“Heç bir əliqanlı cinayətkar tarixin, ədalətin mühakiməsindən qaça, canını qurtara bilməyib” Siyasət

“Heç bir əliqanlı cinayətkar tarixin, ədalətin mühakiməsindən qaça, canını qurtara bilməyib”

Mehdi Abdullayev: Koçaryanla əlbir olmuş digər erməni qaniçənlərin də cavab verəcəkləri gün uzaqda deyil

"Koçaryanla əlbir olmuş erməni qaniçənlər və hərbi canilərin - Sarkisyanın, Ohanyanın və digərlərinin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə, vandalizm əməllərinə görə ədalət mühakiməsi qarşısında cavab verəcəkləri gün heç də uzaqda deyi"l.
Bunu hüquq elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev Ermənistanın ikinci prezidenti və bir çox hərbi cinayətlərdə, xüsusilə, ötən ərsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarının işğalında, Xocalı, Meşəli, Qaradağlı, Ağdaban soyqırımlarında əli olmuş cani Robert Koçaryanın həbsinə münasibət bildirərkən deyib.
M.Abdullayev qeyd edib: "Tarixən və hər zaman belə olub: gec-tez, hər kəs insanlıq, bəşəriyyət qarşısında etdiyi əməllərə, cinayət hərəkətlərinə görə ədalət mühakiməsi qarşısına cavab verməli, haqq etdiyi cəzanı çəkməli olub. Heç bir əliqanlı cinayətkar tarixin, ədalətin mühakiməsindən qaça, canını qurtara bilməyib. Buna əyani misal olaraq, İkinci Dünya müharibəsindəki insanlıq, bəşəriyyət əleyhinə yönəlmiş cinayət əməllərinə görə alman faşistləri üzərində qurulan tarixi Nürnberq məhkəməsini və ya yaxın tariximizdə baş vermiş Serebrenitsa soyqırımına görə serb milliyyətindən olan hərbi canilər - Miloşeviç, Karaciç üzərində qurulan Haaqa məhkəməsini göstərmək olar".
O xatırladıb ki, Ermənistanda baş vermiş son hakimiyyət dəyişikliyindən, çevrilişdən sonra Nikol Paşinyan hökuməti tərəfindən Ermənistanın sabiq rəhbərlərinə qarşı cinayət işlərinin açılmasına başlanılıb:
"Qatı cinayətkar Serj Sarkisyanın qardaşının və oğlunun həbsi buna əyani misaldır. Eyni zamanda, Sarkisyanın özünün də həbsə atılacağı, məhkəməyə çəkiləcəyi istisna deyil. Azərbaycan torpaqlarının işğalında, qanlı soyqırımı əməllərində əli və iştirakı olmuş 3 əsas hərbi canidən biri, eks-prezident Robert Koçaryanı isə xarici havadarları həbsxana divarlarından, qandallardan qurtara bilməyəcəklər. Düzdür, bu gün onları biz deyil, ermənilər özləri mühakimə edir - özlərinə, ermənilərə etdiklərinə görə. Lakin çox yaxın zamanlarda biz də onları tarixin mühakiməsinə çəkəcəyik - azərbaycanlılar və Azərbaycan qarşısında etdiklərinə görə. Bu birmənalıdır. Ona görə də hələ nə qədər gec deyil, digər erməni siyasətçilər və hərbi cinayətkarlar da bunlardan ibrət götürməli, dərs çıxarmalı və Azərbaycan ərazilərini necə işğal ediblərsə, o cür də ərazilərimizdən geri çəkilməlidirlər. Bunu etməsələr, onların aqibəti daha ağır olacaq, Azərbaycan xalqı və dövləti onları layiq olduqları yerdə oturdacaq".
Qeyd edək ki, 2008-ci ilin 1-2 mart hadisələri üzrə iş çərçivəsində Ermənistanın ikinci prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov ölkənin konstitusiya quruluşunun devrilməsində ittiham olunurlar.
M.Arutyunyan axtarışa verilib, Y.Xaçaturov 5 milyon dram qarşılığında girovluğa buraxılıb, R.Koçaryan isə məhkəmənin qərarı ilə həsb edilib.