“Həmsədrlərinin regiona səfərindən müsbət heç nə gözləmirəm” Siyasət

“Həmsədrlərinin regiona səfərindən müsbət heç nə gözləmirəm”

Elman Məmmədov: "Uzun illərdir onlar riyakar, qeyri-səmimi davranışları davam etdirirlər"

Fikrət Sadıqov: "Azərbaycana konkret təkliflər və real nəticələr lazımdır"

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda səfərdə olarkən "əgər növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası qalib gələcəksə, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün qətiyyətli addımların atılmasına şərait yaradacaq", - deyə bildirib.
Ermənistanın xarici işlər nazirinin müavini Ruben Ruinyan isə Boltonun fikirləri ilə bağlı münasibəti sensasiya olaraq təqdim edilib. Erməni nazirin müavini Boltonun bəyanatını şərh etmək istəmədiyini deyib. Əlavə edib ki, o, ABŞ-ın məmuru deyil: "Mən Ermənistanın xarici işlər nazirinin müaviniyəm, ABŞ-ın yox. Qarabağ məsələsində istənilən qərar Ermənistan və "Qarabağ xalqı" ilə uyğunlaşdırılmalıdır. Hansı prinsiplər Ermənistan tərəfi üçün münasibdir, o da olacaq".
Qeyd edək ki, Bolton İrəvanı tərk edəndən sonra Nikol Paşinyan da sərt açıqlama verib və qeyd etmişdi ki, "münaqişəni ABŞ yox, erməni xalqı həll edir".
ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin "münaqişənin istənilən həll variantı ərazilərin bir qisminin Azərbaycana qaytarılması ilə nəticələnəcək" deməsi də maraqlı nüanslardandır.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şaffer (ABŞ), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik isə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəliblər.
ATƏT heyəti Xankəndində Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüblər. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi və qoşunların təmas xəttindəki son vəziyyət müzakirə edilib.
Həmsdərlər eyni zamanda, Qarabağ separatçılarının "müdafiə naziri" Levon Mnatsakanyanla görüşüblər.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Azərbaycana səfər edəcəklər. 2018-ci ilin sonunadək isə Azərbaycan XİN başçılarının görüşü nəzərdə tutulur.
Həmsədrlərin regiona səfərindən nə gözləmək olar?
Deputat Elman Məmmədov bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən müsbət heç nə gözləmir: "Soyqırımına məruz qalan Azərbaycan vətəndaşı kimi deyə bilərəm ki, artıq uzun illərdir onlar riyakar, qeyri-səmimi davranışları davam etdirməkdədirlər". O bildirib ki, həmsədrlərin budəfəki səfərləri də 1993-ci ildən bu günə qədər edilən səfərlərdən fərqlənməyəcək.
Onun sözlərinə görə, çünki Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu bütün fəaliyyəti dövründə işğala məruz qalan Azərbaycanla işğalçı dövləti eyni gözdə görüb, fərq qoymadan eyni fikirləri səsləndiriblər: "Onlar hər zaman gərginliyin azaldılması, dayanıqlı sülhə, atəşkəsə nail olmaq və digər bu kimi iyrənc mövqe sərgiləyiblər. Həmsədrlərin uzun illik fəaliyyəti nəticəsində Azərbaycanın bir qarış belə torpağı işğaldan azad edilməyib. Ölkəmizin bu sahədə yalnız öz gücü hesabına uğur əldə edib. Bu illər ərzində işğalçıya, soyqırımı törədən dövlətə qarşı hər hansı sanksiya tətbiq olunubmu? Əlbəttə ki, yox!".
Deputat söyləyib ki, həmsədrlərin uzun illərdir fəaliyyətləri nəticəsində Azərbaycanın işğal altında olan ərazilərdə qeyri-qanuni məskunlaşmanın belə qarşısı alınmayıb: "Əslində onlar etməli olduqları heç nəyə əməl etməyib və etməyəcəklər. Çünki, həmsədrlər öz fəaliyyətlərində səmimi deyillər. Onların söylədikləri riyakarlıqla, boğazdan yuxarı deyilən fikirlərdir. 1993-cü ildən bu günə qədər burada tərəflər nisbəti hər zaman dördün birə olub. Bir Azərbaycan olub, 4 isə işğalçı dövlətlə 3 həmsədr olublar. Onlar hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun qorunmasına saxlanmasına çalışıblar".
E. Məmmədov vurğulayıb ki, Azərbaycan torpaqları danışıq, sülh yolu ilə işğal olunmayıb: "Bizim torpaqlarımızı müharibə, güc, soyqırımı, kütləvi qırğınlar vasitəsilə işğal edilib. Ancaq bu gün onlar bizi sülhə əməl etməyə, danışıqlara yolu illə məsələni həll etməyə çağırırlar. Məgər ermənilərin bizim torpaqlarımızı sülh və danışıqlarla işğal edib? Bu baxımdan düşünürəm ki, həmsədrlərdən bundan sonra da problemin həlli ilə bağlı ədalətli mövqe gözləməyə dəyməz".
Deputat qeyd edib ki, əgər həmsədrlər səmimi, həqiqi mənada kənara çəkilsə, o zaman problemin bəlkə də müharibəsiz şəkildə həllini tapa bilər: "Çünki, Ermənistan Azərbaycanın bugünkü gücünün qarşısında aciz olduğundan buna tab gətirməyərək özü çəkilə bilər. Lakin Ermənistan həmsədr ölkələrə arxayın olduğundan indi bu addımı atmır".
Politoloq Fikrət Sadıqov deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfərindən optimist heç nə gözləmir: "Çünki, onlar artıq illərdir ki, ölkəmizə səfər edir, görüşlər keçirir, müxtəlif söhbətlər aparır, ümumi ifadələr işlətməklə kifayətlənirlər. Azərbaycana isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret təkliflər və real nəticələr lazımdır". O bildirib ki, əgər ATƏT-in Minsk qrupunun həmsədrləri həqiqətən də real vasitəçidirlərsə və müəyyən səlahiyyətlərə sahibdirlərsə, o zaman onlar münaqişənin həlli ilə təkliflərini bağlı beynəlxalq hüquq normalarına uyğun və reallığa əsaslanan şəkildə irəli sürməlidirlər: "Reallıq da odur ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır".
Politoloq söyləyib ki, Ermənistanda vəziyyət müəyyən qədər dəyişib və daxili siyasi vəziyyət mürəkkəbdir: "Əslində həmsədrlər Paşinyanın bir sıra bəyanatlarından sonra fəaliyyətlərinə düzəliş edə bilərlər. Bizə bu lazımdır. Azərbaycanı sülhə çağırmaq, kompromislərə getmək, güzəştlər etmək lazım deyil. Biz artıq 25 ildir ki, eyni fikirləri eşidir və artıq problemin həllində özümüzdən başqa heç kimə arxalanmırıq".
F.Sadıqov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfərinə diqqəti yönəldərək qeyd edib ki, Bolton Ermənistana səfər zaman bir çox reallıqları üzə çıxarmış oldu: "Bildiyiniz kimi Con Bolton İrəvanda səfərdə olarkən bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Reallıqlar onu göstərir ki, inkişaf ancaq problemin həllinə bağlıdır. Boltonun həqiqətləri ifadə edən fikirlərini ABŞ-ın yanaşması olaraq müsbət qiymətləndirirəm. Əgər ABŞ məsələyə daha sərt yanaşsa, addımlar atsa, o zaman problemin ölü nöqtədən çıxmasına şübhə etmirəm. Biz bunu istəyir və gözləyirik. Hesab edirəm ki, həmsədrlərin Azərbaycana səfəri zamanı bu məsələlərin ciddi şəkildə müzakirə olunacaq".
Millət vəkili Aydın Mirzəzadə isə Xarici işlər nazirləri arasında keçirilən üçtərəfli görüşləri şərh edib. O bildirib ki, bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən yeni bir görüş formatıdır. Deputat əlavə edib ki, Azərbaycan ətrafında olan qonşu dövlətlərin xarici işlər nazirləri vaxtaşırı görüşərək bu ölkələrin milli maraq məsələlərini müzakirə edirlər: "Artıq zaman göstərdi ki, Azərbaycanın bu təşəbbüsünün çox uğurlu nəticələri var. Dövlətlər bir-biri ilə dostluq münasibətlərini daha da genişləndirir, dünyada gedən proseslərə ümumi bir baxış formalaşdırır, iqtisadi layihələr tətbiq edirlər. Ümumən isə bu görüşlər regionda sülhün və əmin-amanlığın təmin edilməsinə zərurət yaradır. Gələcəkdə bu formatın dördlük, beşlik və daha böyük bir arealı əhatə edəcək dövlətlərin nümayəndələrinin görüşü də tamamilə mümkün olan məsələdir".
Millət vəkili qeyd edib ki, bu görüşlər artıq müsbət nəticəni verir: "Sonuncu görüş bir daha nümayiş etdirdi ki, dövlətlərin mehriban qonşuluq siyasəti yeritməkdən başqa alternativi yoxdur. Bu gün beynəlxalq hüquq normalarına riayət etməklə, birgə maraq nöqtələrini axtarmaqla, öz imkanlarını birləşdirməklə böyük uğurlar əldə etmək olar. Ötən gün Azərbaycan, İran və Türkiyə XİN rəhbərləri arasında keçirilən VI üçtərəfli görüşü müsbət qiymətləndirirəm və hesab edirəm ki, gələcəkdə bu tip görüşlərin dünyanın digər rayonlarında da tətbiqi bütünlüklə mümkün olan bir məsələdir".

Əli