Minsk qrupu öz mahiyyətini itirib Siyasət

Minsk qrupu öz mahiyyətini itirib

Baş nazirin müavini: "Azərbaycan xalqı ATƏT-in Minsk qrupuna inanmır"

"ATƏT-in Minsk qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidir". Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.
"Minsk qrupu ölkələri son vaxtlar etimad sözünü ortaya atıblar. Ancaq bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy, gedib o etimadı ermənilərə öyrətsinlər, o şərti ermənilərin qarşısında qoysunlar", - deyə Əli Həsənov vurğulayıb.
ATƏT-in Minsk qrupunun öz mahiyyətini itirdiyini deyən Əli Həsənov Azərbaycan xalqının bu quruma inanmadığını qeyd edib: "Beynəlxalq təşkilatlar münaqişəni həll edə bilmirsə, çəkilsinlər kənara, iki qonşu dövlət öz arasında bu məsələni həll etsin". Əli Həsənovun sözlərinə görə, nə qədər Ermənistandakı rejim dəyişməyib, beynəlxalq təşkilatlar başa düşməlidir ki, danışıqlar nəticə verməyib, verməyəcək.
"Köçəryan, Sərkisyan bizim insanlarımızın qanı üstündə hakimiyyətə gəliblər. Onlar bu məsələnin həllinə gedər? Onlar bu məsələnin həllinə gedən kimi hakimiyyətlərinə son qoyulacaq. Bunu ATƏT-in həmsədr dövlətləri də gözəl bilir".
Əli Həsənov beynəlxalq təşkilatları Azərbaycanla oyun oynamağa son verməyə çağırıb: "Kifayətdir, bizimlə bu cür siyasi oyunlar oynadınız. Doğrudan da, ermənilər insan kimi yaşamaq, Azərbaycanın imkanlarından bəhrələnmək, azərbaycanlılarla qonşuluq etmək istəyirlərsə, o rejimdən azad olmalıdırlar. Əks halda, problemin həlli yoxdur. Mən dəfələrlə beynəlxalq təşkilatlara demişəm ki, "Problemi kimin törətdiyini yaxşı bilirsiniz. Siz bilirsiniz, məsələnin həllinə mane olan kimdir. Problemi həll etməyə gücünüz çatmırsa, gedin Ermənistan məsələsini həll edin. Ona gücünüz çatmırsa, erməni diasporundan qorxursunuzsa, onda çəkilin kənara, iki ölkəni, iki xalqı qoyun qarşı-qarşıya, heç bir insident olmayacaq. Yalandan deyirlər ki, qıracaqlar bir-birini. Heç nə olmayacaq, biz Allah tərəfindən qonşuluqda yaşamağa məhkum edilmişik. Torpağı götürüb aparmaq mümkün deyil. Yüz illərdir, qonşu kimi yaşamışıq, yenə yaşayacağıq".
Əli Həsənov qeyd edib ki, Sərkisyan erməni xalqını dilənçi kökünə salıb: "Bir müddət əvvəl Sərkisyanın Avropa Şurasına çıxışına görə biz də utandıq. Nə qədər olmasa, Cənubi Qafqazdanıq".
Əli Həsənov Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən azərbaycanlılar barədə də danışıb: "Deyilənə görə onlardan biri öldürülüb, ikisi isə onların əlindədir. O insanlara müxtəlif ləkələr yaxırlar. Gah diversant deyirlər, gah hansısa cinayət törətdiklərini bildirirlər. Deyilənə görə, Dilqəm və Şahbaz dəfələrlə ora gediblər, qohum-əqrəbalarının, valideynlərinin qəbrini ziyarət ediblər. Onlar öz doğma yerlərinə, vətənlərinə gediblər".
Əli Həsənov bildirib ki, Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlılar əsl vətənpərvər, qəhrəmandırlar: "Onları qətiyyən qınamaq olmaz. Biz gənclərimizi torpaqlarımızı azad etməyə hazırlayırıq. Onlar gənclərimizə nümunədirlər. Onlar Kəlbəcərə bir neçə dəfə gediblər. İstəsəydilər, elə o vaxt gedəndə hansısa hadisələr törədərdilər. Kəlbəcərdə 17 yaşlı bir oğlan ölüb. Cinayət işini aça bilmirlər, onların üstünə yıxırlar. Belə çıxır ki, açılmayan nə qədər cinayət varsa, yıxacaqlar həmin azərbaycanlıların üstünə..."
Əli Həsənov xatırladıb ki, Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var: "Hadisədən neçə gün keçib, nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki başlarına min oyun açırlar, işgəncələr verirlər, iynə vururlar, bədənlərinə min cür şey yeridirlər".
Baş nazirin müavini bildirib ki, girov götürülən azərbaycanlılar Ermənistan tərəfindən təzyiq və işgəncələrə məruz qalırlar: "Biz bilirik ki, onlara təzyiq göstərilir, işgəncələr verilir".
Əli Həsənov mətbuatı və girovların yaxınlarını təmkinli və diqqətli olmağa çağırıb. O, bildirib ki, bu məsələ ilk gündən Azərbaycan prezidentinin diqqətindədir, dövlət bu məsələ ilə məşğuldur.
O, Kəlbəcərdə girov götürülmüş azərbaycanlılardan birinin öldürülməsi ilə bağlı Azərbaycan hökumətinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə birgə bəyanat yayacağını da qeyd edib.
Əli Həsənov bildirib ki, BQXK-ya edilən ciddi xəbərdarlıqdan sonra təşkilat əməli fəaliyyətə keçib: "Artıq onlar da bundan nəticə çıxarıblar. Bu gün yayılacaq bəyanat da həmin fəaliyyətin nəticəsi kimi dəyərləndirilə bilər".