“Prezident həm Ermənistanın yeni rəhbərliyinə, həm də ATƏT-in Minsk qrupuna ciddi mesajlar verdi” Siyasət

“Prezident həm Ermənistanın yeni rəhbərliyinə, həm də ATƏT-in Minsk qrupuna ciddi mesajlar verdi”

Elman Nəsirov: "Erməni xalqına 20 il ərzində ancaq öz maraqlarını güdən kriminal xunta rejimi rəhbərlik edib"


Elman Məmmədov: "Əgər Ermənistan rəhbərliyi düzgün düşünməyi bacarsa, o zaman Azərbaycanın güc tətbiqinə gərək qalmaz"


İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsinin qonağı olan prezident Ermənistandakı son hakimiyyət dəyişikliyinə toxunub və ciddi mesajlar verib: "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir". İlham Əliyev deyib ki, o, "dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa" edib: "Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib".
Deputat Elman Nəsirov deyib ki, Prezident İlham Əliyev həm Ermənistanın yeni rəhbərliyinə, həm də ATƏT-in Minsk qrupuna ciddi mesajlar verdi. E.Nəsirov bildirib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, ötən gün müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxışında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırdı: "Ümumiyyətlə, Ermənistanda müşahidə olunan bugünkü proseslər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə baş verən hadisələrin məntiqi davamıdır. Bütün bunlar proqnozlaşdırılan idi və dövlətimizin başçısının da qeyd etdiyi kimi, erməni xalqına 20 il ərzində ancaq öz maraqlarını güdən kriminal xunta rejimi rəhbərlik edib. Bu rejimin yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan ölkəni tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Bütün bunları Prezidenti İlham Əliyev dəfələrlə deyib. İndi isə bu həqiqəti erməni xalqı da təsdiq edir".
Millət vəkili deyib ki, artıq bu reallıqları müxtəlif erməni politoloqları və KİV-ləri də qeyd edirlər: "Ermənistan nə qədər ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, onun heç bir perspektivi yoxdur. Əgər Ermənistanın yeni hakimiyyəti köhnə hakimiyyətin buraxdığı səhvlərdən nəticə çıxarmasa, Ermənistanın düşdüyü bu ağır vəziyyətin əsas səbəbinin məhz işğal faktoru olduğunu dərk etməsə, Ermənistanın heç bir gələcəyi yoxdur və Ermənistan tərəfi bilməlidir ki, münaqişə yalnız və yalnız ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmalıdır".
E.Nəsirov qeyd edib ki, Prezident İlham Əliyev bu çıxışı ilə həm Ermənistana, həm də bu münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupuna ciddi mesajlar verdi: "Minsk qrupunun həmsədrləri iyun ayında Ermənistana səfər edəcəklər. Azərbaycan Prezidenti həm də onlara danışıqların hansı əsasda aparılmalı olduğu barədə birbaşa mesaj ünvanladı. Yəni Ermənistanda yeni hakimiyyətin formalaşması heç bir halda Azərbaycanın mövqeyində dəyişikliyə gətirməyib, Azərbaycan üçün yalnız və yalnız ərazi bütövlüyü əsas prinsipdir və bundan kənarda heç bir müzakirə ola bilməz".
Millət vəkili Elman Məmmədov bildirib ki, hər zaman olduğu kimi Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində də çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin dəyişməz olduğunu bir daha diqqətə çatdırdı". Deputat vurğulayıb ki, Azərbaycanın münaqişə ilə bağlı yeganə mövqeyi ərazi bütövlüyümüzün təmin olunmasıdır ki, bununla da ölkəmizin işğalçı qoşunlar ərazilərimizdən çıxmalı, ərazi bütövlüyümüz bərpa olunmalı, qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıtmalıdırlar: "Azərbaycan Prezidenti bu mövqeyimizi hər zaman ən yüksək səviyyəli tədbirlərdə insanların diqqətinə çatdırır. Cənab Prezident ötən gün bir daha bəyan etdi ki, Ermənistanın normal yaşaması, bir dövlət olaraq fəaliyyət göstərməsi üçün yeganə çıxış yolu qonşu dövlətlər, xüsusilə də Azərbaycan və Türkiyə ilə düşmənçilik, işğalçılıq siyasətindən əl çəkməsidir. Ancaq bu halda, Ermənistanda normal həyat tərzi mövcud ola bilər. Dövlət başçısı diqqətə çatdırdı ki, əgər Ermənistanın yeni rəhbərliyi özündən əvvəlkilərin yolunu davam etsə və bu siyasətdə əl çəkməsə, o zaman Ermənistan və xalqının vəziyyəti daha da pis vəziyyətə düşəcək".
E.Məmmədov söyləyib ki, Ermənistan məsələlərə reallıq və obyektivliklə baxmalıdır: "Düşmən ölkə bu gün regionda bütün sahələr üzrə həyata keçiriləm beynəlxalq layihələrdən təcrid olunub. Ermənistan iqtisadiyyatı digər ölkələrin nəzarətinə keçib, siyasəti də ölkədən kənarda müəyyənləşdirilir ki, bu da düşmən ölkənin müstəqilliyini sual altına qoyur. Prezident İlham Əliyev ötən günkü çıxışında bir məqamı qeyd etdi ki, Azərbaycan bu illər ərzində bütün sahələr üzrə inkişaf etmək, çoxsaylı uğurlara imza atmaqla yanaşı, diplomatiya və siyasət sahəsində də düşmən ölkəyə, işğala qarşı kifayət qədər hüququ baza yarada bilmişik. Bu hüququ bazaya bir sıra təşkilatların işğal olunmuş torpaqlarla bağlı qəbul etdikləri sənədlər toplusu daxildir. Bu bizə hüququ bazanı əsas götürərək ərazi bütövlüyümüzün sərhədlərini bərpa etmək üçün güc tətbiq etməyə imkan verir. Əgər Ermənistan rəhbərliyi düzgün düşünməyi bacarsa, o zaman Azərbaycanı bunu etməyə məcbur etməz. Özləri çıxış yolu taparaq, işğalçılıq siyasətindən əl çəkib, silahlı birləşmələrini ölkəmizin ərazilərindən çıxararlar. Azərbaycan ərazisində uzun illərdir yaradılan qeyri-qanuni qondarma, cinayətkar qurum ləğv olunaraq, qonşuluq münasibətləri bərpa olunduqdan sonra Düşmən ölkədə inkişafdan danışmaq mümkündür. Dövlət başçısı iftar süfrəsində etdiyi çıxış ilə bir növ Ermənistan rəhbərliyinə səslənərək bildirdi ki, hadisələrə obyektiv yanaşıb, düzgün fikirləşməyi bacarın. Əks halda sizi bundan dəhşətli fəlakətlər gözləyir".
Millət vəkili, Hikmət Babaoğlu isə qeyd edib ki, prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimində çıxış edərək bir sıra olduqca mühüm mesajlar verib: "Əgər bunların bir qismi sosial-iqtisadi və sosial-mənəvi xarakterli idisə, digər mühüm bir qismi hazırkı beynəlxalq münasibətlər şəraitində yeni siyasi reallıqlar və onların perspektivləri ilə bağlı idi. Bu kontekstə prezident Ermənistan, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli məsələlərini önə çəkərək, həm dünya ictimaiyyətinə, həm də Ermənistan və Azərbaycan ictimaiyyətinə, o cümlədən problemi həll etmək üçün öhdəlik götürmüş beynəlxalq və regional təşkilatlara Azərbaycanın prinsipial mövqeyi və problemi həll etməyin vacibliyini ilə bağlı fikirlər bildirdi. Məsələ ondadır ki, beynəlxalq münasibətlər sisteminin ən yeni tarixi mərhələsində xeyli dərəcədə strateji keyfiyyət dəyişiklikləri baş verib. Yeni dünya nizamına doğru mühüm addımlar atılıb və bu proses dinamikdir. Bu, multipolyar dünya nizamı üçün yaxşı perspektivlər yaradır. Azərbaycan isə həyata keçirdiyi praqmatik və düşünülmüş siyasət sayəsində yeni güc mərkəzi formalaşdırmaqla əslində perspektiv multipolyar mərkəzlərdən biri kimi çıxış etməyə hazırlaşır. Bu prosesdə Azərbaycan daima ərazi bütövlüyümüzün bərpası məqsədini prioritet kimi müəyyənləşdirərək özünə yeni müttəfiqlər qazanmaqla Ermənistanın ənənəvi şimal və cənub müttəfiqlərini də öz tərəfinə çəkməyi bacarıb. Buna paralel olaraq beynəlxalq təşkilatlarla və beynəlxalq ictimai rəylə də xüsusi işlər aparıb və ümumi mövqe lehimizə dəyişib. Azərbaycan Ermənistanı idarə edən hərbi xunta diktaturasını ifşa edə bilib. Ona görə də prezident İlham Əliyev öz nitqində dedi ki, "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMTkürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir". Bu fikirlər indiyə qədər Azərbaycan tərəfinin erməni diktatura rejiminin işğalçılıq siyasətini ifşa etmək üçün həyata keçirdiyi diplomatik həmlələrin bir qismini tamamilə doğru ifadə edir. Məsələnin ikinci tərəfi isə iqtisadi sahə ilə bağlıdır. Bu istiqamətdə də Azərbaycan işğalçı Ermənistanı dalana dirəmək üçün qətiyyətli addımlar atıb. Ona görə də prezident İlham Əliyev bu məsələlərə də toxunaraq bildirdi ki, "Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək". Göründüyü kimi Azərbaycanın artan hərbi-siyasi gücü ,qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb və hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə problemin həllini diqtə edir. Çünki aclıq və səfalət içərisində yaşayan Ermənistan Azərbaycanın torpaqlarını üzün müddət işğal altında saxlaya bilməz".
H. Babaoğlu bildirib ki, Azərbaycan prezidenti məhz bu reallıqlardan çıxış edərək Ermənistanın yeni hakimiyyətinə çağırış edib: "Dövlət başçısı bildirdi ki, Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacağına, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcəyinə və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcəyinə ümid edir. başçısı dedi ki, Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Dövlət başçısı dedi ki, biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər. Bu fikirlərin bir qədər daha qlobal şərhi belə nəticəyə gəlməyə imkan verir ki, Dağlıq Qarabağ probleminin həlli bütövlükdə Qafqaza sülh və əmin-amanlıq gətirə bilər ki, bu da həm Cənubi Qafqaz üçün rifah və sabitlik həm də regionda strateji marağı olan ölkələr üçün yeni əməkdaşlıq perespektivləri deməkdir".

Əli