistana kredit adı altında pulsuz silahlar göndərir. Bu "kreditlər" sözsüz ki, Moskvaya geri qayıtmayacaq. Ancaq Rusiya ermənilərin harayına diqqət göstərir və bu daha müasir silahların, məsələn, İsgəndər-M-lərin yeni diviziyonunun alınmasına sərf edilə bilər. Ermənilər açıq surətdə bildirirlər ki, o silahları Azərbaycanla sərhəddə yerləşdirəcək və Azərbaycanın strateji əhəmiyyətli obyektlərinə qarşı çevirəcəklər. Əlbəttə ki, bütün bunlar qarşı tərəfdə ruh düşkünlüyü yaratmaq üçün söylənilən cəfəngiyyatlardır. Çünki Azərbaycan təkcə Ukrayna və Belarusdan deyil, Türkiyə və İsraildən də İsgəndər-M-ləri neytrallaşdıra biləcək raketlər alıb. Azərbaycanın raketdən müdafiə sistemləri olduqca etibarlıdır və döyüş zamanı öz effektliyini sübut edib. Ona görə də Ermənistanın Rusiyadan dilənərək yeni silahlar alması gözlənilməz bir şey deyil. Rusiyanın Ermənistanı himayə etdiyini yaxşı bilirik".
Politoloq bildirib ki, Bakı öz yolu ilə gedir və daha müasir silah mənbələri əldə etmək ərəfəsindədir:
"Buraya birgə silah istehsalı və yeni silahların alınması daxildir. Azərbaycan artıq Avropa ölkələrindən silahlar almaq niyyətini bəyan edib və bu istiqamətdə işlər aparılır. Azərbaycan öz ordusunun təchizatını yüksək surətdə davam etdirəcək. O da bəllidir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütöv büdcəsindən çoxdur. Belə bir şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün ona lazım olan istənilən silahı alacaq. Rusiya dönə-dönə regionda sülh metodlarına müraciət etməyə və danışıqlar prosesinə qayıtmağa dəvət edir. Ancaq Ermənistan silah kvotasını aşırsa, belə bir şəraitdə sülh danışıqları xeyli çətin olacaq".
Hərbi ekspert Azad İsazadə isə vurğulayıb ki, Rusiya tərəfindən "İsgəndər" raketlərinin Ermənistana verilməsi rəsmən təsdiqlənsə, başa düşməliyik ki, bu böyük təhlükədir. Çünki "İsgəndər" raketləri kifayət qədər ciddi bir silahdır: "Sözsüz ki, Azərbaycan əraziləri üçün hansısa formada təhlükə daşıyan raket sistemidir. Amma "İsgəndər"ə qarşı da bizim öz prosistemimiz yəni, raketlərdən müdafiə sistemiziz mövcuddur. Eyni zamanda, Rusiyadan aldığımız S-300 və digər müdafiə sistemlərimizi buna misal göstərmək olar. Onu da qeyd etməliyik ki, Ermənistanla bizim aramızda rəsmi şəkildə müharibə elan olunmayıb. Ermənistan bu raketlərdən öz ərazisindən Qarabağdan kənar, Azərbaycanın digər sərhəd və ya cəbhəyanı rayonlarına atəş açsa, praktiki olaraq bu müharibə elan etmək deməkdir. Belə olan halda Azərbaycanın buna sərt şəkildə cavab vermək üçün ixtiyarı və imkanları da var. Yaddan çıxarmayaq ki, Naxçıvandan İrəvana cəmi 40 kilometrdir. Biz öz raketlərimizlə İrəvana daha tez zərbə vura bilərik. Onlar həmin müddətdə nə Bakıya, nə də Gəncəyə bu cür sürətli zərbələr vurmaq imkanına malik deyil".
Ekeprtin sözlərinə görə, ermənilər də başa düşməlidir ki, hansısa zərbə cavabsız qalmayacaq: "Hələlik nikbin baxışla yanaşsaq, deyə bilərik ki, baş verənlər hələlik qarşı tərəfin güc nümayişidir. Həm də şantaj xarakteri daşıyır. Amma lazım olarsa, yəqin ki, hər hansı bir təxribata cavab verməyə gücümüz çatacaq".
Bu arada qeyd edək ki, Azərbaycan İsraillə yeni raket sistemlərinin alınması ilə bağlı razılığa gəlib. Söhbət məşhur "Dəmir gümbəz" raketlərindən gedir. Razılığa əsasən ilkin mərhələdə Azərbaycan müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada pulun bir hissəsini ödəyir, ardınca isə silahlar – müdafiə sistemləri hissə-hissə Azərbaycana gətirilir. Hələlik isə Azərbaycan Müdafiə Nazirliyi raketdən müdafiə sistemlərinin Bakıya çatdırılması ilə bağlı məlumat yaymayıb. Deməli, Təl-Əviv raketdən müdafiə sistemlərini yubadır. Hanısa səbəbdən yubanmanın baş verməsi isə üz qatda fikir yürüdüləsi məsələ deyil.
Hərbi ekspert Azad İsazadə deyir ki, həmin müdafiə sistemlərinin ordumuzun arsenalına nə qədər tez daxil olsa, bir o qədər yaxşıdır. Amma başa düşmək lazımdır ki, bu həm də zaman tələb edən bir məsələdir: "Digər tərəfdən, "Dəmir gümbəz"lərin müdafiə zolağımızda yerləşdirilməsi qərarı ilə döyüş vəziyyətinə gətirilməsi də yəqin ki, bir neçə ay çəkəcək. Çünki şəxsi heyət də ondan istifadəni öyrənməlidir. Mürəkkəb sistemlərdən istifadəni bizim zabit və əsgər heyətimiz tam mənimsəməlidir. Onlar tam yerləşdirildikdən sonra aktiv döyüş vəziyyətinə gətirilir. Sözsüz ki, biz "İsgəndər" raketlərinə qarşı tədbirlərimizi nə qədər tez görsək, o qədər yaxşıdır".
Qeyd edək ki, bundan əvvəl Rusiya Ermənistana silah alınması üçün 200 milyon dollar güzəştli kredit ayırıb. Həmin kredit üzrə nəzərdə tutulan silahların çoxu artıq çatdırılıb. Bunun ardınca isə Rusiya Ermənistana daha 100 milyon dollar güzəştli silah krediti ayırıb. Həmin kredit hesabına hansı silahların alınacağı isə məlum deyil.
Rusiya son aylar Xəzər hövsəində öz hegemonluğunu daha da artırmaq eşqinə düşüb. Şimal qonşumuz özünün Xəzər Hərbi Donanmasını Həştərxandan Dağıstana – bizim beşaddımlığımıza köçürür. Artıq bu haqda Rusiya Müdafiə Nazirliyi hələ ay yarım öncə məlumat yaymışdı. Bir sıra ekspertlər hesab edir ki, bu Kremlin digər xəzəryanı ölkələrlə yanaşı, Azərbaycana da su hövzəsində təzyiqləri kimi qiymətləndirilməlidir. Əvvəlki dislokasiya yerindən fərqli olaraq hərbi gəmilərin Azərbaycan sərhədlərinə çatması təxminən 300 km saat azalıb.
Azad İsazadə isə hesab edir ki, ilk növbədə Xəzəri hərbisizləşdirilmiş zonaya çevirməliyik: "Məsələyə real prizmadan yanaşsaq, deyə bilərik ki, onsuz da bizim Rusiya ilə hansısa münaqişəyə girmək planımız yoxdur. Başa düşürük ki, bu qeyri-realdır. Gəmilərin su sərhədimizə yaxınlaşması, saat limitinin azalması da hər hansı bir formada təsir edə bilər. Amma Azərbaycanın Rusiya üçün təhlükə daşıdığı real bir məqam yoxdur. Hərb baxımından ölkəmiz şimal qonşumuz üçün təhlükəsiz bir dövlətdir. Deməli bu yerdəyişmə təkcə Azərbaycanla bağlı deyil. Digər Xəzər hövzəsinə daxil ölkələrə də hər hansı bir formada "əzələ nümayişi"dir. Təzyiq vasitəsidir. Çünki ortada hələ tam olaraq həllini tapmamış Xəzərin statusu məsələsi var. Türkmənistanla Rusiyanın öz problemləri var. Bu yerdəyişə hər hansı bir formada İrana da təzyiq göstərmək xarakteri daşıya bilər. Bu cür təzyiq mexanimzlərini Azərbaycana da aid etmək olar. Rusiya Xəzərə öz daxili su hövzəsi kimi baxır. Bu arealda bir balaca hökmdarlıq etmək istəyir. Hələlik bu reallıqdır və biz bunu qəbul etməliyik. Sözsüz ki, diplomatik məsələlərdə, beynəlxalq istiqamətlərdə biz öz tədbirlərimizi gözləməliyik".

Əli