“Qarabağda cinayətkar rejim var” Siyasət

“Qarabağda cinayətkar rejim var”

Əliməmməd Nuriyev: "Erməni qruplaşmaları arasında mübarizə gedir"

Bu ilin may ayında Ermənistan-Azərbaycan arasında atəşkəsin elan olunmasına dair imzalanan Bişkek protokolunun 20 il keçdi. Atəşkəsin mövcud qanunlara əsaslanmasına baxmayaraq, 20 il ərzində Azərbaycan tərəfinin itkiləri kifayət qədərdir. Xüsusilə, təmas xəttində sadə vətəndaşları girov götürən düşmən tərəfi onlarla qarşı kobud davranır. Girovların partizan olduqlarını, təxribat xarakterli işlər törətdiyini vurğulayan qarşı tərəf istənilən halda, Azərbaycanı beynəlxalq ictimaiyyətə qatı cinayətkar kimi təqdim etməyə çalışır.
Kəlbəcərdə girov saxlanılan 3 soydaşımızı "diversant" kimi təqdim edən Ermənistan ordusu həmişə olduğu kimi, bu dəfə də öz xeyirlərinə sərf edən təbliğat aparır. Digər bir məqam ondan ibarətdir ki, bir erməni vətəndaşını həmyerlisi qətlə yetirsə də, cinayət Azərbaycan tərəfinin üzərinə yüklənilir.
Əcəba, Azərbaycana qarşı ittiham növünü dəyişməklə əks qütbdə dayanan düşmən tərəfinin məqsədi nədən ibarətdir?
Konstitutsiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əlməmməd Nuriyev məsələni belə şərh edib:
"Kəsişmə nöqtəsində, təmas xəttində erməni öldürülür. Bu zaman onlar iddia irəli sürürlər ki, həmin şəxs Azərbaycan tərəfindən açılan snayper atəşi nəticəsində öldürülüb. Əgər təmas xəttini bir azərbaycanlı keçirsə, onlara elə gəlir ki, bunların hamısı kəşfiyyat məlumatları öyrənmək üçün Azərbaycan xüsusi xidmət orqanlarının, Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təxribat dəstləridir. Bunu belə başa düşürlər. Bu cür də təqdim etməyə çalışırlar. Çünki bu gün Ermənistan tərəfi üçün belə düşünmək sərfəlidir. "Sadə vətəndaş keçib, biz də onu güllələdik", bunu heç vaxt deməyəcəklər. Heç bir ciddi fakta, sənədli məlumatlara əsaslanmayaraq bu cür ittiham irəli sürməyəcəklər. Heç bir formada düşməndən başqa bir şey gözləmək olmaz. Həmin şəxsin çoban, yoxsa hərbçi olamsından asılı olmayaraq, qarşı tərəf hamısını hərbçilərin planları kimi qiymətləndirəcək. Bu da təbiidir. Çünki informasiya müharibəsi gedir. Bütün hallarda beynəlxalq ictimaiyyətə, öz daxili auditoriyalarına çatdırmalıdırlar ki, gələcəkdə hücumlar, yeni təxribat hazırlamaq üçün Azərbaycan hər dəfə onlarla bağlı məlumatları toplamağa çalışır. Bütün bunları beynəlxalq təşkilatlara, öz vətəndaşlarına göstərməlidirlər ki, atəşkəsin pozulmasının ən ciddi səbəbləri Azərbaycan ordusunun hazırladığı planın nəticəsidir".
Hüquqşünasın sözlərinə görə, Azərbaycan tərəfi bütün hallarda həqiqəti dünyaya nümayiş etdirməyə çalışır: "Sonuncu dəfə Kəlbəcərdə əsir düşən 3 nəfər darıxdığı üçün öz torpaqlarına gediblər. Girovlarımızın zahiri görünüşü, yaş məsələsi, davranışları heç bir halda onların xüsusi təxribat qrupunun üzvləri olduğunu göstərə biləcək həddə deyil. Bütün bunlara baxmayraq, informasiya müharibəsində bu cür davranılmalıdır. Azərbaycan tərəfi də aydın və əsaslandırılmış şəkildə göstərdi ki, bu insanlar Azərbaycan ordusunda xidmət etmirlər. Bunlar sadə vətəndaşdırlar. Bütün halarda beynəlxalq ictmaiyyət daha ciddi surətdə təcavüzün aradan qaldırılması ilə bağlı fəaliyyətini sürətləndirməlidirlər".
Bu cür ittiham vasitəsinin qarşısını almağa gəlincə, Əliməmməd Nuriyevin fikrincə, Dağlıq Qarabağda cinayətkar rejim var: "Cinayətkar rejim heç bir halda imkan verməz ki orda hansısa obyektiv kəşfiyyat aparılsın. Beynəlxalq təşkilatlar, ATƏT-in missiyası da bununla bağlı fəal hərəkətlər etmir, hətta hansısa addım atılsa belə obyektiv nəticəni ortaya qoymaq imkanları yoxdur. Orada silah alveri gedir, narkotik maddələr bu ərazilərdən tranzit olunur. Ona görə iqtisadi qruplaşmalar arasında da daimi mübarizə gedir. Hətta Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında da münaqişə var. Bu konfliktlər hesabına insan itkisi ola bilər. Bu itkini hər zaman Azərbaycan tərəfinin üzərinə yıxmağa çalışırlar".