“Makron yaxşı bilir ki, belə bir soyqırım olmayıb” Siyasət

“Makron yaxşı bilir ki, belə bir soyqırım olmayıb”

Sahib Alıyev: "Söhbət əsl soyqırımından gedirsə, onda onu törədənlərin başında məhz öz ölkəsi gəlir"

Ramiyə Məmmədova: "O, sadəcə öz hakimiyyətini qorumaq üçün əlinə düşən fürsətlərdən istifadə edir"

Fransa Prezident Emmanuel Makronun qondarma soyqırımı "anım günü" elan etməsi Türkiyə ilə yanaşı Azərbaycanda da ciddi etiraza səbəb olur. Siyasərçilər, ictimai xadimlər və media bu addımı sərt şəkildə tənqid edirlər. Ekspertlərin fikrincə, rəsmi Parisin bu addımı Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan münasibətlərinə də mənfi təsir edə bilər.
Millət vəkili, politoloq Sahib Alıyevin fikrincə, Makron axı yaxşı bilir ki, belə bir soyqırımı olmayıb, bu uydurmadır:"Və söhbət əsl soyqırımından gedirsə, onda onu törədənlərin başında məhz öz ölkəsi gəlir. Makronun təbirincə desək, "tarixin düz gözünə baxan Fransa" Əlcəzair, Ruanda və digər Afrika ölkələrində törətdiyi soyqırıma gəldikdə nədən kora çevrilir? Yoxsa soyqırımına uğratdıqlarının yaraşıqlı və yarı çılpaq törəmələriylə qucaqlaşıb həm də şəkil çəkdirməklə Makron tarixin o qanlı anlarını unutdurduğunu düşünür? Bəlkə, bu həmin xalqlara qarşı Fransanın törətdiyi soyqırımın Makroncasına tanınmasıdır? Xeyr, bu cür şəkillər ancaq Makronun özünü unutduğunu göstərir və tanımayanlara onun kimliyini tanıdır".
Millət vəkili deyib ki, Emmanuel Makron Fransasının Türkyəni etmədiyi soyqırımda suçlandırması əslində özünü satan qadının bakirə qızı əxlaqsız adlandırması kimi bir şeydir: "Axı nəzarətində olan torpaqlarda, o sıradan Afrikada Osmanlının yerli xalqlarla necə humanist və ədalətli davrandığı heç kimə sirr deyil. Eyni zamanda o da sirr deyil ki, həmin torpaqların bir hissəsi Fransanın əlinə keçəndən sonra orada hansı vəhşiliklər törədildi.
Rəsmi Paris əslində Afrikada indi də keçmişdəkindən çox az fərqlənən siyasət yeridir. Xatırladaq ki, təqribən yarım ay bundan öncə İtalya baş nazirinin müavini Di Mayo Fransanı hələ də Afrikada koloniyaçılıq siyasəti yeritməkdə, oranın təbii ehtiyyatlarını çapıb-talamaqda, əhalsini isə ölkələrindən qaçmağa vadar edərək qayıqlarını Aralıq dənizinin sularına gömməkdə suçlamışdı. Di Mayo bildirmişdi ki, əgər Afrikada bu vəhşi və qarətçi siyasəti yeritməsəydi, Fransa indi dünyada 6-cı yox, heç 15-ci iqtisadiyyat da olmayacaqdı. Bunu Fransa ilə eyni qurumda yer alan bir ölkənin yüksək vəzifəli rəsmisi deyir".
Sahib Alıyevin fikrincə, bütün bunları nəzərə aldıqda Dağlıq Qarabağ məsələsində Fransanın ədalətli mövqe nümayiş etdirəcəyinə inanmır: "Belə bir dövlətdən ədalət gözləmək olmaz. Əvvəldən də Parisin beynəlxalq normaya yaxın sayılacaq mövqe tutacağına inanmırdım. Makronun Fransasına isə heç inanmıram. Makron Fransasının uydurma hay soyqırımıyla bağlı son addımından sonra isə bu ölkənin ATƏT-in Minsk qrupuna həmsədrliyi mənim nəzərimdə hardasa elə Ermənistanın həmsədrliyi kimi bir şeydir".
Politoloq Ramiyə Məmmədova isə diqqətə çatdırıb ki, Fransa və onun rəhbərinin türk dünyasına qarşı yol verdiyi səhvlər artıq təhqir formasını almağa başlayıb: "Hesab edirəm ki, Prezident Emmanuel Makronun qondarma soyqırımı "anım günü" elan etməsi Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan münasibətlərinə də mənfi təsir edə bilər". Politoloqa görə, Makron bununla cəmiyyəti Fransa daxilindəki gərginlikdən yayındırmağa çalışır: "Hesab etmək olar ki, bu, Fransa prezidentinin siyasi oyunudur. Xalqla üz-üzə qalan Makron bununla diqqəti daxili problemlərdən yayındıraraq, həm erməni lobbisinin dəstəyini qazandı, həm də türklərə qarşı qərəzli olduğunu nümayiş etdirdi. Əlbəttə, buna qədər də onun erməni lobbisi tərəfindən dəstəkləndiyini bilirdik. Seçkiqabağı kampaniya dönəmində ermənilərə vəd vermişdi və indi də bu vədi yerinə yetirdi. Lakin verdiyi vədin gələcəkdə hansı nəticələrə yol açacağını düşünmək də dövlət başçısı kimi onun vəzifəsidir.
Görünən odur ki, bu, Makronu narahat etmir və strateji cəhətdən əhəmiyyətsiz Ermənistana görə güclü və strateji baxımdan lazım olan ölkələrlə münasibətlərini pozmağa hazırdır. Onu da deyə bilərik ki, Makronu nə Fransa, nə də xarici siyasət maraqlandırır. O, sadəcə öz hakimiyyətini qorumaq üçün əlinə düşən fürsətlərdən istifadə edir".
Ramiyə Məmmədova qeyd edib ki, qondarma soyqırımına yönəlik bu qərar Fransanın bu günədək yaratdığı demokrat imicini zərbə altına qoyur: "Bu, bütün türk dünyasına qarşı təhqirdir. Buna görə, Fransa Dağlıq Qarabağ münaqişəsinə də qərəzli yanaşır. Həmişə beynəlxalq hüquq normalarını əlində bayraq edən Fransanın Xocalı soyqırımını törətmiş və Azərbaycan ərazilərini işğal etmiş ermənilərə dəstək verməsi münaqişənin həllini əngəlləyir. Buna görə düşünürəm ki, Fransanın Minsk qrupundan uzaqlaşdırılmasını tələb etmək Azərbaycanın ən təbii haqqıdır. Hesab edirəm ki, Fransa bundan sonra ona dəyişəcək münasibəti və regionda həyata keçirilən layihələrdən uzaqlaşdırılmasına etiraz etməməlidir və buna dözməlidir. Çünki həmin layihələrin başında Azərbaycan və Türkiyə dayanır".

Əli