Ermənisayaq fitnə və hiylə... Siyasət

Ermənisayaq fitnə və hiylə...

Bakıya gəlmiş erməni deputatlar Minsk qrupundan imtina edərək, "xalq diplomatiyası"na başlamaq təklif ediblər

Bakıda keçirilən NATO Parlament Assambleyasının "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarında iştirak edən Ermənistan nümayəndə heyəti Azərbaycana ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina etməyi və "xalq diplomatiyası"nı yenidən başlamağı təklif edib.
Regional Araşdırmalar Mərkəzinin (Ermənistan) direktoru Riçard Qiraqosyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli görünmür. O qeyd edib ki, 20 ildir atəşkəs rejiminin davam etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmayıb: "Tərəflər bir-birindən uzaqdır. ATƏT-in Minsk qrupu daha çox Minskdir, nəinki qrup. Çünki qrup kimi özünü doğrulda bilmədi, münaqişənin həlli üçün bu format özünü doğrultmadı. Minsk qrupunun işi konfliktin həlli yox, idarə olunmasıdır. Bundan imtina etmək lazımdır".
Ermənistan nümayəndə heyətinin üzvü bildirib ki, həm Ermənistan, həm də Azərbaycan Rusiya tərəfindən silahla təchiz olunur: "Ona görə də hazırda Qarabağ ciddi təhlükə mənbəyidir. Vaxt heç kimin lehinə işləmir. Bu münaqişədə nə qalib var, nə də məğlub".
Riçard Qiraqoiyan qeyri-rəsmi danışıqların, "xalq diplomatiyası"nın işə salınmasını təklif edib və bildirib ki, yalnız bunun sayəsində ortaq məxrəcə gəlmək olar.
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, birinci vitse-spiker Ziyafət Əsgərov isə buna cavab olaraq bildirib ki, "xalq diplomatiyası" sınağı artıq bir dəfə olub: "İstər Ermənistandan, istərsə də Azərbaycandan ziyalılar qarşılıqlı səfərlər etdilər, iki ölkənin parlamentləri arasında dialoq da oldu. Amma heç bir nəticə olmadı. Mən sizdən soruşuram, cənab Qiraqosyan, sizə elə gəlmir ki, nəticə prinsiplər fərqli olduğuna görə olmadı? Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmirsə, ortaq prinsiplər yoxdursa, hansı "xalq diplomatiyası"ndan söhbət gedə bilər?"
Qiraqosyan Ziyafət Əsgərovun sualına cavab verməyərək, susqunluq nümayiş etdirib.
Bəs Ermənistan nümayəndə heyətinin HATO PA-nın tədbirində "xalq diplomatiyası"ndan dəm vurması nəyə hesablanıb?
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, bu təklif ermənisayaq bir fitnə və hiylədir: "Əslinə qalsa, mən də ATƏT-in bivec Minsk qrupunun fəaliyyətindən çox narazıyam və onları dünyanın ən xoşbaxt turistləri hesab edirəm. Başqasının bədbəxtçiliyində öz xoşbaxtlığını quran diplomatlardır onlar. Milyonlarla insan gecə-gündüz əzab-əziyyət içində həyat keçirməyə məhkum olunublar, həmsədrlər və onların yanında artıq öz doğma Polşasının yolunu unudan Anjey Kaspşik heç nəyə qadir deyillər. O nöqtəyi-nəzərdən ermənilərin təklifini hardasa başa düşmək olar. Amma, bu təklif ona hesablanıb ki, Ermənistan vaxt udsun və ümid edirlər ki, bəlkə sonradan onların DQR xülyaları reallaşa. Xalq diplomatiyası da bir siyasi oyundur və onun praktiki heç bir xeyri olmayıb və olmayacaq. Hərbçilərimiz cəbhə bölgəsində necə qətlə yetirilir, təkcə hərbi qulluqçularımız deyil, cəbhə bölgəsində yaşayan mülki vətəndaşlarımız da düşmən gülləsindən dünyasını dəyişir. Bu illər ərzində heç bir günahı olmayan körpə uşaqlarımız da erməni faşistlərinin qurbanı olublar. Ona görə də, hesab edirəm ki, Ermənistan nümayəndələrinə başa salmaq lazımdır ki, onlar səhv yolda olduqlarını nə qədər tez anlasalar, bir o qədər yaxşı olar".
Siyasi şərhçi Azər Həsrət diqqətə çatdırdı ki, bu, ermənilərin sadəcə nəbz yoxlamasıdır: "Məsələ ondadır ki, Azərbaycan xalq diplomatiyasının nəticə verəcəyinə inanmır. Ermənilər onu da bilirlər ki, ölkəmizdə Minsk qrupuna da inam yoxdur. Ona görə belə təklif verirlər ki, Minsk qrupundan imtina etsək əvəzində xalq diplomatiyasını seçək. Və bu seçimi də ermənilərin təklif etdiyi barədə arxivlərdə sənəd olsun. İndi təbii ki, biz ermənilərin bu mənasız təklifini qulaqardına vuracayıq və onlar da dünyaya car çəkəcəklər ki, baxın, Azərbaycan sülh istəmir".
Millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, bu, ermənilərin ənənəvi mənfi və təbliğat xarakterli addımıdır. Politoloq hesab edir ki, ermənilər hər vəchlə çalışırlar ki, konkret məsələlərdən boyun qaçırsınlar: "Düşünürəm ki, onların bu cür yanaşması gözlənilən idi. Onların Bakıya səfərlərində də əsas məqsəd o idi ki, meydanı boş buraxmasınlar".
Onu da bildirək ki, Qarabağ Azadlıq Təşkilatı NATO Parlament Assambleyasının seminarında iştirak üçün erməni deputatların Bakıya gəlməsinə etiraz ediblər. QAT üzvləri seminar keçirilən "Four Seasons" otelinin qarşısında aksiya keçiriblər. Aksiyanın qarşısı polis tərəfindən alınıb. Aksiya iştirakçıları "Rədd olsun Ermənistan", "Qarabağa azadlıq" şüarları səsləndirdilər. Polis əməkdaşları aksiya iştirakçılarının əllərində olan plakatları onlardan alıblar. Bir müddət sonra aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb. Aksiya zamanı insident yaşanmayıb. Polis əməkdaşları aksiyaya sərt müdaxilə etməyiblər.
Qarabağ Azadlıq Təşkilatının üzvü Növrəstə İbrahimova bildirib ki, ermənilərin Azərbaycana gəlişi yolverilməzdir: "Biz onların buraya gəlişinə etiraz edirik. Düşmənlərin bizim torpaqlarımızda olması bizə onsuz da acı verir. İndi də Bakıya gəliblər. İşğalçı dövlətin nümayəndələrinin burada nə işi var? O qədər insanımızı vəhşicəsinə qətlə yetirənləri necə gülərüzlə qarşılamaq olar? Biz buna göz yuma bilmərik".
Xatırladaq ki, bu gün davam edəcək seminarda Ermənistan nümayəndə heyətinin tərkibinə "İrs" Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan və İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan daxildir. Nümayəndə heyətinə hakim Respublika Partiyasının deputatı Koryun Naqapetyan başçılıq edir".

Əli