Paşinyan Dilqəm Əsgərov və Şahbaz Quliyevi niyə qaytarmaq istəmir? Siyasət

Paşinyan Dilqəm Əsgərov və Şahbaz Quliyevi niyə qaytarmaq istəmir?

"Azərbaycan əsirlərin dəyişdirilməsi təklifi ilə çıxış edir. Azərbaycanda üç erməni var, Qarabağda üç azərbaycanlı. Üç azərbaycanlıya qarşı üç ermənini verməyi təklif edirlər". Bu barədə Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycan mövqelərinə soxulmaq istəyərkən ələ keçirilən erməni diversant Karen Kazaryanın valideynləri ilə görüşdə deyib. Lakin Paşinyan Azərbaycanın təklifindən imtina etdiklərini bildirib. "Qarabağda iki azərbaycanlı var. Onları qaytarsaq, Azərbaycanda Ramil Səfərov kimi qarşılanacaqlar. Biz bunu istəyirik? Kazaryanla bağlı məsələni Azərbaycan tərəfi ilə müzakirə etməyə davam edirik. Biz bu məsələni beynəlxalq səviyyəyə çıxaracağıq", - deyə Paşinyan Kazaryanın ailəsinə söz verib.
Lakin Ermənistan mediası bunun sadəcə olaraq seçki öncəsi vəd olduğunu yazır.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı torpaqlarda qalan doğmalarının məzarlarını ziyarət etmək istəyərkən, erməni hərbi birləşmələri tərəfindən girov götürülüb. Azərbaycan dövləti onların azad edilməsi istiqamətində çalışır.
Politoloq Mübariz Əhmədoğlu deyib ki, Nikol Paşinyanın fikrincə, guya Şuşa həbsxanasında girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması yeni "Ramil Səfərov" effekti yaradacaq.
O bildirib ki, ermənilərin anlamında Ramil Səfərov fenomeninin iki tərkib hissəsi var: "Birincisi Ramil Səfərovun Macarıstanda həbsxanadan buraxılması, digəri isə onun Bakıda təntənəli qarşılanması. Paşinyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarmamağının əsas səbəbini əgər bunda görürsə məsələnin həllinin tapıldığını demək mümkündür. Burda iki addım var. Əvvəla Dilqəm və Şahbaz Şuşa həbsxanasından girovluqdan azad edilir. Digər tərəfdən Bakıya göndərilmir, Kəlbəcərə göndərilir. Elnur Hüseynzadəni də bura əlavə etmək olar. Bu azərbaycanlılar üçün Bakı ilə Kəlbəcərin fərqi yoxdur. Hətta azadlıqda olsalar Şuşanın da fərqi yoxdur. Beləliklə, Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə azad şəkildə yaşayırlar, onların yaşayışının təmini üçün təsərrüfatlarının qurulması məqsədilə ilə Avropa İttifaqı və ya ATƏT müəyyən qrant layihəsi reallaşdırır. Dilqəm Əsgərov və Şahbaz Quliyevin bacarıqları nəzərə alınmaqla xırda emalatxanadan tutmuş, heyvandarlıq və ya əkinçiliklə məşğul olan fermer təsərrüfatınadək nəsə bir qurum yaratmaq olar".
Politoloq qeyd edib ki, Azərbaycan Respublikasının Kəlbəcər rayonun prokurorluğu Dilqəm Əsgərov və Şahbaz Quliyevdən Kəlbəcər rayonun ərazisini tərk etməməklə bağlı iltizam alır: "Azərbaycanın rəsmiləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin bu göstərişə əməl edib-etməməyini müntəzəm yoxlayır. Kəlbəcərdə yaşamağa başlayan bu iki şəxsin ailə üzvləri, qohumları və dostları yoxlamaq istəsələr bunun üçün də xüsusi prosedur müəyyənləşdirmək olar. Beləliklə, 3 azərbaycanlı girov azad yaşayır və nəticədə N.Paşinyan da "Ramilsəfərovlaşma"dan qaçır. ATƏT və Avropa İttifaqı MDB məkanındakı digər münaqişəli regionlarda icmalar arası dialoqu geniş tətbiq ediblər. Dağlıq Qarabağ münaqişəsində isə bundan yayınıblar. ATƏT və Aİ MDB məkanındakı digər münaqişəli regionlarda sülhyaratma istiqamətində müxtəlif orijinal addımlar da reallaşdırıblar. Dağlıq Qarabağ münaqişəsi regionunda isə bunu da etməyiblər. Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə azad yaşamasının təminində onların iştirakı Dağlıq Qarabağ tənzimlənməsində yeni vəziyyət yarada bilər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vəziyyət "domino effekti"nə çox yaxındır. İstənilən irəliləyiş birdən-birə tənzimlənməyə səbəb ola bilər".