Türkiyə nümayəndə heyəti ANAMA-da olub Siyasət

Türkiyə nümayəndə heyəti ANAMA-da olub

Türkiyənin Milli Müdafiə Nazirliyinin Müstəşar müavini, general-leytenant Göksal Kaya və Türkiyə Respublikasının Milli Mina Fəaliyyət Mərkəzi İdarəsinin (MAFAM) polkovniki Nedim Fatih Seyha Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin baş qərargahına, Göygöl Regional Təlim Bazasına, eləcə də Ceyrançöl Etimad Fondu layihəsinin həyata keçirildiyi əraziyə səfər ediblər.
ANAMA baş qərargahında Agentliyin direktoru Qəzənfər Əhmədov və Planlaşdırma və İnkişaf Şöbəsinin rəisi Pərviz Gidayev nümayəndə heyətini qəbul edib.
Görüş zamanı nümayəndə heyətinə Agentlik tərəfindən həyata keçirilən humanitar mina təmizləmə sahəsində aparılan əməliyyatlar, partlamamış hərbi sursat problemi, beynəlxalq layihələr, bu günə qədər xarici və yerli mütəxəssislər üçün təşkil olunmuş təlimlər barədə məlumat verilmiş, humanitar mina təmizləmə sahəsində gələcəkdə də iki ölkə arasında əməkdaşlıq üzrə müzakirələr aparılıb.
Əsas müzakirə mövzusu isə Türkiyə Respublikasının Milli Mina Fəaliyyət Mərkəzi İdarəsinin (MAFAM) heyəti üçün Agentliyin Göygöl Regional Təlim Bazasında, ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) Qurumu tərəfindən tədris edilən təlim kurslarının keçirilməsi və eyni zamanda Türkiyə Respublikasında Agentliyin heyəti üçün təlimlərin keçirilməsi istiqamətində ikitərəfli əməkdaşlıq olub.
Rəsmi görüş zamanı ANAMA tərəfindən Türkiyə Respublikası ərazisində həyata keçirilən mina təmizləmə əməliyyatlarına dəstək sahəsində də fikir mübadiləsi aparılıb.
Səfərin başlıca məqsədi 2018-ci ilin yay aylarında tamamlanması planlaşdırılan Ceyrançöl Təmizləmə Layihəsi üzrə ərazidə həyata keçirilən mina və partlamamış hərbi sursat (PHS) təmizlənməsi əməliyyatlarını yerində müşahidə etmək, eyni zamanda lider ölkə məsuliyyəti çərçivəsindəki digər mövzuların koordinasiyasını təmin etməkdən ibarət olub.