15 iyun qurtuluş günü Siyasət

15 iyun qurtuluş günü

Musa Qasımlı:"Daxili siyasətdə hərcmərclikdən, anarxiyadan, vətəndaş qarşıdurmasından imtina edildi, separatçılığın kökü kəsildi”

İyunun 15-də Azərbaycan Qurtiluş Gününü qeyd edəcək. 15 iyunun Azərbaycanın siyasi tarixndə xüsusi yeri var.

Xatırladaq ki, Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyasıda deputatlar böyük səs çoxluğu ilə ümummilli lider Heydər Əliyevi Ali Sovetin sədri seçiblər. Bundan sonra ölkədə olan hərc-mərclik aradan qaldırılıb və Azərbaycan parçalanmadan xilas edilib.

Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Xalq Cəbhəsi”nə bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günündə ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə sədr seçilməsi Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu: “Ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütəmadi eskalasiya vəziyyətində qeyri-müəyyənliklə təzahür olunan destruktiv proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu: “Həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra dağıdıcı proseslərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazım idi ki, ümummilli lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərindən hərəkət edərək buna nail oldu”.

H.Babaoğlunun fikrincə, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da dövlət çevrilişlərinə cəhdlər edilsə də, onların qarşısı siyasi rasionallıqla zamanında atılmış addımlar və görülmüş tədbirlər sayəsində alındı. Digər tərəfdən, əgər 1991-1993-cü illər ərəfəsində edilmiş çevriliş cəhdləri hakimiyyət boşluğu və böhranından, ölkəyə rəhbərlik edən şəxslərin siyasi irrasionallığından qaynaqlanırdısa, 1993-cü ildən sonrakı cəhdlər ümummilli lider Heydər Əliyevin siyasi sabitliyi və ümummilli bütövlüyü təmin etmək üçün gördüyü tədbirlərə əks reaksiya idi. Ulu öndərin sistematik tədbirlər planının fonunda məlum çevriliş cəhdlərinin arxasında və əsasında duran dağıdıcı daxili və xarici qüvvələr ölkəmizdə siyasi sabitliyin təmin edilməsinə yönəlik strateji tədbirlərin qarşısını almağa və ölkədə yenidən anarxiya mühitini bərpa etməyə çalışdıqlarını deyən H.Babaoğlu diqqətə çatdırıb ki, ökədəki situasiya əvvəlki kimi deyildi: “Belə ki, ulu öndər Heydər Əliyevin sürətli strateji tədbirlər planı və milli siyasəti sayəsində ictimai-siyasi palitrada kardinal səciyyə daşıyan mərhələli reformativ tədbirlər görülmüşdü və bunun sayəsində bölücü faktorların neytrallaşdırılması mümkün idi. Bütün bu strateji tədbirlər sayəsində məhz bu cür də oldu, yəni, bölücü faktorların neytrallaşdırılmasına və ictimai-siyasi müstəvidə siyasi sabitliyin təmin olunmasına nail olundu. Bu kritik tarixi hadisədən sonra Azərbaycan etnik və regional seperatçılıqdan, vətəndaş müharibəsindən qurtuldu, ölkəmizdə ən yeni siyasi tariximizin fundamental təməlləri yaradıldı və Azərbaycan sabit və dinamik inkişaf yoluna çıxarıldı”.

O vurğulayıb ki, bu gün də həmin yol inamla davam etdirilir. Heç şübhəsiz ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi, səmərəli fəaliyyəti sayəsində mümkün olur. Olduqca mürəkkəb bir regionda hazırki inkişafa və sabitliyə nail olmaq yalnız 4 iyun hadisələrindən obyektiv dərs çıxarmaq və onun nəticələrini düzgün qiymətləndirməklə mümükün ola bilərdi ki, Azərbaycan da bunu bacardı.

Tarixçi alim, millət vəkili Musa Qasımlı deyib ki, 1993-ci ilin iyunun 15-i muasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Onun sözlərinə görə, Azərbayanda xalqın tələbi və Konstitusiyaya uyğun olaraq Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycan dövləti və dövlətçilik tarixində bir sıra yeni prinsipial məsələlərin əsasını qoydu:”Ulu öndərin hakimiyyətə qayıdışı daxili siyasətdə hərcmərclikdən, anarxiyadan, vətəndaş qarşıdurmasından imtina edildi, separatçılığın kökü kəsildi. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə hakimiyyət ilə xalq arasında mövcüd olan uçurum aradan qaldırıldı və hakimiyyət daxilində birlik əldə edilməsindən ötrü ciddi addımlar atıldı. 15 iyun Azərbaycanda ənənəsi olan, dərin dövlətin yaradılmasının başlandığı, müasir, sivil, vətəndaş cəmiyyətli bir dövlətin qurulmasının təməlinin atıldığı gündür. Həmin gün Azərbaycan xalqının özünə inamı bərpa edildi, xalq ruh düşgünlüyündən, gələcəyə olan inamsızlıqdan qurtuldu, dövlətin daha etibarlı olduğuna əmin oldu". M.Qasımlı deyib ki, bu gün həm də Azərbaycan xarici siyasət tarixində yeni bir mərhələnin başlanğıcı oldu: "Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycan xalqı onun maraqlarına cavab verməyən təkqütblü xarici siyasətin yeridilməsindən qətiyyətlə imtina etdi, çoxvariantlı, çoxyönlü, çoxqütblü, tarazlaşdırılan xarici siyasət xəttini seçdi. Ölkə xarici siyasətinin başlıca məqsədlərinə xidmət edən tarazlaşdırılan xarici siyasət bir vasitə kimi Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə təsir etdi. 15 iyun eyni zamanda Azərbaycanın beynəlxalq əlaqələrində, xarici siyasətində tamamilə yeni bir keyfiyyət dövrünün başlanğıcı, dönüş anıdır. Mən hesab edirəm ki, bu gün Azərbaycan tarixinin mühüm hadisəsi olmaqla yanaşı, dövlətçilik ənənələrin dərin təməllərə dayanaraq, inkişaf etdirilməsinin nöqtəsidir".

Deputatı Azər Badamov diqqətə çatdırıb ki, 15 iyun Milli Qurtuluş Günü müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb: “15 iyun ölkəmizin müstəqilliyinə yeni bir nəfəs gələn gündür. 15 iyun ikinci dəfə nail olduğumuz dövlət müstəqilliyimizin məhv olması ərəfəsində yenidən həyata qayıtdığı gündür. Ulu öndər Heydər Əliyev demişdir-“müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir”. Həqiqətən bu belədir və tarix bunu sübut etdi”.

Deputat vurğulayıb ki, 1991-ci ildə Sovetlər İttifaqının dağılmasından sonra ittifaqa daxil olan 15 respublika öz müstəqilliyinə qovuşdu: “Müstəqil ölkələrdə mütləq lider olmalıdır ki, ölkənin gələcəyi möhkəmlənsin. Amma Azərbaycanda isə lider olmadığından ölkənin başına yenidən böyük faciələr gəldi. Ermənilər öz ərazilərini genişləndirməklə bağlı bəd niyyətlərini həyata keçirməyə başladı, ölkənin iqtisadiyyatı talan olundu, ölkədə vətəndaş müharibəsi baş qaldırmışdı və demək olar ki, Azərbaycan bölünərək müstəqil ölkə kimi dünya xəritəsindən silinmək təhlükəsi meydana gəlmişdi. Ölkənin belə bir ağır durumunda düşdüyü vəziyyətdən xilas edə biləcək yeganə şəxsiyyət Heydər Əliyev idi. Xalqın dəvəti və tələbini məmnuniyyətlə qəbul edərək bu ağır yükü öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı üstündə dalğalanan qara buludlardan qurtardı, bütün təhlükələrdən sovuşdurdu”.

Millət vəkili əlavə edib ki, məhz Heydər Əliyevin uzaqgörənliyi, dövlətçilik təcrübəsi, qətiyyətliliyi və siyasi iradəsi Azərbaycanın müstəqilliyini davamlı və əbədi etdi: “Qısa bir zamanda xaosa son qoyuldu, ölkədə vətəndaş həmrəyliyi yaratdı, dövlət idarəetmə sistemi formalaşdırdı, ölkənin gələcəyini müəyyənləşdirən iqtisadi əsaslar yaratdı və ən əsası da şəxsən özünün komandanlığı ilə 20-dən çox yaşayış məntəqəsini işğaldan azad edilərək ermənini müvəqqəti atəşkəsin imzalanmasına məcbur etdi. Bu gün də Azərbaycan Respublikası Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətlə inkişaf etdirilir. Azərbaycan dünyada xüsusi nüfuza malik, söz sahibi olan və hamının hesablaşdığı ölkəyə çevrilməsinin əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. 15 iyun Milli Qurtuluş Günü Azərbaycan durduqca həmişə qeyd olunacaq və bu gün hər bir azərbaycanlının yaddaşına qızıl hərflərlə həkk olunub”.

Əli