Nə üçün Azərbaycanda işğal haqda qanun layihəsi qəbul olunmur? Siyasət

Nə üçün Azərbaycanda işğal haqda qanun layihəsi qəbul olunmur?

Bu gün müzakirə olunun aktual mövzulardan biri də "Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında" qanun layihəsinin qəbuludur. Bununla bağlı siyasilər müxtəlif fikirlər söyləyirlər.
Xatırladaq ki, qanun layihəsinin müəllifi BAXCP sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyevdir. Sənəd 12 maddədən ibarətdir və artıq Milli Məclis Aparatına təqdim olunub.
Sənəddə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin hüquqi statusu müəyyən olunub. Həmin ərazilərə xarici ölkə vətəndaşlarının daxil olması, şirkətlərin fəaliyyət göstərməsinin qanunsuz olması əks edilib. Eyni zamanda, həmin ərazilərə Azərbaycan vətəndaşlarının daxil olması üçün xüsusi hüquqi rejimin yaradılması əks olunub. Hazırda bizim qanunvericilikdə Azərbaycan vətəndaşlarının ora daxil olması ilə bağlı hər hansı bir qadağa yoxdur. Bildiyimiz kimi, işğal olunmuş ərazilərimizə xarici jurnalistlər və digər şəxslər aparılıblar.
Deputatın təklifi yüksək dəyərləndirilərək qanun layihəsinin qəbul edilməsinə ehtiyac olduğu söylənilir.
Məsələn, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, belə bir qanunun qəbuluna ehtiyac var.
Krım, Donetsk, Abxaziya, Osetiya separatçı qurum rəhbərlərinin dünyanın bütün ölkələrinə çıxışının qadağan olunması ilə bağlı praktika mövcuddur. Bunu Ukrayna və Gürcüstanın işğal haqqında qanun qəbul etməsi və bu qanun çərçivəsində dövlətin maraqlarına qarşı fəaliyyət, təbliğat aparan şəxslərə cinayət işi qaldırılması ilə əsaslandırırlar. Bəs nə üçün Azərbaycanda işğal haqda qanun layihəsi qəbul olunmur?
"Gürcüstan və Ukraynada işğalla bağlı qanun qəbul olunub. Qanuna görə, Gürcüstan və Ukrayna hakimiyyətindən icazə almadan həmin ərazilərə girmək qadağan olunur. İstisna hallarda qaçqınların, beynəlxalq humanitar təşkilatların işçilərinin girişinə icazə verilir. Bundan başqa, həmin qanunda hər hansı mülkiyyətlə bağlı alğı-satqılar, iqtisadi fəaliyyət növü qadağan olunur. Orada yaradılan qondarma qurumun verdiyi qərarlar tamamilə qanunsuz sayılır. Ərazi sularına da girişin ancaq beynəlxalq hüquq konvensiyalarına görə həyata keçiriləcəyi nəzərdə tutulur", - F.Mehdiyev deyib.
Professor vurğulayıb ki, bizdə buna dair qanun olmasa da, Azərbaycan hakimiyyətindən icazə almadan həmin ərazilərə giriş qadağandır:
"Lakin bizdə bu şəxslər sadəcə qara siyahıya salınır. Gürcüstan qanununa görə isə bu, cinayət məsuliyyəti yaradır. Digər tərəfdən, biz işğal altında olan Azərbaycan torpaqlarına hansısa dövlətin nümayəndələrinin səfəri, həmin ərazilərdə iqtisadi fəaliyyət aparmasına öz etirazımızı bildiririk. Xarici dövlətlər də bizim bu etirazımıza hörmətlə yanaşır. Amma bəzən qondarma qurum Avropa bazarlarında "Made in Karabakh" etiketi ilə mal satmağa çalışır. Bu zaman Azərbaycan, əsasən, diplomatik yolla etiraz edə bilir. Avropa Komissiyası da bu etiraz əsasında bu malların ölkəyə girişinə qadağa qoyur. Amma etirazımızı qanuni müstəvidə daha da gücləndirə bilərik".
F.Mehdiyev qeyd edib ki, qanunun qəbulu daha bir imkan versə də, bu, bütün problemlərin düzələcəyi anlamına gəlmir:
"Bunun da bir neçə səbəbi var. Konkret olaraq Qarabağ separatçılarının liderinin Fransa və ABŞ-a səfərinə baxaq. Birincisi, Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Minsk Qrupunun mahiyyətində də onun vasitəçilik missiyası dayanır. Beynəlxalq hüquqda vasitəçinin bir nömrəli öhdəçiliyi onun tərəfsiz olmasıdır. Doğrudur, işğala məruz qalan bizik və digər dövlətlər bizi dəstəkləməlidir. Amma bunu biz həmsədr olmayan ölkələrdən tələb edə bilərik. Vasitəçi ölkədən isə bunu istəmək olmur. Vasitəçinin bir nömrəli öhdəliyi münaqişənin hər iki tərəfinə qarşı tərəfsiz qalmağı bacarması və dialoqu açıq saxlamasıdır. İkincisi, Ermənistanın Fransadakı lobbisi kifayət qədər güclüdür. Buna görə də qanun layihəsində bir çox məsələlər nəzərə alınmalı, çoxsaylı müqayisələr aparılmalıdır".
Hüquqşünasın sözlərinə görə, bu istiqamətdə mükəmməl bir qanunun qəbulu qondarma qurumu təmsil edən şəxslərin yanlış məlumatları yaymasının qarşısını ala bilməkdə bizim əlimizi gücləndirər:
"Gürcüstanda mövcud qanunda deyilir ki, oradakı yerli dövlət orqanlarının heç birinin qəbul etdiyi qərarlar, aktlar mötəbər deyil. Bizdə də işğal qanunu layihəsinə bu bəndi əlavə etmək lazımdır. Yəni bu qanunla əcnəbilərin işğal altında olan ərazilərimizdə iqtisadi fəaliyyətini asanlıqla qadağan edə bilərik. Amma bir məqamı da diqqətə çatdırım ki, Gürcüstandakı qanun bu ərazilərdə bütövlükdə iqtisadi fəaliyyəti qadağan edir. Əslində isə bu, xarici iqtisadi fəaliyyətə aid olsa, daha məqsədəuyğundur. Xarici investorun həmin əraziyə investisiya qoymasının qarşısını almaq lazımdır. Yəni qanun hazırlanarkən incəliklərə diqqət etmək, Ukrayna və Gürcüstanın işğalla bağlı qanunlarındakı boşluqlar doldurulmalıdır. Doğrudur, bu gün Azərbaycan Qarabağa xarici investisiyaların axınının qarşısını almağa çalışır və buna əsasən nail olur. Ancaq qanunun qəbulu əlavə imkanlar yaradar".
F.Mehdiyev bildirib ki, Gürcüstandakı qanun həmin ərazilərdə yaşayan şəxslərin xarici dövlətə getməsi halında ona qarşı cinayət işi qaldırmağı mümkün saymır:
"Amma həmin qanuna görə, dövlət qurumunda işləyən şəxs Abxaziya adından hüquqi aktlar qəbul edərsə, onda Gürcüstan qanunlarına görə, o, cinayət məsuliyyətinə cəlb olunacaq. Çünki Gürcüstan qanunvericiliyində "dövlət aktları" deyilən ayrıca maddə var. Orada qeyd olunur ki, Gürcüstan qanunvericiliyinə uyğun olmayaraq çıxarılan dövlət aktını qəbul edən şəxslərin qərarları etibarsızdır və həmin qərarları qəbul edən şəxslərə qarşı cinayət işi qaldırıla bilər. Bu təcrübədən də istifadə edilən bilər".
F.Mehdiyev vurğulayıb ki, Azərbaycan separatçılara iqtisadi zərbəni gücləndirmək üçün əsasən, Dağlıq Qarabağda istehsal olunan malların Aİ-yə daxil olmasının qarşısını tam almağı hədəfləyə bilər:
"Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir şəxs isə müəyyən lisenziyaların alınması üçün dövlətə müraciət etməlidir. Yəni sahibkarlıq fəaliyyətinə görə dövlət öz ərazisindəki sahibkarlara yuridiksiya tətbiq etmək imkanına malikdir. Buna görə də Aİ bu tələbə hörmətlə yanaşmalıdır. Malların giriş-çıxışı və mübadiləsi müstəqilliyi tanınmış ölkələr arasında aparılan prosedurdur. Ona görə biz burada kifayət qədər haqlı tələblərlə çıxış edə bilərik. Necə ki, müstəqilliyi tanınmayan dövlətin pasportu ilə heç bir xarici ölkəyə getmək mümkün deyil, eləcə də qondarma "dqr"də istehsal olunan mallar Avropa bazarına "Made in "Karabakh" şəklində girə bilməz".
F.Mehdiyev qeyd edib ki, qanunun qəbulu ilə bərabər, Ümumdünya Ticarət Təşkilatına üzv olmağımız bu kimi problemlərin həllində bizə daha böyük imkanlar verər:
"Çünki ÜTT-yə üzv olan ölkələrdə malların giriş-çıxışına güclü nəzarət edilir. Ora üzv olmadığımız üçün ÜTT çərçivəsində Dağlıq Qarabağda istehsal olunan malların başqa ölkələrə aparılmasına ciddi şəkildə mane ola bilmirik".