Ermənilər ruslara niyə nifrət edir? Siyasət

Ermənilər ruslara niyə nifrət edir?

"İrəvanın digər KTMT üzvləri ilə qarşıdurması proqnozlaşdırılan kimi başa çatacaq – Ermənistan kvotası ilə yanaşı, həm də bu təşkilata üzvlüyünü itirəcək".
Bu sözləri erməni hökumətinin müxtəlif dairələrindən Rusiyanın hərbi-siyasi blokunda rəsmi İrəvanın bundan sonrakı iştirakı ilə bağlı səsləndirilən fikirləri şərh edən gürcü politoloq Vladimir Çxvediani deyib.
"Ermənistanın KTMT-dan çıxması – artıq həll olunmuş məsələdir. Paşinyan sadəcə "qapını bərk çırpmaq" və hər şeydə Rusiyanı günahkar çıxarmaq istəyir", - gürcü ekspert vurğulayıb.
Azərbaycanın KTMT-yə qoşulması barədə mətbuatda yayılan şişirdilmiş məlumatlara da toxunan ekspert üzvlük üçün əvvəlcə danışıqlar aparılmasına ehtiyac və hər hansı bir nəticə çıxarmaq üçün çox tez olduğunu bildirib.
Politoloq belə bir qarşıdurmanın erməni siyasətinin getdikcə Qərbə doğru daha çox meyillənməsi nəticəsində mümkünlüyünü söyləyib. Onun fikrincə, hərbi-siyasi blokdan çıxması Ermənistanın müdafiə qabiliyyətinə və əsas ticarət-siyasi tərəfdaşlarının gözündəki imicinə ciddi zərbə vuracaq:
"Bu, Ermənistana heç nə verməyəcək. Ancaq Ermənistan artıq müstəqil ölkə deyil. Yeni sahibləri – ABŞ əmr verir, ermənilərin yeni hökuməti isə yerinə yetirir. Əgər sabah ABŞ əmr etsə ki, "özünü vur öldür", Paşinyan bunu da yerinə yetirəcək".
Politoloqun fikrincə, Kremlin gözləmə mövqeyi hansısa bir zəmanətlə deyil, Boltonun Cənubi Qafqaza səfərindən sonra Rusiya siyasətinin zəifləməsi ilə əlaqədardır.
"Rusiya Cənubi Qafqazda artıq hər şeyi itirib. Rusiya geosiyasətində fəlakət artıq baş verib və ABŞ onu minimallaşdırmağa imkan verməyəcək. Ona kimisə cəzalandırmaq yox, nüfuzunu xilas etmək lazımdır", - gürcü politoloq bildirib.
Çxvediani həmçinin Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyənin yüksəlməsinin Bakı ilə hərbi-texniki sahədə yaxın əməkdaşlıqdan daha dərin səbəbləri olduğunu söyləyib.
"Erməniləri öz millətçilikləri və ruslarla gürcülərə qarşı nifrətləri birləşdirir. Onlarda dini zəmində nifrət var. Erməni millətçiliyi 5-ci əsrdən etibarən pravoslavlığa düşmən olan erməni kilsəsinin ibadətindəki dini köklərə malikdir. Bu inanca ruslar və gürcülər etiqad edir. Pravoslavlar Qərbə nifrət edir – bu isə təbii olaraq ermənilərlə Qərbi müttəfiqə çevirir. Ermənilər Rusiya və Gürcüstanın məhz din düşmənləridir. Onlar öz maraqları naminə bu ölkələrdən istifadə edə bilərlər, ancaq heç vaxt yaxşılıq etməzlər. Erməni nifrətinin bu dərin əsasları dini məsələlərdən anlamayanlar üçün qaranlıq qalır", - Çxvediani bildirib.
O qeyd edib ki, hələ xristianlığın formalaşma dövründü erməni etiqad qaydaları bidəva elan edilib və lənətlənib.
"Beləliklə, istənilən bidəva və ya sektalar ayrıldığı və vaxtı ilə xəyanət etdiyi millətlərin müqəddəs dəyərlərini mənimsəməyə cəhd göstərir. Erməni monofizit etiqad qaydaları erməni xalqının ruhunu alt-üst eləyib. Onlar bu bidəvaya düşməmiş, həmçinin ermənilər qədər alçaldılmamış, öz dövlətləri olan xalqlara şiddətli şəkildə həsəd aparırlar. Buna görə də ermənilər ruslara və gürcülərə nifrət edirlər ki, necə olur ki, bizim kimi "böyük", "qədim" və "mədəni" xristianlara hər kəs tərəfindən xor baxılır, ancaq bu "tənbəl", avara, vəhşi və düzgün xristian olmayan rus və gürcülər hər şeyə sahib olur?" - Çxvediani fikrini tamamlayıb.

Ermənistan küncə sıxılmış vəziyyətdədir

Millət vəkili Elman Nəsirovun fikrincə, Azərbaycan səs hüququ olmadan, daha çox əməkdaşlıq konteksində KTMT ilə gələcək münasibətləri tənzimləyə bilər. Bu istiqamətdə müəyyən addımlar artıq atılmaqdadır.
O bildirib ki, noyabr ayının 8-də Qazaxıstanın paytaxtında KTMT-nin sammiti çərçivəsində qəbul edilən sənədlərdən əsas diqqəti cəlb edəni yeni tərəfdaşlıq və müşahidəçilik statusunun təyin edilməsi barədə qərar oldu:
"Bu məsələlərə təşkilat çərçivəsində aydınlıq gətirildi. İndiyə qədər bu cür institutun yaradılması ilə bağlı təşəbbüslərin Ermənistan əleyhdarı idi. Yenə də əleyhdarıdır. İlk növbədə Rusiyanın niyyəti bu təşkilatda Azərbaycanın müşahidəçi, tərəfdaş ölkə kimi görməkdir. Əsas hədəflərdən biri budur. Rusiya ümumiyyətlə, eyni statusda Serbiya, Özbəkistan, Moldovanı da görmək istədiyini gizlətmir. Amma əsas məqsəd regionun ən güclü dövləti olan Azərbaycanın bu qurumla əməkdaşlıq formatının tapılmasıdır. Bu nöqteyi-nəzərdən müşahidəçilik və tərəfdaşlıq statusu kifayət qədər cəlbedici məsələdir".
Millət vəkili qeyd edib ki, Ermənistan bu məsələlərdə fərqli mövqedə dayanır:
"Ermənistan çox gözəl dərk edir ki, Azərbaycan bu təşkilatın üzvü olmasa da, təşkilata üzv dövlətlərin ölkəmizlə daha sıx münasibəti var. Elə təşkilat çərçivəsində də Ermənistan küncə sıxılmış vəziyyətdədir. Təşkilatın baş katibi vəzifəsinə Ermənistan nümayəndəsinin seçilməsindən imtina edilməsi də bunu bir daha təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Belarus münasibətləri ən yüksək səviyyədədir. Belarus-Ermənistan münasibətlərində isə böhran yaşanmaqdadır".
Millət vəkilinin sözlərinə görə, Ermənistanın indiyə qədər bu prosesə mane olmasının əsas istinad nöqtəsi təşkilat çərçivəsində konsensus prinsipinin mövcud olması idi:
"Yəni 6 dövlətdən hər hansı biri bu və ya digər qərarın qəbul edilməsi ilə bağlı "yox" desəydi, qərar qəbul edilmirdi. Bu, Ermənistanın əlində çox təsirli bir rıçaq idi. İndiki halda isə təşkilatın nizamnaməsində dəyişiklik edildi. Yeni nizamnaməyə görə, bu və ya digər qərarın qəbul edilməsi üçün konsensus prinsipi qüvvədən düşmüş hesab edilir. Azərbaycanın perspektivdə bu təşkilata müşahidəçi və tərəfdaş kimi statusunun müəyyən edilməsi məsələsinin gündəmə gələcəyi təqdirdə 5/1-ə nisbəti formalaşa bilər. Beləliklə, bu nisbət Ermənistanın biabırçı məğlubiyyətinin ortaya çıxmasına səbəb olacaq".
Millət vəkili vurğulayıb ki, Azərbaycanın bu təşkilata üzvlüklə bağlı qərarı və həvəsi yoxdur:
"Digər tərəfdən, Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvüdür. Gələn ildən 3 il ərzində ölkəmiz bu təşkilata sədrlik edəcək. Yəni Qoşulmama Hərəkatının üzvü olan dövlətin bu və ya digər hərbi bloka daxil olması məqbul deyil. Ancaq müşahidəçiliyin problemi yoxdur və Azərbaycanın hətta bu təşkilatda müşahidəçilik statusunun özü də Ermənistanı vahiməyə salmağa bəs edir. Ümumiyyətlə, təşkilatda nə müşahidəçilik, nə tərəfdaşlıq, nə də üzvlüyü olmayan Azərbaycanın təşkilat çərçivəsindəki ölkələrlə çox inkişaf etmiş münasibətləri Ermənistanı narahat edir. Bunu Ermənistanın baş nazir vəzifəsini icra edən Paşinyan da etiraf edir. Reallıq belədir. İndiki halda Azərbaycanın KTMT ilə müşahidəçi və tərəfdaş statuslu əməkdaşlığının yaranması Bakının qurum çərçivəsində də mövqelərinin daha da möhkəmlənməsinə, eyni zamanda Ermənistana təsir və təzyiq imkanlarımızın daha da genişlənməsini gətirib çıxarar".

İrəvan Kremli şantaj edir

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov isə deyib ki, KTMT ilə bağlı Ermənistan və Rusiya tərəfindən səsləndirilən fikirlər sadəcə bəhanədir.
O bildirib ki, tərəflər bir-birlərini şantaj edir:
"Erməni tərəfi şantaj edir ki, mən buradan çıxa bilərəm, Rusiya tərəfi isə Ermənistanı KTMT-dən qovmaqla təhdid edir. Belə bir qarşılıqlı şantajda heç bir müsbət nəticəsi ola bilməz. Çünki artıq başqa ölkələrin də bu prosesə qoşulmasını müşahidə etdik. Burada Qazaxıstanı və Belarusu nəzərdə tuturam. Və xüsusilə vurğulamalıyam ki, bu məsələdə artıq Azərbaycan amili də rol oynamağa başlayıb. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir".
E.Namazov qeyd edib ki, Paşinyan KTMT-yə yeni bir siyasi üsul, leksikon gətirir:
"Təşkilata üzv olan ölkələrin başçılarının tərcümeyi-halına baxsaq, onların keçdiyi yola nəzər yetirsək, görərik ki, bu təşkilat bir-birinə yaxın olan şəxsləri birləşdirən klubdur. Həm yaş, həm də təcrübə baxımından bir-birinə uyğun olan ölkə başçıları bu təşkilatda təmsil olunur. Paşinyan bu təşkilata, şərti desək, küçə döyüşlərini xatırladan üsullar gətirmək istəyir ki, burada təmsil olunan dövlət başçıları buna o qədər də müsbət münasibət bəsləyə bilməz. Ola bilsin ki, bu, kimlər üçünsə gözlənilməzdir. Paşinyan hazırda kimin birinci qorxub geri çəkiləcəyini, güzəştə gedəcəyini gözləyir. Bunun üçün KTMT-də təmsil olunan dövlət başçılarına qarşı mətbuat vasitəsi ilə atmacalar atır və bununla vəziyyəti daha da qızışdırmağa çalışır. Bunlar Paşinyanın siyasi karyerası ərzində etdiyi işlərdir. Paşinyan bu cür üsullara öyrənib və bunu tətbiq edəndə özünü çox rahat hiss edir. Ancaq Qazaxıstan, Belarus prezidentləri üçün bu üsul yaddır".
E.Namazov vurğulayıb ki, faktiki olaraq, KTMT-də Ermənistanla Qazaxıstan və Belarus, eləcə də Rusiya arasında yaranan qarşıdurma, atışmalar Ermənistanın geopolitik seçimini dəyişmək istəməsindən irəli gəlir:
"Bütün bunlar Ermənistanın Avropa və ABŞ-ın təsir dairəsinə keçmək planlarının, istəklərinin təzahürüdür. Bunun müxtəlif sahələrdə şahidi olacağıq. Hələ bundan sonra Avrasiya İqtisadi Birliyinin iclaslarında, beynəlxalq təşkilatlarda keçirilən səsvermələrdə də bu cür hallar yaşana bilər. Yəni hazırda çox ciddi proseslər gedir. İnanmıram ki, bu prosesə dekabrın əvvəlində son qoyulsun. Növbəti iclasa qədər bu ziddiyyətlərin aradan qalxacağı inandırıcı görünmür. Bu ziddiyyətlərdə kompromisə gəlmək nə Paşinyanın, nə də qarşı tərəfin marağındadır. Ona görə də güman edirəm ki, Sankt-Peterburq görüşündə ya müvəqqəti olaraq, Rusiya nümayəndəsinin bu vəzifəni icra etməsi qərarına gələcəklər, ya da problemin həlli növbəti iclasa qalacaq. Bu məsələ belə də uzanacaq".
E.Namazovun sözlərinə görə, gec-tez bu ölkələr açıq şəkildə istəklərini dilə gətirəcək:
"Tərəflərdən birinin siyasi səhnədən getməsini biz müşahidə edəcəyik. Görünən odur ki, bu tərəflərdən zəifi Ermənistandır. Ermənistan hakimiyyətinin həm daxili, həm də xarici siyasətdə durumu getdikcə daha da pisləşəcək. Bu prosesdə Azərbaycan hər zaman öz ərazi bütövlüyünü bərpa etməyə, bu vəziyyətdən istifadə edib Qarabağ problemini həll etməyə və son nöqtəni qoymağa hazır olmalıdır".
Qeyd edək ki, rusiyalı politoloq Sergey Markov Ermənistanın KTMT-dən çıxarılması məsələsinin gündəmə gələ biləcəyini istisna etməyib. Onun ardınca isə Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan jurnalistlərə açıqlamasında bildirib ki, əgər atacağımız addım maraqlarımıza cavab versə, o zaman Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edə bilər.