“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası başlayıb Siyasət

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası başlayıb

Azərbaycanda "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasına start verilib.
"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" hər il 25 noyabr (Qadınlara qarşı zorakılıqla Beynəlxalq Mübarizə Günü) - 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır və gender əsaslı zorakılığın insan hüquqları pozuntusu olduğunu vurğulayır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar "16 günlük kampaniya" kimi genış şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.
Kampaniya BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP), Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin İctimai İnformasiya Departamenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi, Rasional İnkişaf uğrunda Qadınlar Assosiasiyası və Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatının dəstəyi ilə həyata keçirilir.
Kampaniyanın açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı hallarının cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmasına, cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərinə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur.
O hesab edib ki, hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynur Veysəlova BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Promundo" Beynəlxalq təşkilatı və Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzin birgə səyləri nəticəsində ərsəyə gələn "Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar" adlı tədqiqatın hesabatını təqdim edib və gender münasibətlərinin dinamikası ilə gender əsaslı zorakılıq arasında olan əlaqələrə dair tədqiqat nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədqiqat həmçinin kişilərin gender bərabərliyi, gender rolları və dinamikası, valideynlik və qayğı məsələləri, ev təsərrüfatı daxilində münasibətlərin dinamikası, sağlamlıq (o cümlədən, cinsi və reproduktiv sağlamlıq və hüquqlar) və oğlan uşağına verilən üstünlük məsələləri ilə bağlı mövcud münasibətləri öyrənmək məqsədi daşıyıb.