Prezident İlham Əliyev AŞ PA-da çıxış edib Siyasət

Prezident İlham Əliyev AŞ PA-da çıxış edib

"Azərbaycanda bütün fundamental azadlıqlara riayət olunur"
"Beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin edilməlidir"

Azərbaycan prezidenti İlham Əliyev dünən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının plenar iclasında çıxış edib.
APA-nın Avropa bürosunun xəbərinə görə, dövlət başçısı bildirib ki, Azərbaycanda indi yüksək templə inkişaf gedir və ölkədə islahatlar aparılır: "Bu islahatlar 90-cı illərin ortalarından, təxminən elə bizim ölkənin müstəqilliyindən sonra başlayıb. Müstəqilliyimizin ilk illəri bizim xalqımız üçün faciəyə çevrildi. İqtisadi çətinliklər var idi, siyasi və iqtisadi böhran yaranmışdı, Azərbaycandakı ilk hakimiyyətin ölkəni qeyri-effektiv idarə etməsi çox ciddi vəziyyətə gətirib çıxarmışdı. Ümumiyyətlə, əsas məsələ bizim dövlətimizin mövcudluğu idi. 90-cı illərin ortalarında Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul olundu. Ölkədə sosial və iqtisadi inkişaf dövrü başladı. Biz fəal şəkildə Avropa Şurasına üzv olduq. Bizim öz istəyimizlə bu təşkilatın üzvü olmaq və ölkədə aparılan islahatları dərinləşdirmək niyyətimiz var idi. Təbii ki, Avropa Şurasının üzvlüklə bizim üzərimizə müəyyən öhdəliklər qoyacağını aydın başa düşürdük və biz bu öhdəlikləri yerinə yetirməyə həmişə hazır olmuşuq. Biz indi də üzərimizə düşən öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır. Fundamental azadlıqlar məsələsinə gəldikdə, Azərbaycanda bütün bunların hamısına riayət olunur. Sərbəst siyasi fəaliyyətlə məşğul olmaq, siyasi azadlıqlar mövcuddur. Bizim ölkədə yüzlərlə siyasi institut, siyasi partiya fəaliyyət göstərir.
KİV tam azaddır və Azərbaycanda gündəlik, həftəlik, aylıq çoxlu sayda qəzet və jurnal çap olunur, ölkədə çoxlu sayda televiziya kanalları, eləcə də regional kanallar fəaliyyət göstərir. Bundan başqa, ölkəmizdə internet tam azaddır və əhalinin 70 faizindən çox internetdən istifadə edir. Azad internetin olduğu, senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, KİV-in azadlığını daha da genişləndiririk. Çünki mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur. Bu, hökumətlə cəmiyyət arasında mühüm əlaqə yaradan amillərdəndir. Bu, müasir Azərbaycanın əhəmiyyətli uğurlarındandır və biz bununla fəxr edirik. Bir daha təkrar etmək istəyirəm, mətbuat azadlığı tam şəkildə təmin olunub. Eyni zamanda sərbəst toplaşmaq azadlığı da tam təmin olunub. Və bütün bunlar bizim islahatlara nə dərəcədə sadiq olduğumuzun bariz nümunəsidir. Bizim üçün islahatların aparılması prioritet təşkil edən məsələlərdəndir.
Biz bunu ona görə etmirik ki, üzərimizə düşən öhdəlikləri yerinə yetirək, yaxud beynəlxalq təşkilatlardan müsbət qiymətlər alaq, biz ölkəmizi müasirləşdirmək fikrindəyik və işlərimizi bu istiqamətdə aparırıq. Mən bunu həmişə demişəm, indi də deyirəm ki, güclü demokratik təsisatlar olmadan bizim iqtisadi uğurlarımız möhkəm ola bilməz. Məhz buna görə bizdə demokratik islahatlarla iqtisadi islahatlar paralel aparılır və ümumilikdə cəmiyyətimizdə müsbət ab-hava yaranıb. Bununla yanaşı, bizim ölkədə din və etiqad azadlığı mövcuddur, bu da əsas uğurlarımızdan biridir.
Bizim cəmiyyətimiz multietnik və çoxmillətlidir, müxtəlif dinlərin təmsilçiləri dinc və əmin-amanlıq şəraitində birgə yaşayır. Bu, əsrlər boyu belə olub. Multikultiralizm də bizim üçün prioritet təşkil edən məsələlərdəndir. Biz Avropa Şurasındakı sədrliyimiz dövründə fəaliyyətimizi bu məsələnin üzərində də cəmləşdirəcəyik.
Çox təəssüf ki, indi dünyanın bir çox bölgəsində, istər bizim qonşuluğumuzda, istərsə də Yaxın Şərq kimi regionlarda narahatlıq yaradan tendensiyalar mövcuddur. Bunlar bölücülük və nifrət kimi tendensiyalardır. Biz bu problemləri həll etməliyik".
Dövlət başçısı Azərbaycanın əsas prioritetlərindən birinin də korrupsiya ilə mübarizə olduğunu vurğulayıb: "Azərbaycan bu sahədə unikal bir təcrübəyə malikdir. Təəssüf ki, SSRİ-nin bütün keçmiş respublikaları bu problemlə - köhnə nəsildən qalma korrupsiya problemi ilə üzləşib. Korrupsiya problemi bizim ölkəmizdə də uğurlu inkişafa maneələr yaratmaqdadır. Buna görə də Azərbaycanda korrupsiya ilə uğurla mübarizə sahəsində bir sıra inzibati tədbirlər həyata keçirilib, islahatlar aparılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də ASAN dövlət xidmətinə dair proqramdır. Bu proqram artıq il yarımdır, fəaliyyət göstərir. Yeni proqram Azərbaycanda korrupsiyanın səviyyəsinin azalmasına çox böyük təsir etdi. Bizim bu təcrübəmiz hesab edirəm ki, digər üzv ölkələr üçün də maraqlı ola bilər.
Bizim sədrliyimiz dövründə qaldıracağımız əsas məsələlərdən biri də eyni regiondakı ölkələrə fərqli yanaşmalar məsələsidir. İkili standart məsələsi mütləq şəkildə rədd edilməlidir və biz bu istiqamətdə müəyyən işlər görəriksə, bu bizim sədrliyimiz üçün böyük uğur olmuş olar. Bizim ölkəmiz regionda sabitləşdirici rol oynayır. Çünki Azərbaycanın potensialı artır, beynəlxalq əməkdaşlığa yönəlmiş təşəbbüslərimiz də qonşularımız tərəfindən dəstək almaqdadır və bu ölkələrin sayı getdikcə artır. Bizim beynəlxalq təşkilatlar arasında da mövqelərimiz güclənir. Azərbaycanın diplomatik uğurlarından biri də o oldu ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdu. Çünki bizim kimi gənc bir ölkənin dünyaya təqdim olunması baxımından bu, olduqca vacib bir məsələ idi və biz bununla qürur duyurduq. Bir çox ölkələr də bizim bu namizədliyimizi dəstəkləmişdilər. Beynəlxalq təşkilatların əksəriyyəti Azərbaycana dəstək göstərirlər, ona etibar edirlər və ölkəmizi etibarlı tərəfdaş hesab edirlər. Bu iki il ərzindəki üzvlüyümüz dövründə biz BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etdik və bizim bu sədrliyimiz çox uğurlu oldu. Biz bu təcrübəmizi gələcək fəaliyyətimizdə də istifadə edəcəyik.
Avropa bizim əhəmiyyətli tərəfdaşımızdır və Azərbaycanla Avropa arasındakı tarixi əlaqələr bizim müstəqilliyimizdən sonra möhkəmlənir. Müsəlman ölkəsi olaraq biz eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Biz yalnız coğrafi baxımdan deyil, iqtisadi baxımdan da bir növ dünyanın iki qitəsi arasında körpü rolunu oynayırıq. Biz nə qədər irəliyə doğru gediriksə, bizim sivilizasiyalar arasındakı rolumuz bir o qədər artır".
Dövlət başçısı bildirib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların həyata keçirilməsidir.
Dövlət başçısı çıxışında qeyd edib ki, Azərbaycanla bağlı da bir neçə qətnamə və qərarlar var: "Bunlardan əsası BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrdir. Lakin praktikada bunların heç birisi həyata keçirilmədi. Buna görə də, fikrimcə, beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin implimentasiya mexanizminin yaradılması olduqca vacib məsələdir. Belə bir mexanizmi biz hamımız birlikdə tərtib etməliyik. Yoxsa bu qətnamələr öz mövcudluğunu və əhəmiyyətini itirəcək. Biz tövsiyə edərdik ki, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin edilsin. Bu, çox əhəmiyyətli məsələdir".
Dövlət başçısı AŞPA sədri, xanım Ann Brassörə Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyi üçün təşəkkür edib: "Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipi hesab olunur".
Dövlət başçısı çıxışında Dağlıq Qarabağ məsələsinə də diqqət yönəldib: "Bizim əsas problemlərimizdən biri beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərimizin, Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə bütün regionu təhlükə ilə üzləşdirir. Bu münaqişəyə "dondurulmuş" münaqişə deyirlər, amma bu, doğru deyil, o heç də dondurulmuş deyil. Amma bu münaqişəni dondurmaq mümkündür və bunun yolu da münaqişəni həll etməkdir".
Dövlət başçısı bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixən ayrılmaz bir hissəsidir: "Azərbaycanlılar bu regionda min illər, əsrlər boyu yaşayıblar, ermənilər isə bura yalnız 200 il əvvəl gəliblər. Bizim Dağlıq Qarabağdakı heykəllərimiz, mədəni irsimiz çox təəssüf ki, dağıdılıb və dağıdılmaqdadır. Bütün bunları Ermənistanın işğalçı ordusu həyata keçirib. Bu münaqişə ona gətirib çıxarıb ki, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş ərazilərimizin 20 faizi işğal altındadır".
Ermənilərin işğal etdikləri ərazilərdə abidələri, qəbirləri dağıdaraq vandalizm hallarına yol verdiklərini ATƏT-in bölgədə olan faktaraşdırıcı missiyasının da təsdiqlədiyini deyən prezident İlham Əliyev tarixi Azərbaycan torpağı olan İrəvanın XX əsrin əvvəllərində Ermənistana paytaxt kimi verildiyini bildirib: "Azərbaycan bu məsələyə konstruktiv yanaşır və 20 il ərzində biz sülh danışıqları prosesinə tərəfdar olduğumuzu ifadə etmişik. Lakin biz anlamalıyıq ki, belə bir proses sonsuza qədər davam edə bilməz, tez və ya gec nəsə baş verməlidir. Ona görə də Ermənistan rəhbərliyi XXI əsrdə digər dövlətin ərazisinin işğalının qəbuledilməzliyini nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Bu münaqişənin həlli ilk növbədə ölkəni uçuruma aparan Ermənistan hökumətinin qurbanına çevrilmiş erməni əhalisinin xeyrinə olardı".
Prezident İlham Əliyev AŞPA-da çıxışından sonra irlandiyalı deputat Mikael Maknamaranın Azərbaycanda siyasi məhbusların olması barədə sualını sərt cavablandırıb: "Bizim ölkəmizdə siyasi məhbus yoxdur. Sizin dedikləriniz yalan və əsassız məlumatlar üzərində qurulub, ya da bizim ölkəmizə qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Siz yenə də Azərbaycanı təhqir etmək niyyətindəsiniz, amma bu, uğursuz cəhddir. Əminəm ki, sizin bu yöndə dünənki uğursuz təşəbbüsünüz də iki il əvvəlki təşəbbüs kimi eyni nəticələrlə sona çatacaq. 2013-cü ildə Kristofer Ştrasserin də bu istiqamətdəki təşəbbüsü tam uğursuzluqla nəticələnmişdi. Bir daha təkrar edirəm, bizim ölkəmizə qarşı yönəlmiş həmlələr heç bir nəticə verməyəcək".