“Qərb hiss edir ki, Cənubi Qafqazı itirə bilər” Siyasət

“Qərb hiss edir ki, Cənubi Qafqazı itirə bilər”

Əli Orucov: "Azərbaycan da çalışmalıdır ki, bu fürsətdən istifadə etsin"
Aydın Mirzəzadə: "Belə münasibət ilə ABŞ-ın öz siyasəti düz gəlmir"

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan prezidentlərini döyüşkən ritorikadan çəkinməyə və "mümkün qədər tez zamanda" Parisdə görüşməklə bağlı Fransa rəhbərinin dəvətini qəbul etməyə çağırıb. "Biz tərəfləri danışıqlar masası arxasında səyləri artırmağa və diqqəti regiona sülh gətirəcək məqamlara yönəltməyə çağırırıq", - Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Vaşinqtonda brifinqdə bildirib. "Məlumdur ki, döyüşkən ritorika və bəyanatlar gərginliyin azaldılması prinsipinə ziddir və biz qəti əminik ki, bu, sülh prosesinə ziddir?, - o vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın ATƏT-dəki nümayəndəsi Brent Hartli də analoji bəyanatla çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Amerika Dövlət Departamentinin Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüş dəvətini qəbul etməyə çağırışını şərh edərkən deyib ki, Azərbaycan "danışıqlar xatirinə görüş keçirmir".
"Biz münaqişənin diplomatik şəkildə həll edilməsinin və danışıqların tərəfdarıyıq. Amma danışıqlar xaritinə görü keçirmirik. Çünki hüquqları pozulan tərəf Azərbaycan tərəfidir",- deyə nazirliyin sözçüsü Elman Abdullayev bildirib.
Elman Abdullayevin sözlərinə görə, beynəlxalq ictimaiyyətn Azərbaycanın konkret təkliflərlə çıxış etdiyini görür: "Azərbaycan Minsk Qrupunun sülh sazişi üzrə Madrid prinsiplərini ilk olaraq mövqeyinin prinsipial olaraq açıqladı. Bu prinsiplərdə göstərilir ki, Ermənistan silahlı qüvvələri Ermənistan ərazisindən çıxarılmalıdır ki, sülh prosesi irəliləsin. Ermənistan tərəfi isə bu prinsiplərdən yayınmağa çalışır və qeyri-konstukriv mövqe nümayiş etdirir".
ABŞ Dövlət Departamentinin bu açıqlamasının pərdəarxası məqamları nədən ibarətdir? Vaşinqtonun birdən-birə fəallaşmasının səbəbi nədir?
İctimai Təqiqatlar Mərkəzinin direktoru İlqar Altay bildirdi ki, son günlər ABŞ Dövlət Departamentinin Qarabağ münaqişəsinə dair iki tərzdə açıqlaması olub. Onun sözlərinə görə, öncə Departamentin sözcüsü Ceyn Psaki erməni jurnalistin sualı əsasında Azərbaycan prezidentinin sərt Qarabağ bəyanatlarını növbəti dəfə tənqid edən açıqlama verib rəsmi Bakını dolayısıyla "təxribatda" günahlandırmışdı: "Bu açıqlamanı münaqişənin tərəfsiz vasitəçisi rolunda çıxış edən və həm də özünü bütün dünyaya haqq-ədalət rəmzi kimi təqdim edən böyük dövlətin rəsmi nümayəndəsinin yersiz addımı kimi qeyd etmək olardı. Azərbaycan Ermənistan tərəfindən konkret işğala məruz qalıb. Özü də ermənilər bu basqını qonşu böyük Rusiyanın bilavasitə dəstəyi və təşkilatçılığında törədiblər. Ölkəmiz kütləvi insan itkisinə məruz qalıb, çoxsaylı problemlərlə üzləşib. Bu problemlərin üzərinə 20 illik işğal müddətində mənəvi-psixoloji, iqtisadi, qeosiyasi və sair kimi böyük zərərləri gəldikdə bu işğal bir ölkəyə qarşı beynəlxalq cinayət mahiyyət daşıyır". Onun fikrincə, insanlığa qarşı bu cinayətlər hətta Haaqa Beynəlxalq Cinayət Məhkəməsi predmetidir: "Azərbaycan bu iilər ərzində səbr və dözüm göstərərək məsələnin beynəlxalq birlik səviyyəsdində sülh yolu ilə həllinə ümid edib. Ancaq dünyada hər şeyin olduğu kimi ümidin də sonu var. Görünən odur ki, bütün bu sülh danışıqlarında heç nə hasil olmur. Belə halda işğal olunmuş ölkə rəhbərinin tələblər irəli sürüb, sərt bəyanatlar verməsi təbiidir. Bunu hər bir işğala məruz qalmış dövlət rəhbəri edir, bu onun vəzifə və vətəndaşlıq borcudur. Bu halda, Azərbaycan tərəfinin haqq-ədalət tələbini, son anda torpaqlarını hərbi yolla azad etmək istəyini təxribat adlandırmaq özü də münaqişənin uzanmasını dəstəkləmək deməkdir. ABŞ Dövlət Departamenti rəsmisinin daha bir açıqlaması Azərbaycan və Ermənistan liderlərini Fransa prezidentinin dəvəti ilə Parisdə görüşə çağırmasıdır. Bu da ABŞ və Avropanın son dövrlər Azərbaycan və Ermənistan arası cəbhə xəttindəki gərginlikdən olan narahatlığının nəticəsidir. Hiss olunur ki, Qərb münaqişənin bu cür, nə müharibə nə sülh durumunda davamının mümkünsüzlüyü fərqindədir. Görünür Qərb hiss edir ki, Rusiya ilə indiki qarşıdurma dövründə Qarabağ münaqişəsinin davamı, yaxud güclənməsi bütün Cənubi Qafqazın itirilməsi ilə nəticələnə bilər".
Siyasi ekspert Əli Orucov dedi ki, Vaşinqton başa düşür ki, Dağlıq Qarabağ problemi həll edilmədən Azərbaycanın tam müstəqil vəqərbyönümlü siyasət yürütməsi çətindir: "Eyni zamanda Azərbaycanı bütünlükdə qazanmaq mümkün deyil. Üstəlik də enerji təhlükəısizliyi və strateji əlaqələrin dərinləşdirilməsində təminatı azdır. Bu baxımdan Qarabaqğ münaqişəsinin həlli həm ABŞ və onun müttəfiqlərinin imkanlarını artırmış olardı, həm də rəsmi Bakının əl-ayağını açmış olardı. Azərbaycan da çalışmalıdır ki, bu fürsətdən istifadə etsin"
Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə söyləyib ki, belə münasibət ilə ABŞ-ın öz siyasəti düz gəlmir. Millət vəkili bildirib ki, ABŞ ermənilərin yox Azərbaycanın yanında olmalıydı: "Hesab edirəm ki, ABŞ bu məsələdə Azərbaycanın yanında olmalıydı. Azərbaycan torpaqları işğal olunub. Azərbaycanın 1 milyondan artıq əhalisi didərgin düşüb. Bunun səbəbi hamımızın bildiyi kimi, ermənilər tərəfdən torpaqlarımızın 20 fizinin işğal altında alınmasıdır. ABŞ rəsmisinin belə mövqeyi başa düşülən deyil. ABŞ dünyada demokratiyanın, beynəlxalq hüquq normalarının, insan hüquqlarının müdafiəçisi kimi tanınır. Azərbaycan dövlət quruculuğunda ABŞ-dan çox şey öyrənib. Belə münasibət ilə ABŞ-ın öz siyasəti düz gəlmir".
Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, okeanın o tayında Azərbaycanının üzləşdiyi vəziyyəti başa düşməlidirlər: "Mən hesab edirəm ki, Qərb və bütövlükdə ATƏT-in bu gün qarşısına qoyduğu vəzifəsi atəşkəsin pozulmaması və müharibənin baş tutmamasıdır. Məhz bu yöndən yanaşırlar məsələyə. Azərbaycanı da başa düşmək lazımdır ki, bu qədər gözləməyimizə rəğmən heç bir nəticə əldə etməməyimiz həm daxildə, həm də hakimiyyət nümayəndələrinin, müxalifət və cəmiyyət içərisində də narazılığa səbəb olub. Buna görə bunları düzgün qəbul etməlidilər. Hesab etmirəm ki, ritorikalar Ermənistan-Azərbaycan cəbhəsindəki vəziyyətin dəyişməsinə, hansısa addımların atılmasına gətirib çıxaracaq. Bu yöndə heç bir addım atılmayacaq. Sadəcə ritorikalar yumşalıb, kəskinləşəcək".

Əli